Menu
Geri İrəli

Sumqayıtda “yaşıl soyqırım” siyasəti davam edir

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2012 • Baxış sayı: 259 dəfə • Şərh yoxdur

Əlaqədar qurumlar isə vətəndaşların narahatlığını ciddiyə almır

Sumqayıt şəhər 14-cü kvartalda məskunlaşan bir qrup Sumqayıt şəhər sakini redaksiyamıza müraciət edib. Artıq bir neçə aydır ki, kvartaldakı yaşıllıqların məhv edildiyini bildirən sakinlər, baş verənlərlə bağlı DİN-dən tutmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qədər bütün əlaqədar qurumlara məlumat verdiklərini bildirsələr də, aidiyyatı instansiyalardan heç birinin problemin həllinə maraq göstərmədiyini bildirib:

“Sumqayıt şəhər 14-cü kvartal sakinləri olaraq yazıb sizə bildiririk ki, məskunlaşdığımız ərazidə yüksəkmərtəbəli bina inşası ilə məşğul olan tikinti şirkəti kvartal ərazisində fəaliyyətə başladığı ilk gündən yaşıllıqları məhv etmiş, uşaqların əyləncə, yaşlıların istirahət yerini əllərindən almışdır. Ərazidəki yaşıllıqların məhv edilməsinin qarşısını almaq üçün bütün əlaqədar orqanlara məlumat verilsə də, tikinti şirkətinin yaşıllıqlara divan tutmasının qarşısı bu gün də alınmış deyil. Bizdə ən çox təəssüf oyadan isə məhz Ekologiya Nazirliyinin sərgilədiyi mövqedir. Nə qədər qəribə və inanılmaz olsa da, yaşıllıqların qorunmasına xidmət etməli olan bu qurum ona ünvanlanan müraciətlərə əhəmiyyət vermir, yaşıllıqların məhvinə göz yumur, proseslərin qarşısını almaq üçün heç bir əməli tədbir görmür. Nəticədə, sovet dönəminin yadigarı olan nəhəng ağaclar günbəgün məhv edilir, qırılan ağacların yerində ayrı-ayrı məmur və iş adamlarının mənafeyinə hesablanan binalar inşa edilir”.

Vətəndaşların sözlərinə görə, ərazidə “göydələn”lərin inaşasını həyata keçirən tikinti şirkəti vətəndaşların şəxsi mülkiyyəti üçün də ciddi təhlükə mənbəyinə çevrilib. Artıq bəlli bir müddətdir ki, şirkətin kvartal ərazisində sovet dönəmindən qalan qarajların sökülməsinə çalışdığını bildirən sakinlər, öz qanuni mülkiyyətlərinin gəlcəyindən narahat olduqlarını söyləyib: “Hazırda vətəndaşların şəxsi mülkiyyətində olan qarajların sökülməsi planlaşdırılır ki, bunun müqabilində insanlara mövcud bazar qiymətlərinə uyğun kompensasiyanın verilməsi nəzərdə tutulmur. Halbuki, mövcud qanunvericiliyə görə, bu cür hallarda köçürülən və ya sökülən obyektin müqabilində bazar qiymətlərinə uyğun kompensasiyanın verilməsi zəruridir. Bundan başqa, ərazidə tikilən binalar strateji əhəmiyyətli dövlət obyektləri olmadığı üçün, hansısa tikinti şirkəti öz biznes maraqları baxımından çıxış edərək ərazidəki qaraj sahiblərini bu qarajları sökməyə vadar edə bilməz. Bunun üşün qaraj sahibinin özünün razılığı olmalıdır ki, bu razılıq yalnız bazar qiymətinə uyğun kompensasasiyanın ödənilməsi müqabilində alına bilər. Lakin şirkət yetkililərinin sözlərindən belə başa düşülür ki, onlar ərazidəki qarajların köçürülməsi və sökülməsi üçün gərəkli olan kompensasiyanın ödənilməsində maraqlı deyil. Bu isə o deməkdir ki, yaxın gələcəkdə yaşıllıqlara divan tutan şirkət vətəndaşların şəxsi mülkiyyəti üzərinə də hücuma keçəcək”.

Sumqayıt sakinlərinin bildirdiyinə görə, sözügedən problemlərin həlli üçün əlqədar qurumların dərhal məsələyə müdaxilə etməsi zəruridir: “Biz əlaqədar dövlət qurumlarından 14-cü kvartalda baş verən olaylara müdaxilə etməyi xahiş edirik. Hesab edirik ki, ərazidə aparılan tikinti prosesinin dayandırılması, bu tikintilərin nə dərəcədə qanuni olub-olmaması ilə bağlı məsələnin araşdırılması, vətəndaşlara dəyən mənəvi ziyanın kompensasiya edilməsi haqqın və ədalətin bərpası baxımından əhəmiyyətlidir”. Şamil

Facebook Şərhləndirmə:

Şərhinizi yazın