Menu
Geri İrəli

Yaşayış sahəsində donuzxana- ELDAR ƏZİZOVA MÜRACİƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2013 • Baxış sayı: 364 dəfə • 2 şərh

Sumqayıt şəhər Kimyaçılar qəsəbə sakini Yaşar Məmmədov sumqayitxeber.com saytına şikayət məktubu göndərib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova ünvanlanmış məktubu olduğu kimi təqdim edirik:

Sumqayıt şəhər İH başçısına!
Hər dəfə Respublika Prezidentinin rəsmi internet saytında vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri görəndə təəccüblənirdim; əcəba bu şikayətlər nədən aidiyyəti üzrə cavabdeh məmurlara ünvanlanmır? Məgər yerlərdə İcra Hakimiyyəti nümayəndələri, müvafiq İH şöbələri, nazirlik və baş idarə şöbələri yoxdurmu?
Yalnız indi mənə aydın oldu ki, bəzən sadə bir məsələnin həlli yerli məmurlar tərəfindən uzadılaraq vətəndaşlarda narazılıq yaradır.
Konkret olaraq mənim də daxil olduğum və onlarla digərlərinin adları qeyd olunmasa da, həllini gözlədiyi məsələni Sizin diqqətinizə bir daha çatdırmaq istəyirəm. Amma təkcə sözügedən məsələni deyil, eyni zamanda məsələyə göstərilən münasibəti.

Məlumunuz olsun ki, aşağıdakı şikayət həm də, 4 saylı Ərazi Ekologiya idarəsinə təqdim olunmuşdur. Əvvəlcə ekoloqların məsələnin həllinə münasibətini nəzər diqqətinizə çatdırmaq istəyirəm. Mən ərizəni təqdim edərkən idarə əməkdaşları “sən nə danışırsan? Şəhərdə donuz saxlayarlar? Biz oranı təcili bağlayacağıq” dedilər. Lakin, bir müddət sonra məni idarəyə dəvət edib mənə cavab məktubu təqdim etdilər. Məktubda bizim göstərdiyimiz faktın təstiqləndiyi və cavabdehə təsərrüfatın köçürülməsi ilə bağlı məcburi göstəriş verildiyi bildirilir. Bununla da, bizim problemi “həll olunmuş” hesab etdilər. Amma donuzçuluq təsərrüfatı fəaliyyətdədir.
Qayıdaq Sumqayıt şəhər İH-nin tapşırığı ilə məsələnin həllinə təşəbbüs göstərən Sumqayıt şəhər Baytarlıq idarəsinin məsələyə münasibətinə. İdarədən mənə telefon aşan Elman müəllim problemin İyulun 15-ə qədər həll olacağını bildirdi: “Ona 15 İyula qədər vaxt verilib, əgər özü boşaltmasa polislə gedib oranı boşaltdıracağıq, İH-dən göstəriş verilib”. Amma donuzçuluq təsərrüfatı fəaliyyətini davam etdirir, həm də, indi bizi üfunətə daha şiddətlə qərq edərək. Elman müəllimin indi cavabı belədir: “Bilirsiz biz o adamı cərimə eləmişik və tapşırmışıq oranı bağlasın, əlimizdən başqa bir şey gəlmir”. Elman müəllim dedi ki, cərimənin miqdarı 25 manatdır.
Bir detalı da, xatırladım ki, Respublika Gigiyena və Epidemiologiya Respublika Mərkəzinin şöbə müdürü Ziyəddin Kazımova “Media forum” saytı vasitəsi ilə ünvanladığım suala cavabında o, bildirmişdir ki, yaşayış məntəqəsi ilə donuzçuluq təsərrüfatı arasında sanitar müdafiə zonası olmalıdır, və bu zona 500 metr məsafə təşkil edir. Bu zonanın təmin edilməsi baytarlıq xidmətinin vəzifəsidir.
Cənab başçı məgər hamı probleminin həllini Prezidentdən xahiş etməlidir?!
Məmurların məsələlərə münasibətinin belə asan və 180 dərəcə dəyişməsinin səbəbi nədir?
Qarşıdan Prezident seçkiləri gəlir, vətəndaşların hakimiyyətdən narazı salınması görəsən kimə xidmət edir?

Yaşar Məmmədov
Sumqayıt ş. Kimyaçılar qəsəbə sakini

Facebook Şərhləndirmə:

“Yaşayış sahəsində donuzxana- ELDAR ƏZİZOVA MÜRACİƏT” yazısına 2 cavab

  1. Həsən Vəliyev deyir:

    Yəqin donuz sahibindən rüşvət alıb gediblər?!

  2. gülüş deyir:

    əla.

Şərhinizi yazın