Menu
Geri İrəli

Sumqayıtda SSRİ DTK-sı özünü ələ vermək istəmədi – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2013 • Baxış sayı: 392 dəfə • Şərh yoxdur
Share Button

Vaqif Ağazadə

İstefada olan polkovnik

Azərbaycan xalqının tarixində baş vermiş ən faciəvi dövrdən 25 il keçir.

1987-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının bir sıra rayonlarında antiAzərbaycan çıxışları başladı. Məsələn, azərbaycanlılar işdən qovuldular, müalicə müəssisələrində həkimlər onları müayinə etməkdən imtina etdilər. Yaxud azərbaycanlı uşaqların oxuduğu məktəblərin qarşısında mitinqlər səngimir, onları bazara buraxmır, azərbaycanlılar çörəkpulu qazanmaq imkanlarından məhrum edilir, hər küncdə “türkləri” “ermənilərin tarixi torpaqlarından” qovmağa çağıran vərəqələr peyda olmağa başlayırdı. Azərbaycanlıların yaşadığı evlər yandırılır, onlar günün günorta çağı döyülürdülər. 1988-ci ilin fevral ayından başlayaraq Dağlıq Qarabağın hər tərəfində vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi tələbi ilə fasiləsiz mitinqlər başladı. Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sessiyası SSRİ Ali Soveti qarşısında bölgənin Ermənistana birləşdirilməsi barədə vəsatət qaldırdı (DQMV 1923-cü il iyulun 7-də yaradılmışdı və ermənilərin çoxluq təşkil etdiyi Stepanakert şəhəri (paytaxt), Mardakert, Əsgəran, Martuni, Hadrut rayonları və azərbaycanlıların çoxluq təşkil etdiyi Şuşa şəhərindən ibarət idi. 1991-ci il sentyabrın 2-də DQMV və Şaumyan rayon xalq deputatları sovetləri birgə sessiya keçirərək “Dağlıq Qarabağ respublikası” adlı saxta qurum yaradır – red.)

Əsgəranda ermənilər ilk qanı tökdülər. Bu hadisələrin ardınca Sumqayıtda təxribat nəticəsində kütləvi özbaşınalıqlar, talanlar, dinc sakinlərin öldürülməsi halları baş verdi.

Bu günlərdə Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana sui-qəsdlə bağlı xəbərlər dünyanın informasiya agentliklərində yayımlandı. Zərərçəkən jurnalistlərin suallarına cavabda bildirmişdi ki, sui-qəsdi Rusiyanın sabiq Dövlət Təhlükəsizlik Komitəsi (DTK), indiki xüsusi xidmət orqanları təşkil edib: “…Bu, Sumqayıtda qətliam təşkil edən həmin qüvvələrdir…”.

Oxucunun diqqətini Paruyr Ayrikyanın bir zaman nəhəng qüvvə olan DTK-ya qarşı ittihamlarına çəkmək istəyirəm. Nə qədər qəribə olsa da, düşmən dövlətin siyasətçisinin bu sözləri mənim fikirlərimə uyğun gəlir. SSRİ DTK-sının keçmiş zabiti,1988-ci ilin fevralında Sumqayıtda baş verən hadiəsləri araşdıran əməliyyat-istintaq qrupunun üzvü kimi təsdiq edirəm ki, Paruyr Ayrikyan tam haqlıdır!

Sumqaytdakı kütləvi özbaşınalıqlar, eləcə də bütünlüklə Qarabağ avantürası Moskvada planlaşdırılıb və həyata keçirilib. Bununla yanaşı, erməni millətçilərinin çoxəsrlik xülyalarından məharətlə sui-istifadə olundu və əlbəttə, bu zaman onlar Kremlı strateqlərinin uzaqgörən planlarından detallı şəkildə xəbərdar edilmədilər. Həmçinin Mərkəzdə Azərbaycanla bağlı yaxınlaşmaqda olan faciəli informasiyaların heç birinə məhəl qoyulmadı.

Öz mövqeyimi izah edim: Sumqayıtdakı hadisələr Dağlıq Qarabağda baş verən hadisələrin davamıdır. Onlar DTK, SSRİ-nin siyasi rəhbərliyi üçün gözlənilməz idimi? Dərhal cavab verirəm: “Əsla!”.

Stepanakertdəki (Xankəndi – red.) hadisələrin başlamasına xeyli qalmış Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin Muxtar Vilayət idarəsində, muxtar vilayətin qonşu rayon şöbələrində erməni millətçilərinin fəallaşması barədə həyəcanlı xəbərlər daxil olurdu.

Vilayətdə vəziyyətin gərginləşməsi ilə bağlı hazırlanmış planlar, ənənəyə görə, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə, eləcə də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə göndərilirdi. Amma heç bir reaksiya yox idi.

O dövrdə Azərbaycan SSR-in DTK-sından başqa, respublika ərazisində SSRİ DTK-sının çoxsaylı xüsusi idarələri də fəaliyyət göstərirdi. Eyni zamanda Azərbaycanda SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi fəal işləyirdi. Onların hamısı respublikadakı siyasi və operativ vəziyyətin nəbzini duyur, həssaslığı hiss edir və bütün informasiyaları Moskvaya ötürürdülər.

Həmin vaxtlar demək olar ki, bütün ölkələrdə SSRİ-nin kəşfiyyat rezidenturaları fəaliyyət göstərirdi. Dünya ölkələrinin əksəriyyətində yaşayan ermənilərin müxtəlif kəşfiyyatlarla fəal əməkdaşlıq etdiklərini nəzərə alsaq, anlamaq çətin deyil ki, DQMV-də, Ermənistandakı ermənilərin arasında, xaricdəki erməni diasporunun içərisində gedən proseslər kəşfiyyat bölmələrinə də məlum idi.

Beləliklə, yaxınlaşmaqda olan Qarabağ təhlükəsi Moskvada heç cür hiss olunmaya bilməzdi.

Sumqayıtdakı hadisələr fevralın 27-də şəhərin baş meydanındakı qısamüddətli mitinqdən, küçələrdəki azsaylı adamların iştirak etdiyi nümayişdən sonra başladı. Həmin gün bir neçə mağazanın vitrini sındırıldı. Fevralın 28 və 29-da talanlar və qətllərlə müşayiət olunan kütləvi özbaşınalıqlar başladı. Bu iki gün ərzində 31 sakin – 26 erməni və 6 azərbaycanlı öldürüldü. Bu hadisələrin üzərində müfəssəl dayanmayacağam. Bu barədə yetərincə yazılıb. Yalnız SSRİ DTK-sının mərkəzi aparatı əməkdaşlarının araşdırmadakı iştirakından danışacağam. Daha doğrusu, niyə başlanğıcda talanların qarşısının alınmamasından, niyə təşkilatçıların müəyyən olunmamasından söz açacağam.

Fevralın 28-də “Nasosnu” qanizonunun hərbi bölmələri və Bakıdakı hərbi məktəblərin kursantları ictimai asayişin bərpasına cəlb olundu. Bu qüvvələr müəyyən mənada talançıların hücumlarının qarşısını almağa kömək etdi. Talanlar daha sərt xarakter alanda isə, yuxarının göstərişi ilə qoşunlar gözlənilmədən şəhəri tərk etməyə başladılar. SSRİ-nin başqa regionlarından gətirilən Daxili İşlər Nazirliyinin daxili qoşun bölmələri fiziki mənada asayişi qorumağa başlamaq üçün imkan tapa bilmirdilər. Onların yerləşdirilməsi, yüklərin və xüsusi texnikanın boşaldılması, şəhərdəki vəziyyətlə tanışlıq, şəhərin müvafiq planlarının alınması, qoşunların yerləşmə yerlərinin təyin olunması vaxt tələb edirdi. Hətta ən maksimal operativlik şəraitində belə bunun üçün minimum bir neçə saat lazım idi.

Qəribə deyilmi? Müdafiə Nazirliyinin qoşunları Sumqayıtdakı hadisələrdən əvvəl və sonra tez bir zamanda dinc nümayişlərinin dağıdılmasına cəlb olunurdu. Novoçerkask, Alma-Ata, Bakı, Tbilisi, Vilnüsü xatırlamaq olar. Eyni zamanda bu məqsəd üçün tətbiq olunacaq vasitələrlə bağlı da uzun-uzun düşünmürdülər. Ağır texnikadan da, güllələrdən, minaxtaran bellərdən də istifadə olunurdu. Nümayişçilərin ölümü SSRİ-nin o zamankı rəhbərliyini o qədər də narahat etmirdi. Nə üçünsə onlar öz vətəndaşlarını azğın kütlədən müdafiə etməyi lazım bilmədilər.

Buradaca sual yaranır: nə üçün Sumqayıt Baş Polis İdarəsi, respublika DİN-inin bölmələri fəaliyyətsiz qalmışdılar? Onların silahları, hətta polis dəyənəkləri də əlindən alınmışdı. Respublika paytaxtını da boş qoymaq olmazdı. Bakıda kütləvi iğtişaşların yaranma təhlükəsi istisna deyildi. Sumqayıt milisionerləri yerli sakinləri öz imkanları daxilində müxtəlif yollarla xilas etməyə çalışırdılar. Bəzən buna nail olurdular, amma imkanlar çox məhdud idi.

SSRİ DTK sədrinin o zamankı müavini general-polkovnik Filip Filipoviç Bobkov fevralın 29-da rəhbərlik etdiyi 5-ci idarənin zabitləri ilə Sumqayıta gəldi. İkinci gün idi ki, şəhərdə kütləvi iğtişaşlar, talanlar, qətllər davam edirdi. O, dərhal DTK şəhər idarəsinin binasında iclas keçirdi. Orada ona şəhərdəki son vəziyyət barədə məruzə etdilər. Münaqişənin lokallaşdırılması, iğtişaşların təşkilatçılarının və iştirakçıların müəyyənləşdirilməsi ilə bağlı təkliflər dinlənildi. İclasda mən də çıxış etdim. Qeyd etdim ki, körpə yaşlarından Sumqayıtda yaşayan bir adam kimi şəhərin yerli sakinlərini “gəlmələr”dən ayırmaq çətin deyil. Çıxışımda azərbaycanlıların Ermənistanda və Qarabağda sıxışdırılmasına son qoyulması tələbilə şəhər meydanında keçirilən mitinqdəki iştirakçılar arasında sumqayıtlılara oxşamayan çoxlu sayda adam olduğunu vurğuladım. Məsələn, dağ adamları üçün səciyyəvi olan gündən qaralma sifətlər xüsusilə seçilirdi. Mənim dostlarım Ermənistanın Qafan rayonuna istirahətdən qayıdanda onların üzlərinin rəngi məhz belə olurdu. Bu “qaralmış” uşaq və qadınlar mitinqdə özlərini daha aqressiv aparırdılar, bir yerdə dayanırmırdılar. Məhz onlar aksiyanın ən qızğın çağında avtovağzala tərəf hərəkət etməyə başladılar, talanlar da oradan başladı. Belə bir rəy söylədim ki, Sumqayıt hadisələrinin təşkilatçılarını Ermənistanda, xüsusən də, Qafan rayonunda axtarmaq lazımdır. F.Bobkov mənim çıxışıma heç bir münasibət bildirmədi.

Martın 1-də şəhərdə asayiş bərpa olundu. İğtişaşların iştirakçılarının, ilk növbədə qatil və zorakılıq edən şəxslərin müəyyən olunması prosesi başladı. Bu istiqamətdə işə SSRİ DTK-sının 5-ci idarəsinin bölmə rəisi polkovnik Vladimir Popov rəhbərlik edirdi. Elə bu zaman Sumqayıta doğru bu idarədən onlarla zabit Sumqayıta tərəf hərəkət edirdi. Onların bir hissəsi birbaşa Stepanakertdən gəlirdi. Həmin vaxt DQ mərkəzində “Miatsum” şüarları altında fasiləsiz mitinqlər keçirildiyindən, vilayətdə və ətraf rayonlarda azərbaycanlı və ermənilər arasında gərgin vəziyyət səbəbindən zabitlər orada idilər.

Zabitlərdən Aleksey adlı podpolkovnikin dediyi sözlər məni çox sarsıtmışdı: “Afərin ağdamlı uşaqlara! “Qaz-69” maşınında dəzgahlı pulemyot quraşdırıblar, ermənilərin atasını yandıracaqlar!”. Qəribə deyilmi? Vətəndaşda qeydiyyata alınmamış ov tüfənginin olması barədə məlumat hüquq-mühafizə orqanları üçün həyəcan siqnalı sayılırdı. Burada isə dəzgahlı pulemyotdan danışılırdı. Bu yalan xəbər nə üçün yerli orqan zabitlərinin nəzərinə çatdırılmışdı? Görünür, yerli zabitlərdə belə bir rəy yaratmağa çalışılırdı ki, Moskva azərbaycanlıların qanunu qəzəbinə həmrəydir və şəhərdə baş verənlərin qarşısını alarkən xüsusi səy göstərmək də lazım deyil.

Polkovnik Popovla birgə respublika DTK-sının zabitləri  əməliyyat-axtarış qruplarına bölündülər. Kütləvi iğtişaşların yerli təşkilatçılarının müəyyən olunması vəzifəsi SSRİ DTK-sının üzərinə qoyuldu. Sumqayıt şəhər idərsinin zabitləri onların köməkçiləri seçildi. Qeyd edim ki, onlar azərbaycanlı deyildilər və aralarında erməni – leytenant Sergey Ohanesyan da vardı.

Bizim təəccübümüzə rəğmən, şübhəli şəxslər sırasına siyasətdən uzaq adamlar, Sumqayıtın o zamankı varlı adamları da düşmüşdü. İğtişaş təşkilatçılarını bu kateqoriyadan olan şəxslər arasında axtarmaq mənasız işdir – bunu anlamaq üçün hüquq təhsilinə və ya hüquq-mühafizə orqanlarında çalışmağa ehtiyac yoxdur. Şəhərdə kütləvi iğtişaş onlara heç sərf eləmir, əksinə, ziyan edir. Obyektlərin seçilməsində bircə məqsəd vardı — izi əsl təşkilatçılardan yayındırmaq.

Aslan İsmayılov “Sumqayıt – SSRİ-nin dağılmasının başlanğıcı” kitabında Eduard Qriqoryan və onun dəstəsi ilə bağlı cinayət işinin materiallarını, istintaqın müəyyən etdiyi konkret faktlar əsasında talanların təşkili mexanizmini açıb. İstintaq E.Qriqoryanın qara plaşdakı “müəmmalı”  adamlarla görüşləri və onda talana məruz qalan mənzillərin siyahısının olduğu barədə məlumatlar əldə edib. Məhz Qriqoryan özü ilk dəfə mənzillərə soxulub və ev sahiblərinə ilk xəsarəti özü yetirib. Qadınları birinci özü zorlayıb və sonra “ortaqlarını” buna vadar edib. Əgər baş vermiş cinayətləri xronoloji ardıcıllıq üzrə təhlil etsək, müəyyən etmək çətin deyil ki, mənzillərə ilk basqını edən, ilk qanı axıdan Qriqoryanın dəstəsi olub.

Bir sözlə, istintaqın müəyyən etdiyi faktlar, müttəhim, şahid, zərərçəkən ifadələri birbaşa göstərir ki, Qriqoryan vasitəsilə Sumqayıt hadisələrinin təşkilatçılarına çıxmaq olardı. Bunu etmədilər. Yeri gəlmişkən, qara dəri plaşdakı iki “müəmmalı şəxslə” bağlı məlumat digər cinayət epizodları ilə bağlı DTK-nın operativ materiallarında da əskini tapır.

SSRİ DTK-sında talanların təşkilinə Ermənistandan qovulan azərbaycanlıların iştirakını araşdırmağa ehtiyac görməyiblər. Axı bütün cinayət işlərilə bağlı materiallarda müttəhimlər bildiriblər ki, törətdikləri cinayət Ermənistanda və Qarabağda azərbaycanlıların vəhşicəsinə öldürülməsindən doğan emosional hiddətin nəticəsidir. Avtovağzal bölgəsində onları buna Ermənistandan gələn qaçqın kütləsi əmin edib, onlar bildiriblər ki, ermənilər tərəfindən yırtıcı zorakılığa məruz qalıblar. Xatırlatmaq istəyirəm ki, şəhər meydanında emosional, amma dinc mitinq zamanı “gündən qaralmış” bir qrup gənc aksiyanı tərk edib və avtovağzala doğru yürüyüb.

Talanlarla bağlı tükürpədici kadrlar səhərisi gün dünyanın aparıcı informasiya agentliklərinə necə yol tapdı? O zaman nəinki Sumqayıtda, hətta Bakıda bir nəfər əcnəbi müxbir fəaliyyət göstərmirdi. Onlar çəkiliş üçün belə əlverişli mövqeyi necə seçə bilərdilər?

Bugünkü ünsiyyət vasitələri olmadan operatorlar çəkilmiş kadrları necə, hansı yolla mərkəzi ofislərinə çatdıra biliblər?  Bu suallara hələ də  cavab tapılmayıb. SSRİ DTK-sının Moskva briqadası bu faktları araşdırmağa ehtiyac duymadı. Bunun öz izahı var. O dövrdə mərkəzin iştirakı olmadan əyalətlərdə çəkiliş təşkil etmək, demək olar mümkün deyildi. Moskvanın Mərkəzi Televiziyasında çalışan yaşlı nəsil televiziya işçiləri bunu bir daha təsdiq edə bilər.

Əslən Dağıstandan olan, SSRİ DTK-da islam radikalizminə qarşı istiqamətə nəzarət edən Sabir Məmmədov Sumqayıt hadisələrində dini izlər axtarıb. Bir neçə gün sonra ona aydın olub ki, şəhərdə dini ekstremizm amili qəti mövcud deyil. Bununla belə, onu 3 ay ezamiyyətdə saxlayıblar. O, bir neçə dəfə Şeyx Allahşükür Paşazadə ilə görüşüb. Onu talançıları lənətləyən fətva imzalamağa çağırıb. Amma xoşbəxtlikdən, Şeyx buna razılaşmayıb. Fətvanın verilməsi dolayısı ilə Azərbaycan xalqının Sumqayıt hadisələrində iştirakına görə məsuliyyət daşıdığını bildirmək demək olardı.

Sumqayıta ezam olunan SSRİ DİN əməkdaşlarının fəаl və səmərəli işi fonunda bizim orqandan ezam olunanların həvəssiz işləmələri gözə çarpırdı. Belə bir təəssürat yaranırdı ki, moskvalılar Sumqayıtda, sadəcə, vaxt öldürürlər. Əgər ilk günlər onlar Azərbaycan əks-kəşfiyyaçıları ilə fəal işləyirdilərsə, sonradan bizi sanki daş hasar ayırmağa başladı. Qrupun rəhbəri V.Popov Moskvaya səfər edib qayıtdıqdan sonra bizə, respublikanın DTK-sına xoşagəlməz münasibətini gizləmirdi. Bizim dəlillərimiz, aldığımız operativ məlumatlar qulaqardına vurulurdu. Respublika DTK-sının o zamankı sədri, general-leytenant Z.Yusifzadənin, onun operativ işlər üzrə müavini polkovnik N.Abbasovun iğtişaşların təşkilatçılarının obyektiv axtarışına təsir göstərmək cəhdləri uğursuzluqla nəticələndi. Operativ-əməliyyat qrupu ilə respublika DTK-sının rəhbərliyi arasında aşılmaz sipər yarandı. Bir müddət sonra Z.Yusifzadə işdən çıxarıldı, N.Abbasov isə xidmət keçmək üçün Murmanska sürgün edildi.

Yuxarıda deyilənlər və müəyyən səbəblərdən deyilməyənlər belə qənaətə gəlməyə əsas verir ki, Qarabağ və Sumqayıtda hadisələr, ən azı Moskvadakı Mərkəzi hakimiyyət, xüsusən də SSRİ DTK-sı arasında müəyyən qüvvələrin xəbəri olmadan baş verməyib. SSRİ DTK-sı qəsdən Sumqayıtdakı qanlı hadisələrin təşkilatçılarını axtarışdan yayındırdı. Görünür, özünü ələ vermək istəmədi.

ANN.Az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın