Menu
Geri İrəli

Sumqayıtda insan orqanizmi üçün təhlükəli olan məhsullar məhv edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2013 • Baxış sayı: 227 dəfə • Şərh yoxdur

Sumqayıt şəhəri yaxınlığında, xüsusi ayrılmış sahədə, müxtəlif vaxtlarda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərkən gömrük orqanları tərəfindən saxlanılmış və istifadə üçün yararsız məhsullar yandırılaraq məhv edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunlardan ümumi miqdarı 37329 qutu olan müxtəlif adda tütün məmulatı Xaçmaz, Astara, Tovuz gömrük idarələri, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Bakı Baş Gömrük İdarəsi, Dövlət Gömrük Komitəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən tutulub və müvafiq qaydada müsadirə edilib. Öz növbəsində, Səhiyyə Nazirliyi Respublika Gigiena və Epidemiologiya Mərkəzinin rəyinə əsasən həmin məhsullar istifadəyə yararsız hesab edildiyi üçün zərərsizləşdirilib.

Belə məhsullar sırasında müxtəlif adda 1245 ədəd pivə, 1059 ədəd şərab, eyni zamanda, kustar üsulla hazırlanmış 1261 litr şərab və 160 litr araq Tovuz və Balakən Gömrük İdarələri tərəfindən saxlanılıb və müvafiq qaydada müsadirə edilib. Bu məhsullar isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən istifadəyə yararsız hesab edildiyindən zərərsizləşdirilib.

Bundan başqa, 1140 ədəd sərinləşdirici və 464 ədəd enirji içkisi, 159 ədəd müxtəlif adda şirələr, 65 litr limonad siropu ,həmçinin 528 ədəd süd Tovuz Gömrük İdarəsi tərəfindən saxlanılıb və müvafiq qaydada müsadirə edilib. Həmin məhsullar da Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən istifadə müddəti bitdiyi üçün yararsız hesab edilib və zərərsizləşdirilib.

409 ədəd, 135 flakon və 550 konvalyut dərman preparatları isə Xaçmaz , Biləsuvar və Tovuz gömrük idarələri tərəfindən tutulmuş və müvafiq qaydada müsadirə edilib. Həmin dərman preparatları da Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən istifadəyə yararsız hesab edildiyindən zərərsizləşdirilib.

DGK-nın Əməliyyat İdarəsi, Tovuz , Xaçmaz gömrük idarələri və Bakı Baş Gömrük İdarəsi tərəfindən saxlanılmış və müvafiq qaydada müsadirə edilmiş 1382 qutu və 44664 ədəd protexniki vasitə isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, yanğın təhlükəsizliyi cəhətdən 1-ci sinifə aid olması, həmçinin daşınması, saxlanılması və istifadəsi zamanı insan sağlamlığına xəsarət yetirə biləcək yanğın və partlayış təhlükəli olduğu nəzərə alınaraq məhv edilməsi məqsədəmüvafiq hesab edilib.

Bakı Baş Gömrük İdarəsi tərəfindən saxlanılmış və müvafiq qaydada müsadirə edilmiş üzərində “Azərbaycan Respublikası Alkaqollu içkilər Daxili istehsal” yazılı 473994 ədəd aksiz markalar isə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin qərarına əsasən, mövcud qanunvericiliyə uyğun olaraq aksiz markalar Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən dövriyyəyə buraxıldığından məhv edilməsi məqsədəuyğun hesab edilib.

Xaçmaz gömrük İdarəsi tərəfindən saxlanılmış və müvafiq qaydada müsadirə edilmiş 5415 ədəd “Playstation 2″ və “PC” DVD disklər Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən istifadəyə yararsız hesab edildiyindən zərərsizləşdirilib.

Həmçinin Tovuz Gömrük İdarəsi tərəfindən saxlanılmış və müvafiq qaydada müsadirə edilmiş müxtəlif adda 10625 kq yağlar Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasan istifadə müddəti bitdiyi üçün yararsız hesab edildiyindən onların da məhv edilməsinə qərar verilib.

Qeyd edək ki, sözügedən bütün məhsullar Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyində fəaliyyət göstərən məhvetmə komissiyası və Komitənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə zərərsizləşdirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın