Menu
Geri İrəli

Sumqayıt şirkəti niyə vurulur?

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyul 2010 • Baxış sayı: 336 dəfə • Şərh yoxdur

İİN dondurma istehsalçılarına qarşı nə üçün “səlib yürüşü” elan edib?

lLqGz3hvÖlkənin dondurma bazarında əsasən üç şirkətin istehsal etdiyi dondurmalar dominantdır: “AER”, “Millenium” və “Camal LTD” şirkətlərdən biri.

Sumqayıt şirkəti kimi tanınan AER-in son illər bazarda xüsusi üstünlük əldə etdiyi danılmazdır. Nisbətən yüksək standartları ilə rəqiblərini sıxışdırmağa nail olmuş bu şirkət hətta birinciliyə belə yüksələ bilmişdi. Ancaq görünən odur ki, dondurma istehsalçıları üçün builki qızmar yay əsl qış soyuğu effekti verdi. Belə ki, İqtisadi İnkişaf Nazirliyi mövsüm başlayar-başlamaz dondurma istehsalçısı olan şirkətlərə qarşı əsl “səlib yürüşü”nə başladı. Bu Kampaniyanın mahiyyəti barədə az sonra. Hələliksə deyək ki, dondurma istehsalçılarından ilk olaraq “Camal LTD” hədəfə alındı. Təxminən iki həftə öncə bu şirkətin istehsalı olan “İceland” əmtəə nişanlı dondurmalarda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan müayinələr nəticəsində müxtəlif keyfiyyət problemlərinin olduğu açıqlandı.

Təxminən 10 gün öncə isə sıra “AER”ə çatdı. İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şirkətdə apardığı yoxlamalardan sonra “AER” dondurmalarının satışına qadağa qoyuldu. Hər halda, mətbuata çıxan ilkin məlumat bu formada idi. Hansı ki, müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı qərarı yalnız məhkəmə verə bilər və faktiki olaraq da “AER” dondurmaların satışı dayandırılmayıb.

Verilmiş qərarla razılaşmayan “AER” şirkəti müvafiq dövlət xidmətini məhkəməyə verib. Beləliklə, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi iş üzrə qərar çıxaranadək şirkətin dondurmaları ilə bağlı tərtib edilmiş akt və protokol icra edilə bilməz. Dərhal xatırladaq ki, İİN-nin yaydığı məlumata görə, yoxlama zamanı müəssisədə istehsal edilən 30 adda dondurmanın üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, istehsal olunan dondurmaların uyğunluq     sertifikatının olmadığı, dondurmaların qablaşdırılmasında istifadə edilən vaflilərin yararlıq müddətinin göstərilmədiyi aşkar edilmişdi.

Sadalanan nöqsanlara görə, müəssisənin anbarında olan 19,3 ton hazır məhsulun satışı dayandırılmış və bu məhsulların ticarət şəbəkəsindən yığışdırılması barədə firmaya göstəriş verilmişdi.

“AER” isə ittihamları və sanksiyaları dadlı dondurma kimi rahatca həzm etmək fikrində deyil. Elə məhkləmə iddiasının qaldırılması da bundan xəbər verir. Şirkətdə hesab edirlər ki, onlara qarşı bu cür antireklam aparılması ədalətsiz və qanuna ziddir. Şirkətdən “168 saat”a bildirilib ki, bu məhsulların hamısına Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq sertifikatı verilib. Üstəlik, adıçəkilən  komitənin və Sanitar-Epidemioloji Mərkəzin laboratoriyalarında aparılmış gigiyenik, bakterioloji analizlər şirkətin məhsullarının standartlara tam uyğun olduğunu üzə çıxarıb və nəticələrlə bağlı müvafiq rəy də verilib.

“AER” rəsmiləri bildirir ki, fəaliyyət  göstərdikləri 12 il ərzində qanunvericiliyin tələblərinə tam riayət ediblər. “AER”in məhsulları kimi tanınan 30 dondurma adına gəlincə, şirkət diqqətə çatdırır ki, onlardan 18-ni “AER” firması istehsal etmir. Həmin adlar sadəcə onlar tərfindən patentləşdirilir.

“Məhsullarımızın yararlılıq müddəti ilə bağlı iradlara gəlincə bəyan edirik ki, bunu Azərbaycanda dondurma istehsalı üzrə standart olan AZS 228-2006-nın 7.3 bəndinə istinad edərək müəyyən edirik. Sənəddə göstərilir ki, məhsulun saxlanma müddətini istehsalçı texnoloji prosesə uyğun olaraq özü müəyyən edir. Fəaliyyət göstərdiyimiz 12 il ərzində qanunvericiliyin tələblərinə tam riayət etmişik. Bu müddətdə nə dövlət qurumları, nə də istehlakçılarla heç bir problemimiz yaşanmayıb. Dondurmaların yararlıq müddəti Sovet dövründə də, indinin özündə də qonşu Rusiya, Ukrayna və Türkiyədə yuxarıda göstərilən qaydada müəyyən olunur. Yəni bu, saxlama rejimindən və temperaturdan asılı olaraq 6 ay, 8 ay, 1 il və hətta 2 ildir”, – deyə şirkətdən bildirilir.

Yaranmış vəziyyətlə bağlı “AER” Azad İstehlakçılar Birliyinə (AİB) də müraciət edib. Şirkət məsələyə aydınlıq gətirmək üçün AİB-ə müstəqil araşdırma aparmağı təklif edib. Birliyin sədri Eyyub Hüseynov: “Göründüyü kimi, iki qurum bu dondurmalara müsbət rəy və uyğunluq sertifikatı verib. Araşdırmamız müsbət sonluqla bitsə, biz bu məhsulların lobbiçiliyini edəcəyik, əgər nəticə pis olsa, o zaman bu dondurmaların bazardan çıxarılmasına çalışacağıq”.

E.Hüseynov bildirir ki, bəzən hansısa inhisarçı qurum bazara yeni məhsul çıxarmaq istəyəndə digərlərini bu cür vasitələrlə sıxışdırır. “AER” şirkətinin eyni aqibətlə üzləşdiyini istisna etməyən qurum sədri Azərbaycan bazarında belə hallara çox rast gəlindiyini bildirir.

Nəhayət, AİB sədrinin fikrini davam etdirərək qeyd edək ki, dondurma istehsalçılarına qarşı bu cür ciddi yoxlama kampaniyalarına başlanılması, sonucda isə onların “vurulması” son illər Azərbaycan bazarının ən müxtəlif sahələrinə böyük yatırımlar edən iş adamı Mübariz Mənsimovun yeni biznes layihəsi ilə əlaqələndirilir. “Palmalı”nın lənkəranlı sahibinin Azərbaycanda iri dondurma zavodu tikdirdiyi və ən qısa zamanda onun süd məhsullarında olduğu kimi bu sahədə də maqnata çevriləcəyi gözlənilir. Böyük kapitala sahib olan M.Mənsimovun ilk addımının isə məhz potensial rəqiblərini bəribaşdan sıradan çıxarmaq olduğu istisna edilmir.

Vüsal Məmmədov, 168saat

Facebook Şərhləndirmə:

Şərhinizi yazın