Menu
Geri İrəli

Sumqayıtın rəqəmsal kadastr xəritəsi hazırlanacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2011 • Baxış sayı: 569 dəfə • Şərh yoxdur

Dekabrın 16-da Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi layihəsinin icrasına başlanılması ilə bağlı təqdimat keçirilmişdir.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihəyə uyğun olaraq Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi nəzərdə tutulur. Sumqayıtın daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsində bütün növ daşınmaz əmlaklar əks etdiriləcəkdir. Bu layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, hüquqların qeydiyyatı prosesinin asanlaşdırılmasına, inkişaf planlaşdırılmasına və şəhər təsərrüfatının səmərəli idarəetməsinə informasiya təminatı baxımından əhəmiyyətli yardım edəcəkdir. Bütün bunlar isə öz növbəsində vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaqdır.
Tədbirdə qeyri-neft sektorunun inkişafında vacib rol oynayan və investisiya proseslərinə təkan verən, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsini əhatə edən hazırkı layihənin başlıca məqsədləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verilmişdir. Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək bu layihənin 12 ay müddətində başa çatdırılması nəzərdə tutulur.
Layihə çərçivəsində Sumqayıt üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı elan edilmiş açıq tenderin qalibi olan “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkəti tərəfindən kameral və çöl ölçmə işləri həyata keçiriləcəkdir. Çöl ölçmə işlərində yüksəkdəqiqlikli elektron geodeziya alətlərindən istifadə etməklə, mülkiyyət formasından asılı olmayaraq bütün növ daşınmaz əmlak obyektlərinin, o cümlədən inşası başa çatdırılmamış tikililərin, mühəndis kommunikasiya obyektlərinin coğrafi yerləşmə vəziyyətləri müəyyən ediləcəkdir. Bununla yanaşı, Sumqayıt şəhərində bütün yerüstü daşınmaz əmlak obyektlərinin faktiki istifadə vəziyyətinin sərhədləri dəqiqləşdiriləcəkdir. Kameral şəraitdə fotoqrammetrik cihazlardan istifadə etməklə stereomateriallar üzərindən daşınmaz əmlak obyektlərinin koordinatları müəyyənləşdiriləcəkdir.
Layihə çərçivəsində hazırlanacaq Sumqayıt şəhərinin daşınmaz əmlakları haqqında elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsindən istifadə əmlak bazarının müasirləşməsinə, bu sahədə canlanmaya, keyfiyyət dəyişikliklərinə və süni əngəllərin aradan qaldırılmasına təkan verəcəkdir. Ətrabə Rzayeva, Azər TAC

Facebook Şərhləndirmə:

Şərhinizi yazın