Menu
Geri İrəli

Sumqayıtlılar necə və haralarda istirahət edir?

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Avqust 2013 • Baxış sayı: 336 dəfə • Şərh yoxdur

 

 

Dincəlmək üçün nə qədər xərcləmək lazımdır?

 Yayın sərin keçməsinə baxmayaraq təbii ki, ən aktual, ən maraqlı mövzulardan, söhbətlərdən biri də istirahətlə, yəni, istirahətimizi necə və harada keçirəcəyimizlə bağlıdır. Aydındır ki, hər bir kəs istirahətini gözəl və unudulmaz keçirmək istəyər. Amma harada, neçəyə və hansı müddətə…?

Yeri gəlmişkən, Sumqayıt sakinləri arasında bununla bağlı sorğu keçirmişik. Respondentlərə aşağıdakı suallarla müraciət etmişik :

-        Sumqayıtlılar necə və haralarda istirahət edir?

-        İstirahət üçün nə qədər xərc çəkirlər?

Qabil Ismayılov (25 yaş, Master Computers Servisin marketinq meneceri):

- İşimi təzəcə dəyişdiyim üçün bu yay istirahətə çıxa bilmədim, çünki yeni işə başlamağım hələ altı ay olmayıb. Mən bu il qışda dincəlməyi nəzərdə tuturam.

 İnci Qasımova (31 yaş, Aztv-nin əməkdaşı):

- Bu yay əla dincələ bildim. İstirahətimin bir həftəsini Qaxda keçirdim. Qohum evində qaldığımdan, demək olar ki, xərcim çıxmadı.

Daha sonra birgünlük olmaq şərtilə Şəki, Zaqatala və İlisuya getdim. Amma oralarda  gecə qalmadım. Səhər gedib, axşam qayıtdım.  Gəzinti zamanı xərcim daha çox  Şəkidəki süvenirlərə çıxdı.

Qax, Şəki, Zaqatala və İlisunun gözəl təbiətindən doymadım. Sizələrə də, oralara getməyi məsləhət görərdim.

Mahirə Haciyeva (27 yaş, müəllimə):

- Bu yayı evdə isrirahət etdiyimdən xərcim çox çıxmadı. Mənim üçün ən gözəl istirahət yeri-məkanı İçərişəhərdi. Hər dəfə ora getsəm də, doymuram.

Babək Nağıyev ( 35 yaş, müəllim):

- Demək olar ki, bu yayı Sumqayıtda istirahət etmişəm. Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbbüsü ilə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Sumqayıtda yaşayan və fəaliyyət göstərən yaradıcı, istedadlı və ictimai fəal gənclərlə, Qusar rayonunda “Vətənimizi gəzək, öyrənək, sevək!” devizi altında bir günlük “Yay məktəbinə” getdim.

Natiq Qubadov ( 30 yaş, Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyası və Sumqayıt şəhər rayonlararası narkoloji dispanserinin həkimi:

- Hələ ki bu yay haradasa dincəlmə planım və pulum yoxdur. Gərək yaxşı maaş alasan ki, harasa gəzməyə gedəsən. 300 manat maaşla ayı çətinliklə yola verirəm.

Bir günluk ən ucuz yer 50 manatdır. O da ki, o qədər təmiz yer deyil. Mənim maaşımla ancaq 6 gecə haradasa qalmaq olur, qalan 25 gecəni barmaq sormaq qalır.

Elçin Məmmədov (41 yaş, kiçik biznesmen):

- Mən bu yay istirahətə vaxtım olmadığından cəmi 5 günlük Antalya (Kəmərdə) dincələ bildim. Xərcim də az çıxdı. 2 nəfərə 540 azn. Qiymətə avtobusla bileti, 3 ulduzlu oteldə 5 gecə və gündə 5 dəfə qidalanma daxil idi . 3 ulduzlu olmağına baxmayaraq, bizim otellerin 5 ulduzlusu şəraitində idi.

Dilarə Hümbətova (58 yaş, təqaüdçü):

- Hər il olduğu kimi bu ildə yayı evdə keçirəcəm. Çünki təqaüdümün  az olması  mənə imkan vermir ki, haradasa dincəlim. Komunal xərclərimi hər ay güclə bağlayıram. Mən bizim millət vəkillərinə bir sual vermək istərdim: 121 manatla necə bir ayı yola verə bilərdiniz?

 Samir Əliyev (37 yaş, farmoseft):

- Hələ ki, bu yay istirahət etməmişəm. Buna səbəb məzuniyyətimin avqustun son həftəsinə düşməsidir. Həm də 400 manat məvacib alan ailə başçısı harada dincələ bilər? Yalnız evdə. Çünki bu məvaciblə yalnz evdə dincəlmək olar…

Görəsən şəhərimizdəki gənclərə, onların istirahətinə, problemlərinə nə zaman diqqət yetirəcəklər?

 Sənəm Hüseynova (21 yaş, Azerbaycan Müəllimlər Institutu Sumqayıt Filialı Tələbə Gənclər təşkilatının sədri ):

Hələ ki, bu yay istirahət etməmişəm. Buna səbəb məzuniyyətimin sentyabrda başlamasıdır. Artıq planlaşdırmışam ki, 15 günlüyə Antalyada dincələcəm. Xərcim isə təxminən 1500 manat olacaq.

Vurğun Xəlilov (35 yaş mühafizəçi):

- Mən bu yayı Nabranda keçirdim. Hər il ora getsəm də oranın havasından doya bilmirəm. Nabrandakı istirahətimə təxminən 900 manat pul sərf olundu. Düzdü, o qiymətə Türkiyədə əla dincələ bilərdim, fikrimcə ora-bura gedəcəyimizə öz vətənimizdə dincələk ki, xeyir vətənə qalsın.

Rauf Abbasov (29 yaş, işsiz):

- Bu yay dostlarımla tez-tez Quba-Nabrana getdim. 2-3 günə təxminən 25manat.

Azərbaycanda istirahət mərkəzləri xüsusilə turistik bölgələrdəki qiymətlər ürəkaçan deyil. Sıxıla-sıxıla oralara getməkdənsə çadır qurub vəhşi təbiətdə istirahət milyon dəfə ordan gözəldi.

Məhəmməd Qiyayi ( 26 yaş həkim):

-         Bu yay 21 gün olmaqla 2 ölkədə əla dincəldim. Ilk səfərim Tbilisiyə oldu. 2 həftə orada gözəl vaxt keçirdim, xərcim isə 650 manat civarında oldu.

Növbəti səfərim Qazaxıstana idi. Bir həftəlik istirahətimin bir günü Alma-Atada “Symbulak sky resort” adlanan bir istirahət mərkəzində oldu. Xatırladım ki, dunyanın ən uzun kanatı Avstriyadadır. İkinci ən uzun kanatı isə Alma-Atadadır. Kanatla 3500 m hürdürlüyə 4200 m yol qalxdıq. Yetərincə maraqlı idi, əsasən də havası. Xərcim isə 600 manat civarında oldu.

Günel Əsgərova ( 20 yaş tələbə):

- Mən bu yay tətilimi Azərbaycanın gözəl güşələrindən biri olan İsmayıllıda keçirdim. Sərin bulaqları, sıx meşəliklər və Lahıcın qədim küçələri sanki adamın könlünü oxşayırdı. 30 günlük istirahət sanki bir göz qırpımında gəlib keçdi. Xərcim isə təxminən 350 manat oldu.

Bu il çalışacam növbəti səfərim Şəkiyə olsun… Bir dəfə 3-4 il bundan əvvəl Şəkidə olmuşam, amma bir günlük. Bu dəfə çalışacam ki, ən azı 3-4 gün olsun ki oraları rahat gəzə bilim.

 Ömürtay Şükürlü (19 yaş, fotoqraf)

- Bu yay daha çox işləmişəm, demək olar, hər gün. Işimlə əlaqədar olaraq hər həftə Azərbaycanın müxtəlif şəhərlərinə gedirəm. Istrahətim elə budur. Amma normal istirahət üçün günə ən azı 50 AZN lazım olur. Tələbə olduğum üçün o imkana malik deyiləm.

 Nəriman Abdullayev ( 25 yaş otel sektoru):

- Düzü, mən bu yay istirahət edə bilmədim. Bir ay məzuniyyət aldım, onda da Ukraynanın (Kiyev) şəhərinə işlə bağlı bir aylıq kursa gəldim.

Kursdan vətənə bir də sentyabrın 1-i qayıdacam. Bu da o deməkdir ki, yay artıq bitdi.

Ukraynada xərcim isə 1000 manat civarında oldu. Hələ qalmaq pulsuzdu, çünki qohum evində qalıram.

“168 saat” qəzeti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın