Menu
Geri İrəli

Uşaqların həyatı ilə oynayan oyuncaqlar- Araşdırma

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Fevral 2013 • Baxış sayı: 639 dəfə • 1 şərh

Ölkənin uşaq oyuncaqları bazarına Sumqayıt necə töhfə verə bilər?

 

Uşaq oyuncaqları uşağın zehni, fiziki tərdiyəsində və inkişafında mühüm rol oynayır. Oyuncaqlar uşağa ətraf mühiti dərk etməkdə, məqsədəyönlü fəaliyyətdə, düşüncə, nitq və emosiyanın inkişafında kömək edir. İqtisadi İnikişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehsalçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edir ki, oyuncaqları alarkən ehtiyatlı olsunlar, onlar uşaqların orqanizmi üçün təhlükə törədə bilər. Qeyd edək ki, oyuncaqlar plastmas, ağac, rezin, parça, karton və s. kimi materiallardan hazırlınar. Bunların da hər birinin müəyyən müsbət, yaxud mənfi xüsusiyyətləri var. Məsələn, parçadan hazırlanan oyuncaqlar uşaqlar üçün daha təhlükəsizdir. Bu materialdan hazırlanan oyuncaqları uşaqlar özünə rahat sıxa, qucaqlaya bilər. Plastmas, rezin oyuncaqlar təhlükəsiz olsalar da, kimyəvi tərkibi mənfi fəsadlar yarada bilər. Metal və ağac materiallarından hazırlanan oyuncaqlar uşaqları zədələyə bilər. Uşaq oyuncuqları 3 əsas tipə – qızlar üçün, oğlanlar üçün və universal oyuncaqlara bölünür. Qız və oğlan oyuncaqları gələcəkdə onların görə biləcəyi işləri xarakterizə edir. Universal oyuncaqlar isə uşaqların birtərəfli inkişafı, onların məntiqi düşüncəsinin formalaşması baxımından zəruridir.

Hazırda istehsal bazarında ən müxtəlif çeşidli oyuncaqların satılması faktdır. Ona görə lazım olan, keyfiyyətli və təhlükəsiz oyuncağı seçmək çox çətindir. Bir çox istehlakçılar oyuncaq alarkən onun daha ucuz olmasına, iriliyinə, cəlbediciliyinə, uşağın istəyinə üstünlük verirlər. Lakin oyuncaq alarkən onun qeyd olunan əlamətləri ilə yanaşı, keyfiyyəti və uşağın sağlamlığına təsirini düşünmək lazımdır. Nəzərə alın ki, əsasən ucuz oyuncaqların istehsalında istifadə olunan xammalın tərkibində qeyd olunan zərərli maddələr də ola bilər və bu təkcə uşağınızın sağlamlığı üçün yox, ətraf mühit üçün də təhlükəlidir. Ona görə də bu məhsulları seçərkən ilk növbədə onun sanitar-gigiyenik xüsusiyyətlərinə, uşaqda yarada biləcək psixoloji amillərə diqqət yetirmək lazımdır.

Bəs maraqlıdır, görəsən satıcılar oyuncaqların keyfiyyətli olub-olmaması haqda nə fikirdədir? Onlara bu suallarla müraciət etdik:

- Uşaq oyuncaqlarını haradan gətirirsiniz?

- Uşaqların sağlamlığına hər hansı əks-təsir göstərməməsini nəzərə alırsınızmı?

 

Akif Əliyev (satıcı):

- Düzdü, Çin malları da var. Buna da səbəb türk mallarının qiymətinin baha olmasıdır. Buna da hər valideynin gücü çatmır. Mən satarkən ilk olaraq türk mallarını gətirirəm. Amma valideynlərin əksəriyyəti belə bahalı mallardan qaçır, ucuz mallara üz tutur, yəni Çin məhsulu olan oyuncaqlara… Çin oyuncaqları daha cəlbedici olur. Ona görə də valideynlər Çin oyuncaqlarını daha tez alırlar.

Rafiq Səmədov (satıcı):

- Mən oyuncaqları aeroportdan ucuz qiymətə alıram. Aldığım oyuncaqlar əsasən Rusiya, Türkiyə və Çin istehsalıdır. Uşaqların sağlamlığına əks-təsir göstərməməsini də nəzərə alıram. Mən malları alarkən onların sertifikatlarını tələb edirəm. Çünki fikirləşirəm ki, keyfiyyətsiz oyuncaq satmağım müştərilərin itirilməsinə səbəb ola  bilər. Bu baxımdan da dükanımdakı oyuncaqlar keyfiyyətli, ancaq bahalıdır.

 

Maraqlıdır, bəs görəsən valideynlər oyuncaq alarkən nələrə diqqət yetirirlər. Bunu nəzərə alaraq gənc valideynlər arasında kiçik bir sorğu keçirdik və onlara bu suallarla müraciət etdik:

- Oyunucaq seçərkən onun uşaqlarınızın sağlamlığına təhlükə yarada biləcəyini nəzərə alırsınızmı?

 

İlahə Nəbiyeva (27 yaş):

- Bazarlarda əsasən Çin istehsalı olan oyuncaqlar üstünlük təşkil edir. Düzdü, Çində istehsal olunan oyuncaqların da keyfiyyətlisi var, lakin bunlar Avropa ölkələrinə ixrac olunur. Bizim ölkəyə isə keyfiyyətsiz oyuncaqlar gəlir. Bu tip oyuncaqlar da uşaqlar üçün xəstəlik mənbəyidir. Oyuncaq alarkən əsasən türk oyuncaqlarına üstünlük verirəm.

 

Dilarə Mahmudova (25 yaş):

- Mağazalarda ucuz, keyfiyyətsiz oyuncaqlar çoxluq təşkil edir. Mən də bu üzdən oyuncaq almıram. Oyuncaq lazım olarkən qardaşım Rusiyadan göndərir. Onların oyuncaqları daha keyfiyyətli olur.

 

Ellada Dadaşova (27 yaş):

- Uşaqlarıma əsasən bu vaxta qədər saxladığım öz oyuncaqlarımı verirəm. Bunlar mənə bir xatirədir, həm də təhlükəsizdir. Çünki bu məhsullar Türkiyə istehsalıdır. İndi bazarlarda olan oyuncaqların təhlükəsizliyinə inanımım yoxdur. Çünki çoxlu xəstəliklə doludur. Onu alanlar da çoxu imkansız ailələrdir.

 

Mövzu ilə bağlı mütəxəssis fikrini də sizə təqdim edirik:

Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı aşağıdakı fikirləri səsləndirir:

- Plastik materiallardan istifadə ilə xeyli problem var. Çində istehsal olunmuş və Azərbaycan ərazisinə daxil olan oyuncaqların təhlükəli olması haqqında dəfələrlə həyəcan təbili çalınıb. Plastmas materiallarda dioksin adlanan maddə ifraz olunur, bu da uşaq orqanizmi üçün həddən artıq təhlükəlidir. Müxtəlif orqanlarda problemlərin yaşanmasına gətirib çıxara bilər. Ona görə də Çin istehsalı olan uşaq oyuncaqlarından istifadəyə, uşaqların onunla təmasına çalışmaq lazımdır ki, imkan verilməsin. Nəinki plastik materillardan olan uşaq oyuncaqları, ümumiyyətlə, plastik qablardan sitifadə edliməsi təhlükəlidir. Sakit okeana o qədər bu cür plastik qablar tullanıb ki, onun təmizlənməsi üçün 25 il vaxt lazımdır. Vətəndaşların zərərli oyuncaqların qarşısının alınmasında aktiv iştirakı isə ondan ibarət olmalıdır ki, insanlar bu cür oyuncaqlara baykot etsinlər, almasınlar. Belə oyuncaqlar alınmadıqda gətirilməsinə də maraq azalacaq. Hələlik əlimizdə olan tək çarə budur. Azərbaycan ərazisinə daxil olan, orqanizmə zərər olan məhsulların keyfiyyət parametrlərinə nəzarət olunmalıdır. Çox təəssüflər olsun ki, bəzən bu məsələlərdə problemlər ortaya çıxır.

Bu sahədə yerli istehsal da var. Amma yerli istehsalçıların özünün də xeyli prolemləri var. Yerli istehsalda da, ilkin xammalın hardan gətirilməsinin böyük önəmi var. Azərbaycanda əsasən Sumqayıtda çoxlu plastik materialların hazırlanması üçün lazım olan ilkin xammal istehsal olunur. Onlardan istifadə oluna bilər. Amma hər halda məhsullar müəyyən beynalxalq standartlara cavab verməlidir. Materiallar tam təhlükəsiz olmalıdır.

 

Hər halda, psixoloq rəyi də bizə kömək edə bilər:

Esmira Ağayeva (psixoloq):

- Valideynlərin etdiyi ümumi bir səhv uşaqlarına onların özlərinin marağını çəkən oyuncaqlar almaqdır. Əksinə oyuncaq alarkən uşaqların marağını çəkən oyuncaqlar alınmalıdır… Bunun üçün uşağınızla birlikdə zaman keçirməniz, onların oynadıqları oyun və oyuncaq seçimlərini müşahidə etməniz işə yarayacaqdır.

Bəs oyuncaqları necə qruplaşdırmaq olar? Seçim zamanı bu təsnifləşdirmə bizə necə kömək edə bilər?

 

Uşaqların inkişafına görə oyuncaqlar

Oyuncaq seçərkən uşağınızın fiziki və zehni inkişafına diqqət yetirməlisiniz. Uşağınızın inkişaf səviyyəsindən daha üst səviyyədə olan bir oyuncağı aldığınız zaman uşağınız bu oyuncaqla oynayərkən özündə çatışmazlıq duyğusu yaşaya bilər. Yəni onun yaşına uyğun olmayan bir oyuncaq aldığınızda uşağınız yaşayacağı çatışmazlıq duyğusu ilə bir daha bu oyuncaq ilə oynamayacaq. Bundan əlavə, yaşadığı bu duyğu səbəbilə özünə etibarı da zədələnəcək. Digər tərəfdən, uşağınızın yaşadığı daha kiçik yaşlara xitab edən bir oyuncaq aldığınızda isə uşağınız bu oyuncaqdan çox tez bir şəkildə bezəcək, bəlkə də oyuncaq onun marağını çəkməyəcək belə. Oyuncaqlar yeni bacarıqlar öyrənməsi, bacarıqları inkişaf edilməsi üçün fürsətlər təqdim edəcək şəkildə seçilməlidir.

 

Uşağınızın yaşına görə oyuncaqları

Çox kiçik yaşlı uşaqlar hər əşyanı ağızlarına apararaq dünyanı kəşf etməyi bacarırlar. Buna görə 3 yaşından kiçik uşaqlara çox kiçik oyuncaqlar almaq təhlükəlidir.

Uşağınıza oyuncaq aldığınızda, oyuncağı uşağınıza vermədən əvvəl onu yaxşıca yumağı unutmayın. Bu təhlükəsizlik baxımından əhəmiyyətlidir.

0-12 aylıq yaş dövru: Bu yaş dövründə körpənizin fərqli duyğularına istiqamətli oyuncaqlar onun inkişafını dəstəkləyəcək. Seçdiyiniz oyuncaqlar parlaq rəngli, yüngül və səsli ola bilər. Ancaq oyuncağın səsinin çox yüksək olmamasına xüsusi diqqət yetirməlisiniz. Zınqırovlar körpənin incə mühərrik əzələlərinin inkişaf etməsi baxımıdan faydalıdır. Bunun yanında böyük bloklar və iç-içə keçən oyuncaqlar da uşağınızın incə əzələlərinin inkişafında köməkçi olacaq. İç-içə keçən oyuncaqlar körpənizin sıralanma bacarıqlarının da inkişafında əhəmiyyətli bir rol oynayır. Rəngli, üstündə şəkillər olan yerə sərə biləcəyiniz örtülər də bu dövrdə uşağınızın marağını çəkəcəkdir. İməkləmə və getməsini dəstəkləmək üçün çəkmə və itələmə ilə əlaqədar oyuncaqlar seçə bilərsiniz.

1-3 yaş dövrü: Bu dövrdə uşağınız xüsusilə fiziki oyunları oynamaqdan zövq alır. Xarici məkanlarda üçtəkərli velosipedə minə, qum ilə oynaya bilər. Uşağınız bu dövrdə top ilə oynamaqdan da zövq alacaqdır. Yaşına uyğun olaraq puzlelər (pazllar) alaraq zehnini inkişaf etdirə bilərsiniz. Bloklardan qüllələr, evlər tikmək, ev əşyası setləri, mətbəx setləri ilə oynamaq, musiqi alətləri istifadə edərək fərqli ritmlər meydana gətirmək uşağınızın yaradıcılığını və təxəyyülünü inkişaf etdirməsi baxımından böyük əhəmiyyət daşıyacaqdır. Bütün ailəlikcə birlikdə oynayacağınız, ya da uşağınızın yoldaşları ilə oynaya biləcəyi qutu oyunları isə uşağınızın ictimai inkişafına kömək edir.

3-5 yaş dövru: Bu yaş dövründə uşaqlar xəmir ilə oynamaqdan və boya qələmlərini istifadə edərək şəkillər çəkməkdən də zövq alırlar. Qutu oyunları, oyuncaq evlər oynamaq onlar üçün olduqca əyləncəlidir. Bu yaş dövründə daha çox cizgi filmləri seyr etdiklərindən məşhur xarakterlərin oyuncaqları ilə oynamaq istəyə bilərlər. Onlar cizgi film xarakterinə aid oyuncaqlar alarkən bu körpələrin rollarının nə olduğuna diqqət yetirərək almanız olduqca əhəmiyyətlidir. Uşağınızın şəxsiyyətinin meydana gəldiyi bu dövrdə xarakterlərdən təsirləndiyini bilməlisiniz. Bu yaş qrupu uşaqlarına fərqli kitablar və anlayışları öyrənmələrini dəstəkləyən oyuncaqlar almanız zehni inkişafı dəstəkləmək baxımından əhəmiyyətlidir.

5-9 yaş dövrü: Bu dövrdə uşaqlar oyun setləri, idman oyunları, yaşına uyğun kömpüter oyunları oynamağı xoşlayırlar. Uşağınıza sonunda bir həyat dərsi verən hekayə kitabları almanız və bu kitabları birlikdə oxumanız da faydalı olacaq.

9-12 yaş dövrü: 9-12 yaşlarındakı uşaqlar üçün özünə inamın inkişafının qəbul edilməsi çox əhəmiyyətlidir. Bu yaş dövründə zehni bacarıqları sınayan bilməcələri həll etməkdən və elm ilə əlaqədar oyuncaqlar ilə oynamaqdan zövq alırlar. İdman fəaliyyətləri bu yaş üçün əhəmiyyətlidir.

 

Elmir Ağayev, “168 saat” qəzeti

Facebook Şərhləndirmə:

“Uşaqların həyatı ilə oynayan oyuncaqlar- Araşdırma” yazısına bir cavab

  1. ilhan deyir:

    Bazarlarda Çin istehsalı olan oyuncaqlar üstünlük təşkil edir.

Şərhinizi yazın