Menu
Geri İrəli

SUMQAYITLI NARKOBARONUN CİNAYƏT DOSYESİNİN ŞOK TƏFƏRRÜATLARI

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2012 • Baxış sayı: 203 dəfə • Şərh yoxdur

Namiq Şamilovun narkobandası 6 il Sumqayıtda “ağ ölüm”ü açıq-aşkar satıb; banda zərərsizləşdirilərkən narkobaron 2 MTN əməkdaşının üstündən maşınla keçib!

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Sumqayıtda 6 il açıq-aşkar heroin satmış, sumqayıtlıların narkobaron adlandırdıqları Namiq Əhməd oğlu Şamilovun və dəstə üzvlərinin cinayət işi üzrə proses keçirilir. İş üzrə zərərçəkənlər Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarıdır.

 Narkobaronun 20 nəfərlik dəstəsində 2 qadın və 2 polis zabiti də olub. Polislər narkobaronun heroini rahat şəkildə satdırması üçün ona “krışa”lıq ediblər. MTN əməkdaşları narkobaronun dəstəsini zərərsizləşdirərkən iki əməliyyatçı ölümlə üz-üzə qalıb, 5-6 əməliyyatçıya isə daş, bıçaq, dəmir parçaları ilə bədən xəsarətləri yetirilib.

Hazırda 20 nəfərlik narkobandanın üzvlərindən Sərraf Xubalıyev, Ramiz Yarəliyev, Vüsal Bəkirov, Tahir Şamilov, Zöhrab Şamilov, Elnur Əhmədov, Arzu Ələkbərova və Asya Qasımova məhkəmə qarşısına çıxarılıblar. Dəstə üzvləri sui-qəsd, odlu silah saxlama, qaçaqmalçılıq, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, narkotiklərin qanunsuz dövriyyəsi və digər maddələrlə ittiham olunurlar.
Narkodəstənin cinayət işi ilə tanış olduqca ən çox baxılan detektiv filmlərinin süjeti göz önünə gəlir. Eyni zamanda cinayət işinin çox səthi araşdırılması qənaəti formalaşır.

İrandan və Bakıdan heroin alaraq Sumqayıtda satıb

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən narkobaron Namiq Şamilov deyib ki, 1996-cı ildən tutulanadək narkotik vasitələrdən, əsasən də heroindən istifadə edib. 2006-cı ildən müxtəlif növ narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmağa başlayıb. İranda və Bakıda pərakəndə narkotik vasitələr satan şəxslərdən heroin alaraq Sumqayıtda satıb. Əvvəllər cibgirlik, oğurluqla da məşğul olduğuna görə cinayətkar aləmdə geniş əlaqələri yaranıb, kimlərin narkotik vasitələrin alveri ilə məşğul olmasından məlumatı olub. Qardaşı Zöhrab Şamilov narkotik vasitənin istifadəçisi kimi bir il həbs cəzası verildikdən sonra Binə qəsəbəsində yerləşən Penitensiar Xidmətin İxtisaslaşdırılımış Müalicə Müəssisəsində cəza çəkərkən onunla birlikdə narkotik işinə görə tutulan Yardımlı sakini Azər Yaşar oğlu İsrafilovla tanış olub. 2009-cu ilin yayında Zöhrab Şamilova yemək vermək üçün həmin müəssisəsinin qarşısına gələn narkobaron Yardımlının Gendərə kənd sakini Sərraf Xubaliyevlə tanış olub. S.Xubaliyev deyib ki, o, qardaşı oğlu Azər İsrafılova baş çəkməyə gəlib. S.Xubaliyev söhbət əsnasında deyib ki, onun özü də narkotik vasitənin alqı-satqısı ilə məşğul olub. 2009-cu ildə buna görə azadlıqdan məhrum edilib və həbsdən yeni çıxıb. N.Şamilovun qardaşı azadlığa çıxandan sonra bilib ki, onun Azər İsrafilovla münasibətləri var. Bundan sonra İsrafilovun vasitəsi ilə narkobaron onun əmisi Sərraf Xubalıyevlə Bakı şəhərində görüşüb. Görüşdə S.Xubalıyev deyib ki, narkotik vasitələrin alveri ilə məşğul olur, lazım olsa İrandan gətirdiyi narkotiklərdən satış üçün ona verə bilər. Bundan sonra S.Xubalıyev nakrobaronu heroinlə təchiz etməyə başlayıb. N.Şamilov istintaqçılara deyib ki, S.Xubalıyev Yardımlıda yaşadığına görə özü hər dəfə ora gedib ondan narkotik vasitə olan heroin alıb və heroinin hər qramına görə ona 30 dollar pul verib. Onunla arasında olan razılaşmaya görə narkotik vasitələri nisyə götürüb, satdıqdan sonra pulunu verib. 2010-cu ilin oktyabrında S.Xubaliyev Sumqayıt şəhərinə özü gələrək 76 qram, hər qramı 16 ABŞ dollarına olmaqla heroini ona nisyə satmaq üçün verib. Sərrafdan aldığı heroinin bir hissəsini özü istifadə edib, qalan hissəsini isə Tahir Şamilov, Ramiz Yaralıyev, Arzu Ələkbərova və Asya Qasımova vasitəsi ilə Sumqayıt şəhərində satdırıb.

Narkobaronun “krışa”sı uşaqlıq dostu olub

N.Şamilov istintaqçılara deyib ki, 6 il ərzində Sumqayıtda maneəsiz heroin satmasına uşaqlıq dostu, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində işləmiş Qalib Əli oğlu Hümbətov köməklik edib: “Uşaq vaxtından onunla dostluq etmişdik. Onun narkotik maddələrin istifadəçisi, alveri ilə məşğul olduğunu bilirdim. Təxminən 2006-cı ildə Qalib Hümbətov mənə onunla bir yerdə işləməyi təklif etdi. Təklifinə görə hər hansı şəxsə narkotik vasitə satdıqdan sonra ona bu barədə məlumat verməli idim. O da bunun müqabilində təhlükəsiz halda narkotik vasitə satmağa şərait yaradacağını, ”krışalıq” edəcəyini demişdi. Narkotik satdığım şəxslərin adlarını ona verib bunun müqabilində Qalib Hümbətovun buna göz yumacağına razılaşdıq”.
Narkobaron Q.Hümbətovdan başqa onun iş yoldaşı kimi həmişə bir yerdə olduğu, DİN-in BNMİ-nin şöbə rəisi vəzifəsində işləyən Ələkbər Xələfovla da tanış olduğunu deyib: “Ələkbər Xələfov onlarda olan narkotik vasitələri satmağı təklif etdi. Razılaşdıq, onlar da heroin verirdilər, satıb pulları onlara verirdim”.
Narkobaron oğlunun kirvəsi Tərlan Ələkbərovu uşaqlıq dostu və “krışa”sı ilə tanış etməsinin tarixçəsini də istintaqçılara danışıb: “Tərlan İlyas oğlu Ələkbərov ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yaşayırdı. O, İrandan qaçaq yolu ilə gətirilən narkotik vasitələri alqı-satqısı ilə məşğul olur, özü də istifadə edirdi. Tərlan Sumqayıt şəhərində və ona yaxın ərazidə narkotik alqı-satqısı ilə məşğul olduğuna görə Qalib Hümbətov onu tutmaq istəyirdi. Qalib Hümbətov xahişimə görə Tərlan Ələkbərovu tutmadı. Bu barədə də Tərlan Ələkbərova məlumat verdim. Qalib Hümbətova onu narkotiklə tutmamasına görə pul verib hörmət etməsini dedim”.
N.Şamilov T.Ələkbərovun Q.Hümbətova pul verdiyini dəqiq bilsə də, konkret hansı məbləğdə pul verdiyini bilməyib: “Bu işdən sonra araları açıldı, özləri mənsiz görüşüb işlərini görməyə başladılar. Günlərin birində isə Tərlan Ələkbərov narazı halda dedi ki, Qalib Hümbətov onu bezdirib, yenə də onu tutublar. Sonradan bildim ki, Tərlan Ələkbərov yaşamaq üçün İrana gedib. Qalib Hümbətov, Ələkbər Xələfov və digər polis əməkdaşlarının narkotik alqı-satqısı ilə məşğul olan başqa hansısa şəxslərə himayədarlıq etmələrini bilmirdim. 2011-ci ilin fevralında Sərraf Xubalıyevə heroin lazım olduğunu dedim, o da onda 700 qram heroin olduğunu bildirdi. Razılaşdıq ki, hər qrama görə ona 16 dollar ödəyəcəyəm. Ümumilikdə 11 min 800 ABŞ dolları pul verməli idim. 1 həftə sonra Sərraf Xubalıyev zəng vurub dedi ki, ”mal”ı göndərib, gətirən adam öz zəng edəcək. Bir neçə saatdan sonra Sərraf Xubaliyevin dediyi adam zəng elədi, mən çatası “mal” olduğunu dedi”.
Bu yerdə qeyd edək ki, istintaq materiallarına görə həmin vaxt narkobaronun fəaliyyəti haqda MTN-də məlumat olduğundan o, nəzarətdə saxlanılıb və narkobandanın zərərsizləşdirilməsi üçün əməliyyat hazırlıqlarına başlanıb. (Ardı gələn sayımızda) E.MƏMMƏDƏLİYEV, “Yeni Müsavat” qəzeti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın