Menu
Geri İrəli

Sumqayıtda fəhlələr sex rəisləri və briqadirlərin əlindən cana doyub

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Avqust 2013 • Baxış sayı: 370 dəfə • 1 şərh

Bir neçə il bundan öncə Sumqayıt Şəhər yaxınlığında istifadəyə verilən və təxminən 3 mindən çox insanın çalışdığı Sumqayıt Texnologiyalar Parkında (STP) çalışan fəhlələr və işçilər yerli rəhbərlikdən və işə nəzarət edən briqadirlərin əlindən boğaza yığılıblar. Bu barədə FaktXeber.com-a sözügedən müəssisədə işləyən fəhlələr məlumat verib. Məlumatda qeyd edilir ki, ən ağır şərtlər altında 350-400 manatdan artıq əmək haqqı ala bilmirlər: “Harada ağır iş varsa, adamı və qohumu olmayan işçilərə gördürürlər. Briqadirlər yerdə qalan yüngül və zəhməti az olan işləri isə öz qohumlarına və yaxın adamlarına həvalə edirlər. Etiraz etdikdə isə, “xoşuna gəlmirsə ərizəni yazıb işdən çıxa bilərsən”, – deyə cavab verirlər. Artıq bezmişik. Bığla saqqal arasında qalmışıq. İşdən çıxa bilmirik ki, ailələrimiz ac qalacaq. Əks halda da isə qeyri-insani formada işləmək məcburiyyətində qalırıq.”

İşçilər onu da bildiriblər ki, bir neçə ildir müəssisədə fəaliyyət göstərmələrinə baxmayaraq qərəzli şəkildə əmək haqları artırılmır: “ Halbuki maaşlarımızın artırılması bizim qanuni haqqımızdır. Hazırda zavodlarda vakansiya yoxdur. Lakin kimin tanışı və pulu varsa onu dərhal işə götürürlər Ümumiyyətlə rüşvətsiz və tanışsız kiminsə işə götürülməsi mümkün deyil.”

Qeyd edək ki, STP-də elektroenergetika sənayesi üçün məhsullar hazırlanır, zavodlar, sexlər və istehsal xətləri yaradılır. Texnoparkın birinci mərhələsi çərçivəsində müəssisələrin tikinti-quraşdırma işlərində 2300 nəfərdən çox işçi çalışıb. Müəssisə tam işə düşdükdən sonra burada 3 min nəfər, o cümlədən yüksək ixtisaslı mühəndislər daimi işlə təmin ediləcək.

Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.
Xəyal Şükür, faktxeber.com

Facebook Şərhləndirmə:

“Sumqayıtda fəhlələr sex rəisləri və briqadirlərin əlindən cana doyub” yazısına bir cavab

  1. natiq deyir:

    men de bu muessede isleyirem.yazilanlarla tam raziyam.hele cox sey yazilmayib.veziyyet cox agirdi

Şərhinizi yazın