Menu
Geri İrəli

Təhsil Şöbəsinin müdiri Sumqayıtdakı məktəblərin fəaliyyətini qiymətləndirdi – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2013 • Baxış sayı: 1,012 dəfə • Şərh yoxdur
Share Button

vaqif

Sumqayıt təhsili öz nəticələri ilə öyünə bilən şəhərdir. Ali məktəblərə imtahanlarda göstərilən nəticələr qürurlanmaq üçün yaxşı səbəbdir. Ancaq bu nəticələri şəhərin orta məktəblərindəki təhsilin keyfiyyətindən daha çox bəlkə də repetitorların fəaliyyəti şərtləndirir. Yəni orta məktəblərimizdə xeyli problemlər hələ də var. Bütün bu və digər məsələlər barədə Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərovla söhbətləşmişik.

- Vaqif müəllim, ötən təhsil ilində hansı yeni nailiyyətlər, irəliləyişlər əldə olunub? Hansı ki, bundan öncəki illərdə bu nəticələrə nail olmamışdıq, məhz bu ilin uğuru kimi qəbul edilə bilər?

-   Ötən dərs ilində təhsil sahəsində bütün göstəricilərimiz əvvəlki dərs ilinə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Əla qiymətlərlə oxuyan şagirdlərimizin sayı 6291-dən 7226-ya, “4” və  “5” qiymətlərlə oxuyanların sayı 13916-dan 15109-a, təhsilin keyfiyyət göstəricisi 50.3 faizdən 54.3 faizə yüksəlmişdir.

Yay tədris tapşırığı alan şagirdlərin sayı 549-dan 99-a, təkrar sinifdə saxlanılmış şagirdlərin sayı 235-dən 163-ə qədər enmişdir.

Ali məktəblərə qəbul göstəricisi 51.4-dən 54.3 faizə yüksəlmişdir. 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olanların sayı 92-dən 98-ə yüksəlmişdir.

Tam orta təhsili qızıl medalla bitirmiş 2 məzunumuzdan (TETgimnaziya və TTEL) biri 675, digəri isə 680 bal toplayaraq ən nüfuzlu ali məktəblərə daxil olmuşlar.

Əvvəlki dərs ilində olduğu kimi, ötən dərs ilində də ali məktəb tələbəsi adını qazanmış 7 məzunumuz Prezident təqaüdçüsü olmuşdur.

“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan məktəblərimizin sayı 3-dən 5-ə qalxmışdır. Nailiyyətlərimiz çoxdur və onların hamısını sadalamağa ehtiyac duymuram.

- Şəhərimizin ən yaxşı təhsil müəssisələri hansılardır? Tutaq ki, Sumqayıtın ən yaxşı 5 məktəbi hansı müəssisələri hesab etmək olar?

-   Yeni tipli məktəblərlə yanaşı, 18, 1 və 11 nömrəli məktəbləri xüsusi olaraq qeyd edə bilərəm.

- Bəs hansı təhsil müəssisələrinin işindən narazısınız? Hansı məktəblərə Təhsil Şöbəsinin iclaslarında daha çox irad tutulur?

-6, 7, 13, 34, 37 nömrəli məktəblər, Orta Ümumtəhsil İnternat məktəbi və Fars İngilis dili təmayüllü internat məktəbində təlimin keyfiyyətinin yaxşılaşdırılması üçün çox iş görülməlidir. 3, 10, 15, 21, 24, 26, 31, 33, 38, 39 nömrəli məktəblərin rəhbərləri və pedaqoji  kollektivləri də bu dərs ilində səylərini artırmalıdır.

- 24 saylı məktəbin direktorunun işdən azad olunması sizcə, niyə bu qədər səs-küyə səbəb oldu?

-      Bu, əvvəlcədən planlaşdırılmış, direktorun tutduğu vəzifədən azad edilməsinə etirazlar olduğu görüntüsü yaratmaq məqsədilə məktəbin bir neçə işçisi tərəfindən şagirdləri, əsasən də ibtidai sinif şagirdlərini dərsdən çıxarıb valideynlərin məktəbə çağırılması şəklində təşkil olunmuş yanlış və uğursuz atılmış bir addım oldu. Ölkəmizdəki sürətli iqtisadi inkişafı, quruculuq və abadlıq işlərini görmək istəməyən, əllərinə düşən fürsətdən sabitliyi pozmaq üçün istifadə etməyə çalışan müxalifət partiyalarından olan valideynlərin həmin gün məktəbə çağırılması isə “tədbirin səmərəliliyini” artırmaq istəyindən başqa bir şey deyildi.

   Əslində müxalifətçi valideynlər ərizəsinə əsasən vəzifəsindən azad edilmiş məktəb direktorunu müdafiə etməyə yox, çox həvəslə onlara yaradılmış fürsətdən istifadə edərək, müxtəlif saytlara məlumatlar yerləşdirib qarışıqlıq yaratmağa çalışdılar.

    Belə neqativ məqsədlərlə valideynlərdən istifadə etmək yolverilməzdir. Məktəbin idarə olunmasında, uşaqların icbari tam orta təhsil almasının təmin olunmasında, övladlarını humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etməkdə valideynlərin rolunun artırılması işə fayda verər və valideynlərdən bu istiqamətdə dəstək almağa səyi artırmaq lazımdır.

-      Məktəblərdə pul yığılması faktı ilə necə mübarizə aparırsınız? Bununla bağlı yəqin ki, şikayətlər olur…

-      Kitab satışı, qəzet və jurnallara abunə yazılışı, məktəbdə cari təmir işləri və müxtəlif tədbirlərin keçirilməsi ilə bağlı vəsait toplanmasının yolverilməzliyi məktəb direktorlarından ciddi şəkildə tələb edilmişdir və bu məsələ nəzarətimizdə saxlanılır.

- Biz bu müsahibəyə hazırlaşarkən, “facebook” sosial şəbəkəsində Sumqayıt Təhsil Şöbəsinin müdir əvəzi ilə müsahibəmizin olacağı barədə məlumat yerləşdirdik, oxuculardan onları maraqlandıran sualları bizə göndərmələrini xahiş etdik. İndi mən diqqətinizə bizə göndərilmiş sualları çatdıracağam. Deməli, oxuculardan biri soruşur ki, məktəblərdə yığılan “oş pulu” nədir?

-      İldə iki dəfə təhsil müəssisələri ÜM (ümumməktəb) forması üzrə Təhsil Nazirliyinə hesabat verir. Sovetlər birliyi dövründə bu forma OŞ adlanırdı. Əvvəllər təhsil müəssisəsi rəhbəri işləmiş, işdə ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilmiş şəxslər son vaxtlar müxtəlif  saytlarda qərəzli yazılar yerləşdirirlər. Yazılarda göstərilir ki, məktəb hesabatları hazırlanarkən, eyni uşağın adı müxtəlif məktəblərin hesabatına salınmaqla əsassız siniflər açılır. Guya bu proses Təhsil Şöbəsinin pulla razılığı əsasında həyata keçirilir. Müasir informasiya  kommunikasiya texnologiyalarının imkanlarından məlumatı olan hər kəs bilir ki, bu qeyri-mümkündür. Təhsil Nazirliyində yaradılmış Təhsilin İdarə olunmasının Məlumat Sistemlərində respublika üzrə bütün məktəblərin müəllim və şagird kontingentləri barədə ətraflı məlumat yerləşdirilmişdir. Bu sistem bir şagirdin adının iki və daha çox məktəbin bazasında olmasını dərhal göstərir. Keçən dərs ilində bizim üç məktəbimizdə şagirdin adının digər rayon və şəhər məktəblərində təkrarlanması halı üzə çıxdı və bu hal aradan qaldırıldı.

- Bilmək istərdik, rus dili xarici dil kimi hansı məktəblərdə tədris olunur?

-      Məktəblərdə ikinci xarici dilin öyrənilməsinə icazə verildikdən sonra, hazırda 13, 19, 21, 39, 41, 42 nömrəli məktəblər, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəb istisna olmaqla, qalan 43 məktəbdə rus dili xarici dil kimi tədris olunur.

- Başqa bir oxucu soruşur ki, məktəb stadionlarının əksəriyyəti niyə baxımsız vəziyyətdədir?

-      Bütün məktəblərin idman meydançalarında məktəblərin öz təşəbbüsü ilə idman qurğuları yaradılmışdır. Məktəb rəhbərləri bu qurğuların işlək olmasına çalışır, onlara xidmət göstərilir, lazım gəldikdə təmir və rəngləmə işləri aparılır. Məktəblilərimiz isə istər dərs vaxtında, istərsə də dərsdənkənar asudə vaxtlarında bu qurğulardan faydalanır. Məktəblərin futbol meydançalarına gəldikdə isə, bəli, burada vəziyyət yaxşı deyil. Çətinliklərimiz, qəza vəziyyətində olan təhsil müəssisələrimiz var. Əksər  təhsil müəssisələrimizin əsaslı təmir vaxtı çoxdan keçib. Dam, istilik problemləri. Əlbəttə, hər şeyi birdən etmək olmaz.

Son 10 ildə qəza vəziyyətində olan 43, 42, 40 nömrəli məktəblər və Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəb üçün 1050 yerlik yeni bina, yeni salınmış 21-ci mikrorayon ərazisində 2 nömrəli yeni 500 yerlik  məktəb binası (bütövlükdə 1550 yerlik) tikilib istifadəyə verildi. 9-cu mikrorayon  ərazisində qəza vəziyyətində olan 51 nömrəli uşaq bağçası üçün yeni, müasir standartlara uyğun bina tikilib körpə fidan balalarımıza verildi. Bu dövr ərzində bütün məktəblərin dam və istiliklə təchizat məsələləri həll olundu. Cəmi  5-6 ildir təhsil müəssisələrinin əsaslı təmirinə başlamaq imkanı yaranıb. 8991 yerlik 12 məktəb (13, 22,29,31, 38, 6, 8, 12, 28, 32 nömrəli məktəblər, FİTİM, TET gimnaziya), 7 uşaq bağçası (8, 11, 44, 26, 45, 63 nömrəli bağçalar), 3 məktəbdənkənar müəssisə (UYYM, UGİM-1, UGİM-3) əsaslı təmir olunub, 7 məktəb yanında (1, 5, 8, 9, 10, 19 nömrəli məktəblər, İstedad liseyi) 2200 yerlik əlavə korpus tikilib. Bütün bu göstərilənlər respublikamızın prezidenti cənab İlham Əliyevin, şəhər rəhbərliyinin təhsil sahəsinə diqqətinin  və əməli köməyinin nəticəsidir. Şübhə yoxdur ki, imkan yarandıqda məktəblərin futbol meydançaları da arzuladığımız səviyyəyə gətiriləcək.

- Məktəblərdə istilik sistemi nə vəziyyətdədir? Hansı məktəblər istilik sistemi ilə təmin olunub, bu il növbədə hansı məktəblərdir? Məktəblərin bütünlükdə istilik sistemilə təmin olunması nə vaxta planlaşdırılır?

-      Hazırda Evdə Fərdi Təhsil məktəbi istisna  olmaqla, qalan 49  məktəb istiliklə təmin olunur. Artıq 4 ildir məktəblərdə istilik problemi yoxdur. 17 məktəb mərkəzləşdirilmiş istilik sistemindən, 32 məktəb isə “Azəristiliktəchizat” ASC-nin Sumqayıt şöbəsinin mobil qazanxanaları və məktəblərin fərdi qazanxanasından istilik alır.

- Bəs məktəb bufetlərində vəziyyət necədi?

-      Gün ərzində məktəblərimizdə şagirdlərin 10-15 faizi məktəb bufetlərinin xidmətindən istifadə edir. Şagirdlərə verilən qida məhsullarının keyfiyyətli, sağlamlığa zərər verməyən məhsullar olması nəzarətdə saxlanılır. Şagirdlərin sağlamlığının qorunub saxlanması ilə bağlı Respublika Prezidenti  cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış  “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı” tətbiq olunduqdan sonra bu iş daha da yaxşılaşmışdır. Çalışmaq lazımdır ki, uşaqlarımız ancaq mənşəyi məlum olan qida məhsulları alsın, məktəb bufetlərinin xidmətindən istifadə etsin. Küçədə istənilən yerdən qida məhsulu almaq olmaz.

- Başqa bir oxucu deyir ki, müəllimlər orta məktəblərdə dərs saatı (dərs yükü) almaq üçün hər mövsüm dəridən qabıqdan çıxırlar. Bu zaman direktorlar tərəfindən bəzi bürokratik əngəllər yaradılır, sədlər qoyulur. Bu hallardan xəbərdarsınızmı? Yaxud bununla hansısa formada mübarizə aparırsınız?

-      Məktəb direktorları da cəmiyyətin tərkib hissəsidir, onların da içərisində bütövlükdə cəmiyyətimizdə  olduğu kimi müxtəliflik var. Pedaqoji işçilər arasında dərs saatlarının bölünməsi xüsusi diqqət, məsuliyyətlə yanaşma tələb edir. Dərs bölgüsü zamanı müəllimlərin elmi, metodiki hazırlığı, peşəkarlıq səviyyəsi, varislik, müəllimin sağlamlıq, fəaliyyət imkanları, ailə vəziyyəti nəzərə alınmalıdır. Biz bu məsələni nəzarətimizdə saxlayırıq. Məsələyə obyektiv, ədalətlə yanaşan məktəb direktorlarımız çoxdur. Lakin ayrı-ayrı hallarda Təhsil Şöbəsinə dərs bölgüsü ilə əlaqədar müraciətlər olur. Biz bu müraciətləri araşdırır, lazımi tədbirlər görürük.

- Sumqayıt məktəblərində müəllimlərin işə qəbulu üçün vakant yerlər varmı? Varsa hansı müəllim yerləridir?

-      Sumqayıt şəhərinin ümumtəhsil məktəblərində bütün fənlər üzrə müəllim sıxlığı vardır.  Buna görə də vakant yerlər az olur. Son 3 ildə vakant yerlər aşağıdakı kimi olmuşdur:

2011-ci ildə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri 3 yer, fiziki tərbiyə 3 yer, rus bölməsi üzrə tarix 3 yer, informatika üzrə 1 yer;

2012-ci ildə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri 3 yer, rus bölməsində coğrafiya 1 yer;

2013-cü ildə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri 2 yer, ibtidai sinif 2 yer, ingilis dili 1 yer.

Hazırda 3 məktəbdə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi vakantdır və bu barədə Təhsil Nazirliyinə məlumat verilmişdir.

-   Şəhərin təhsil həyatında hansı yeniliklər gözlənilir?

-    Bəzi yenilikləri artıq gördük. Təhsil Naziri cənab Mikayıl Cabbarov fəaliyyətə başladığı ilk günlərdən ciddi bir açıqlama ilə diqqəti cəlb etdi – buraxılış imtahanlarının nəticəsindən asılı olmayaraq məzun ümumi və tam orta təhsil haqqında sənəd ala bilər. Bu, cəmiyyətin və uşaqların xeyrinə atılmış bir addım olmaqla birmənalı şəkildə yaxşı qarşılandı və hər bir məzuna həyata daha fəal atılmaq imkanı verdi.

“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiq edilməsi, xüsusi istedadı şərtləndirən amillərin açıqlanması seçimin obyektiv aparılmasına imkan yaratdı, belə uşaqların vaxtından əvvəl təhsilə cəlbi imkanlarını artırdı.

Bu dərs ilində şəhərimizin ümumi təhsil məktəblərində fənn aylıqları keçirməyə başlamışıq.  Bu, müəllim və şagirdlərin məsuliyyət hissini artırmaqla, innovativ təlim metodlarının daha geniş tətbiq olunmasına, nəticə etibarilə təhsilin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradacaq.

Təhsilin idarə olunmasında valideynlərin rolunun artırılması da qarşımızda duran əsas məsələlərdəndir.

Kurikulum təlimi ilə bağlı dərsliklərin hazırlanması və yerlərə çatdırılması işi təkmilləşdirilir.

 ”168 saat” qəzeti

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın