Menu
Geri İrəli

Sumqayıtlı yeganə qadın Qarabağ əlili fəryad edir

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2013 • Baxış sayı: 647 dəfə • Şərh yoxdur

Hərdən düşünürəm ki, həyatda tək səhvim müharibəyə getməkdir

elil

 

Sumqayıtda şəhid ailələri və əlilləri üçün tikilmiş evlər, doğrudanmı, satışa çıxarılıb?

90-cı ilin əvvəllərində ölkənin bütün bölgələrindən olduğu kimi Sumqayıtdan da cəbhəyə çox sayda vətənpərvər oğul və qızlar yola düşmüşdü. Gəlişi gözəl olsun deyə “qızlar” sözündən istifadə etmədik. Həqiqətən də könüllülərin arasında qızlar kifayət qədər çox idi. Onların arasında şəhid olanlar da oldu, yaralananlar, sağlamlığını itirənlər də… Sumqayıtda da belələri var idi – ancaq şəhərimiz Sevil Abbasova ilə xüsusi fəxarət duya bilər. Zarafat deyil, hələ 17 yaşı tamam olmamış cəbhəyə yollanıbmış Sevil.

Sevil Hümbət qızı Abbasova Sumqayıtda Qarabağ müharibəsi əlili olan yeganə qadındır, ikinci qrup Qarabağ əlilidir.

 Ölkəmizdə Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, müharibə əlilləri və veteranlarına böyük miqyasda diqqət göstərilir, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasət dövlət başçısının apardığı siyasətin prioritetləri sırasındadır. Ancaq təəssüf  hissi ilə qeyd etməliyik ki, bəzi strukturlar bu kursun nəticələrinə kölgə salır, bu cür insanlara laqeyd münasibət göstərir. Elə şəhərimizin yeganə Qarabağ müharibəsi əlili Sevil Abbasova da bundan narazıdır.

S.Abbasova bir çox dövlət qurumlarından nəinki narazıdır – onlara qarşı ciddi ittihamlar səsləndirir, onları ədalətsizlikdə və qanunsuzluqda ittiham edir.

- 1991-ci ildə cəbhəyə yollanmışam. Ağdamda yerli “batalyon”ların tərkibində döyüşmüşəm, tankistəm – 3 dəfə yaralanmışam. Tankda minaya düşüb, sağlamlığımı itirmişəm, ondan sonra da bir neçə dəfə yaralanmışam. Yaralarım hələ tam sağalmamışdı, məni “Naxçıvanski”yə oxumağa qoydular, oranı bitirdim, daha sonra Türkiyəyə hərbi təhsilimi davam etdirməyə göndərdilər. Ancaq aldığım yaralar təhsilimi davam etdirməyə imkan vermədi, Azərbaycana qayıtdım…

Bir müddət bundan öncəyə qədər işləyirdim, heç kimə – heç hökumətə də ehtiyacım yox idi, bu vaxta qədər heç kimdən heç nə istəməmişəm. Biz o vaxt döyüşə gedəndə, qayıdanda kimdənsə nəsə istəyərik deyə düşünüb getməmişdik. Belə şeylər bizə ayıb gəlirdi. Ancaq getdikcə vəziyyətim ağırlaşdı. İki ay deyil ki, əməliyyatdan çıxmışam, bu ayın axırı yenidən əməliyyata düşməliyəm. Ayağımın altında çürümə gedir, üzümə qoyulan dəridə sallanma var. Mənim üzümdə əməliyyat aparılmalıdır – bu işi Türkiyədən gələn həkimlər öz üzərinə götürüb, ancaq bunun üçün Müdafiə Nazirliyinin dəstəyi olmalıdır ki, bu əməliyyat nazirliyin hospitalında həyata keçirilsin.

“Elələri var ki, onuncu dəfə ev alır”

qarabaq-elili

1991-ci ildən bu vaxta qədər mən kirayələrdə yaşayıram, bir qız anasıyam. Qarabağ müharibəsi əlillərinə evlər verilir. Mən Sumqayıtda Qarabağ müharibəsi əlili olan yeganə qadınam. Dəfələrlə yerli əlaqədar strukturlara müraciət etmişəm, ancaq təəssüf  ki,.. (göz yaşlarını saxlaya bilmir – V.M.) Təəssüf ki, mənə ev verilmir. Araşdıra bilərsiniz, Əhalinin Sosial Müdafiə Nazirliyi bizə tikilən binalardakı evləri satır. Sonuncu dəfə ötən ilin sonunda şəhid ailələri və əlillərə evlər verildi, onların arasında əslində 5-10 adama düşürdü bu evlər. Qalanları pulunu verib, evini alıb. Prezident Sumqayıta açılışa gələndə söz vermişdim ki, necə olursa-olsun görüşüb, dərdimi ona deyəcəm. Ancaq imkan vermədilər, prezidentin gəlişindən xəbər tuta bilmədim, tutanda isə qarşımı kəsdilər, vədlər verdilər, Qarabağ Əlilləri Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan müəllim məni aldatdı.

O binalarda elə Qarabağ əlili var ki, artıq onuncu evi alır. Evlər pulla satılır – prezidenti aldadırlar. Mən 77 manat prezident təqaüdü alıram, 105 manat da əlillik pensiyası. Mən hardan alım, rüşvət verim?! Və bir də ki, nəyə görə rüşvət verməliyəm – bu, mənim haqqımdır, prezidentimiz də bu evi mənə verir. Mən can qoymuşam ki, dövlətin verdiyi evi hansısa məmura rüşvət verərək alım?!

Allah Sumqayıt şəhər icra hakimiyyətinin başçısının müavini Akif Quliyevdən razı olsun, o, mənə kömək edir, daim diqqət göstərir, amma nəyə görə o, etməlidir?! Bəs əlaqədar nazirlik hara baxır?! Qərara almışam ki, gedib  Prezident Administrasiyasının qarşısında bir çadır qurub, orda qalacam – çünki ev pulumu verə bilmirəm…

“800 manat versəm, maşın siyahısında adım birinci olar”

Mənə bir yataqxana veriblər, orada insan yaşamaz. İndi millət vəkili Muxtar Babayev oranı təmir etdirir. Ancaq axı mənə də prezidentin verdiyi evlərdən düşür. Mənim kimilərin sayı çox deyil axı!

Gedib hansısa məmura dərdini danışırsan, qulaq asır, baxır-baxır, axırda deyir ki, sizi kim göndərmişdi ora?! Axı sən mənə görə burda rahat oturmusan! Biz canımızı qoyduq ki, sən rahat oturasan – oturmusan da! Mən dövlət başçısının verdiklərini tələb edirəm.

Sosial Müdafiə Nazirliyindən mənə deyiblər ki, mənə maşın verməlidirlər, ancaq 13-cü adamam. Bu maşınları region-region bölürlər, bu, o deməkdir ki, mən 5 il də gözləməliyəm?! Mənim ayağım yox kimidir. İndi 38 yaşım var, 5 il sonra sağ qalıb-qalmayacağımı Allah bilir. Ancaq bu dəqiqə mənə 800 manat verin, aparım, adımı birinci edim. Pul verən üçün elə “əsaslar” yaradırlar ki, adam inanır ki, doğrudan da maşını elə almalı olan adam alıb. Ancaq əslində, maşın almağa gələnlərin çoxu Ciplə gəlir.

Hərdən düşünürəm ki, həyatda tək səhvim müharibəyə getməkdir.

Ev növbəsində 113-cü adam idim. Sonuncu tikilən binada 96 mənzil var idi. İndi belə çıxır ki, mən sırada 17-ciyəm. Yenə də əmin deyiləm ki, mənə növbəti binadan ev verəcəklər. Çünki hər il əlillərə avtomobillər verilir, ancaq əlillər azalmaqdansa çoxalır. Müharibə gedir ölkədə?! Əlillər necə artır?! Hamısı saxta sənədlərlə hazırlanmış əlillikdir. Onların çoxusu bilmir Qarabağ hansı tərəfdədir.

Artıq 5-6 ildir ki, Sosial Müdafiə naziri Fizuli Ələkbərovun qəbuluna yazılmışam, dəfələrlə məktublar yazmışam, ancaq qəbula düşə bilmirəm ki, bilmirəm.

Nazirlik: “Vətəndaşın iddiası əsassızdır”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İlham Məmmədzadə bildirdi ki, nazirlik tərəfindən evlərin satılması barədə deyilənlər tamamilə əsassızdır: “Vətəndaşın iddiası əsassız ittihamlardan başqa bir şey deyildir. Nəzərinizə çatdırım ki, ƏƏSMN-nin sifarişi ilə tikilən müharibə əlilləri və şəhid ailələri üçün binalara növbəliliyi yerli İcra Hakimiyyətləri həyata keçirdirlər. ƏƏSMN isə QHT-lər, Ombudsman Aparatı və aidiyyatı şəxslərin iştirakı ilə yaradılmış müvafiq Komissiyada İH tərəfindən təqdim olunan siyahıya baxış keçirdir və qanunvericiliyin şərtlərinə uyğun mənzil təminatı barədə qərar qəbul edilir. Bir sözlə, aidiyyatı vətəndaşları mənzil növbəsinə yerli İH-ləri götürürlər.  Hər hansı bir vətəndaşa mənzil və avtomobilin pulla verildiyini iddia edən şəxs varsa, aidiyyatı dövlət orqanlarına müraciət edə bilərlər.

Vətəndaş mənzil istəyirsə, İH-də növbəyə dəyanmalıdır. Maşın istəyirsə, Nazirliyə mürəciət etməlidir. Nazirin qəbuluna düşmək üçün isə Nazirlikdə Qəbul Şöbəsində növbəyə yazılmaq lazımdır. Heç bir problem yoxdur.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərədiyimiz sorğuya verilən cavab isə bu cür oldu: “Abbasova Sevil Hümbət qızı Sumqayıt şəhəri M.F.Axundov küçəsi, ev 2-də (Polis idarəsinin inzibati binası) qeydiyyatdadır. II qrup Qarabağ müharibəsi əlili imtiyazı ilə 10 mart 2011-ci ildə mənzil növbəsinə dayanmışdır. Azərbaycan Respublikası ƏƏSMN-nin sifarişi ilə Sumqayıt şəhərində inşa olunmuş 96 mənzilli bina bölünərkən 42-ci məhəllə, yataqxana 14, otaq 66 boşaldılmış və mənzil növbəsi saxlanılmaq şərtilə Sevil Abbasovaya təqdim olunmuşdur. Hazırda vətəndaş oraya köçürülüb”.

Hər halda, gəlin, ümid edək ki, şəhərimizin yeganə qadın Qarabağ əlili növbəti ev və maşın bölgüsündə öz haqqını alacaq – payına düşən ev və maşınla təmin olunacaq.

 Söhbətləşdilər:

Vüsal, Elşən  , “168 saat” qəzeti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın