Menu
Geri İrəli

Sumqayıtda kitabxanalar bağlanır?

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2013 • Baxış sayı: 333 dəfə • Şərh yoxdur

Kitabxanaçıların ixtisarı gözlənilirmi?

 

Bir neçə gün öncə şəhərimizdə yerləşən kitabxanaların ləğv olunması barədə informasiya yayıldı. Məlumatda bildirilirdi ki, şəhərdə yerləşən 20 kitabxananın bağlanması barədə tövsiyə Maliyyə Nazirliyindən daxil olub. Nazirlikdən şəhər Mədəniyyət İdarəsinə daxil olan məktubda qeyd edilib ki, kitabxanaların oxucularının azlığı, artıq elektron-virtual xidmətin genişlənməsi əsas götürülərək yalnız Mərkəzi Kitabxananın saxlanması məqsədəuyğundur. Nazirlik tövsiyəsində dövlət başçısının kitabxanaların işinin təkmilləşdirilməsi barədə sərəncamına əsaslanıb. Lakin Mədəniyyət və Turizm Nazirliyindən bu qədər kəskin ixtisarların məqsədəmüvafiq olmadığı bildirilib. Beləliklə, razılığa gəlinib ki, şəhərdəki kitabxanaların hamısı ümumiyyətlə ləğv olunmaq yox, sayı azaldılmaqla ixtisar edilmiş olsun. Nazirlikdəki mənbələrdən “168 saat”a daxil olan məlumata görə, şəhərdəki 20 kitabxananın 9-nun digərlərinə birləşdirilməsi və 11 kitabxananın saxlanması barədə qərar qəbul edilib. Sonuncu fakt Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən də təsdiqlənib.

Sumqayıt şəhər Mərkəzi Kitabxana Sisteminin direktoru Yeganə Əhmədli isə məsələ ilə bağlı qəzetimizə bunları deyib:

- Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 17/2588-11 nömrəli, 25.06.2010 – cu il tarixli razılıq dərkənarına əsasən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın 2.1.5 bəndinin icrası ilə əlaqədar respublikamizın hər bölgəsində olduğu kimi Sumqayıt şəhərində də kitabxana filiallarının birləşdirilməsi prosesi həyata keçirilir. Belə ki, 2011-ci ildə oxucusu az, bina şəraiti qeyri qənaətbəxş olan 15 və 18 saylı kitabxana filialları, 2012-ci ildə isə 1, 3, 7, 8, 10, 13,16 saylı kitabxana filialları Mərkəzləşdirilmiş Kitabxana Sisteminin digər filiallarına birləşdirilmişdir. Birləşdirilmiş kitabxana ştatlarının hesabına  S. Vurğun adına  Mərkəzi  kitabxanada üç yeni şöbə – uşaq şöbəsi, incəsənət şöbəsi və dövrü mətbuat  şöbəsi yaradılmışdır. Habelə, sözügedən  Dövlət Proqramına əsasən Səməd Vurğun adına  Mərkəzi  kitabxanada və Mərkəzi uşaq kitabxanasında Avtomatlaşdırılmış Kitabxana-İnformasiya İdarəetmə Sistemi tətbiq olunmuş, Elektron kataloq, Elektron kitabxana və kitabxanaların veb-saytları yaradılmışdır. Bununla əlaqədar sərbəstləşən ştat vahidləri əsasında Mərkəzi kitabxanada daha iki şöbə- Kitabxana-biblioqrafiya  proseslərinin  avtomatlaşdırılması   şöbəsi  və İnformasiya-resurs  şöbəsi  yaradılmışdır.

 

Direktorun bildirdiyinə görə, filialların birləşdirilməsi zamanı kitabxanaçı ştatlarının ixtisarına yol verilməmiş, yalnız normativə uyğun olaraq iki ştat texniki işçinin – xadimənin əmək müqaviləsinə xitam verilmişdir.

Açıqlamada deyilir ki, hazırda oxuculara Səməd Vurğun adına  Mərkəzi  kitabxananın 9 şöbəsi  və on kitabxana filialı xidmət göstərir.

168saat” qəzeti

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın