Menu
Geri İrəli

Sumqayıtdakı çörəkbişirmə və şirniyyat sexlərində acı gerçəklik

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2012 • Baxış sayı: 624 dəfə • 1 şərh

Natəmizlik hökm sürür, xammalın üzərində milçəklər, kəpənəklər aşkarlanıb…

Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi KİV təmsilçilərinin iştirakı ilə Sumqayıtdakı çörək və şirniyyat müəssisələrində monitorinq aparıb.
Lent.az-ın verdiyi məlumata görə, monitorinq zamanı fiziki şəxs Afaq Piriyevaya məxsus çörək sexində çörək bişirilməsi üçün nəzərdə tutulan xəmirin qablarda ayaqaltına yığılması, qapağı açıq olan xəmir qarışdırılan qabda xəmirin üzərinə milçəklərin yığılması, qabların çirkli olması, un kisələrinin saxlanıldığı yerdə həm də işçilərinin paltarlarını dəyişdiyi aşkarlanıb.

Eyni zamanda un kisələrinin üzərində kəpənəklər, işçilərin ayaqqabıları olub. Tualet xammalın saxlanıldığı yerin yaxınlığında yerləşib. Müəssisədə gigiyenik və uyğunluq sertifikatı olmayıb. İradlarla razılaşan çörək sexinin müdiri Xaləddin Səfərov isə buna baxmayaraq, bu sexin şəhərdəki çörəkbişirmə sexləri arasında ən yaxşılarından olduğunu iddia edib. Sumqayıt Ərazi İdarəsinin rəis müavini Şəhla Yusifzadə deyib ki, natəmiz vəziyyətdə olan sex tələblərə cavab vermir, sahəsi də standarta uyğun deyil, kiçikdir. O, bu çörək sexinin bağlanması ilə bağlı tələbnamə veriləcəyini bildirib.

Fiziki şəxs Ceyhun Rüstəmova məxsus çörək sexində də vəziyyət fərqli olmayıb. Natəmizliyin hökm sürdüyü, ciddi təmirə ehtiyacı olan çörək sexinin müdiri Elxan Əliyev sexin müasir tələblərə cavab vermədiyini etiraf edib. O, bu səbəbdən çörək sexini ayın sonunda bağlamağı planlaşdırdığını da vurğulayıb. Sexdə ciddi əsaslı təmir işləri aparmaq üçün maddi vəsaitləri olmadığını dilə gətirən Elxan Əliyev unun qiymətinin bahalaşmasının da sexin bağlanması barədə qərar vermələrində ciddi rol oynadığını söyləyib. Şəhla Yusifzadə müəssisədə çörək istehsalının ayın sonunda deyil, bu günlərdə dayandırılması barədə tələbnamə veriləcəyini nəzərə çatdırıb. Elxan Əliyev isə Sumqayıt Ərazi İdarəsinin rəis müavinin bu sözlərindən sonra kobud ifadələr işlədib.

Fiziki şəxs Maarif Həsənova məxsus “Konditer Evi” şirniyyat istehsalı və satışı müəssisəsində də vəziyyət acınacaqlı olub. Xammalın səliqəsiz və çirkli qablarda yığıldığı müəssisədə xammala qarışan milçəklər də “göz oxşayıb”. Dondurucuların işləmədiyi müəssisədəki alətləri sıradan çıxan zaman təmir etmək üçün elə istehsal sahəsində bir küncdə kiçik dəmirçixananın olması, yerdə metal toz kütləsi də diqqət çəkib. Müəssisənin uyğunluq sertifikatı olmadan fəaliyyət göstərdiyi üzə çıxıb. İradlara cavab verməkdən yayınan müəssisənin müdiri Mətanət Həsənova 7 ildir ki, müəssisənin bu vəziyyətdə işlədiyini, özünün ağır xəstəlikdən müalicə olunduğunu söyləyib və indi müəssisənin fəaliyyətinə maneə yaradıldığını iddia edib.

Şəhla Yusifzadə isə qeyd edib ki, antisanitar vəziyyətin hökm sürdüyü müəssisədə istehsalın dayandırılması barədə tələbnamə veriləcək.

Ramiz, Lent.az

Facebook Şərhləndirmə:

“Sumqayıtdakı çörəkbişirmə və şirniyyat sexlərində acı gerçəklik” yazısına bir cavab

  1. meyq deyir:

    teze corek zavodu acib xirdalarini baglayacaqlar on gore bele teshviqatdir

Şərhinizi yazın