Aktyorlar və rollar

1092

Bir vaxtlar televiziyada “Aktyorlar və rollar” adlı maraqlı bir proqram var idi. Peşəkar kinoşünaslar həmin verilişə çıxıb məhşur aktyorların səhnədə və ya kinofilmlərdə canlandırdığı obrazlardan danışar, rolların müsbət və mənfi tərəflərini xırdalayardılar. Biz də həmin verilişlərdən kino sənətinin incəliklərini öyrənər, aktyorların işinin qiymətini anlayırdıq. Təəssüf ki, indi mavi ekranlarda bu cür maraqlı verlişləri görmək mümkün deyil. Azərbaycan incəsənəti sözün tam mənasıyla böhran dövrünü yaşayır. İndi tamaşaçılara hansısa ciddi məzmunlu sənət əsəri yox, düşük və bayağı səhnəciklər, “kinolar” daha cəlbedicidir. Buna görə də köhnə peşəkar aktyorların adı gələndə köks ötürür, “hanı Həsən Məmmədov, Yaşar Nuri, Nəsibə Zeynalova?” deyərək, biri-birlərimizə sual ünvanlayırıq. Əvəzində, Azərbaycan futbolunun səhnəsində peşəkar aktyorlardan heç də geri qalmayan simalar peyda olub. Sadəcə fərq ondadır ki, belələrin işi-peşəsi tamaşa göstərib insanlara güldürmək-düşündürmək deyil, azərkeşləri milli futbolumuzdan iyrəndirməkdir. Bəribaşdan qeyd edim ki, kimsə tez-tez hakimlik mövzusuna toxunmağımda başqa məna axtarmasın. Elə daim nümunə götürməyə çalışdığımız Türkiyə futbolunda hər turdan sonra idman yazarları konkret oyunlarda hakimlərin işini təhlil edir, ədalət təmsilçilərinin kobud səhvlərini qabartmaqla gələcəkdə həmin referiləri daha diqqətli olmağa çağırır. Çox təəssüf ki, bizdə durum tam fərqlidir. Az qala hər həftə hakimlərin kobud səhvlərini görür, qəzet səhifələrində bölüşürük. Növbəti oyunda eyni hakim bizə acıq verirmiş kimi daha qaba səhvlərə yol verir. Mən Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun yerində olmaq istəməzdim. Xəqani bəy Fariz Yusifova, Vüsal Əliyevə, Anar Salmanova, Elçin Məmmədova yönələn tənqidlərə özünü sipər etməkdən, başqalarının səhvlərini ört-basdır eləməyə çalışmaqdan yorulmur. Hiss etmək çətin deyil ki, bəzi məsələlərin həlli üçün Məmmədovun da gücü və imkanları yetərsizdir. Elnur Muradovdan elitaya hakim olmaz deyirdik, şükür ki, indi Muradov premyer-liqa maçlarında görünmür. Saatını dəyişik salan Ceyhun Haşımovun da adı unudulmaq üzrədir. Üç il bundan əvvəl bir oyunda 10-a yaxın səhvini qeyd etdiyim Əhram İbrahimov da çoxdan aşağı dəstədə “ixtisaslaşıb”. Bu məqamlar özlüyündə bizim əksər tənqidlərimizin haqlı olduğunu, Xəqani müəllimin də haqlı tənqidlərdən nəticə çıxarmağa çalışdığını göstərir. Elə Elçin Məmmədovun “Rəvan”-“Qarabağ” qarşılaşmasında çıxardığı “oyunlardan” sonra təyinat almaması ədalətin təntənəsidir. İşin pis tərəfi odur ki, Hakimlər Komitəsinin sədrinin bütün hakimləri eyni anda cəzalandırmağa ən azından fiziki mənada imkanı çatmır. Bütün hakimlər cəzalansa meydanda çıxıb oyun idarə etməyə adam tapılmayacaq. Elə bu həqiqəti aydın bildiklərindən yuxarıda adını çəkdiyim, özlərini “As” hesab edən həmin dörd hakim meydanda istədiyi kimi hərəkət edir. Diqqət yetirin, artıq neçənci mövsümdür ki, final mərhələsi öncəsi hakimlər “gizlədilir”. Cənab Məmmədov özü də bu addımı referiləri klubların təzyiqindən qorumaq məqsədiylə atdığını etiraf edir. Əsl məqsəd hakimlırin klublarla sövdələşməsini əngəlləməkdir. Şəxsən mənə Anar Salmanovun son dörd turun üçündə “Simurq”un oyunlarına təyinat almasının səbəbi qaranlıq qaldı. Telefon zəngimə cavab verəcəyinə şübhəm olduğudan Salmanovun “Facebook” hesabına “şəxsən bir hakim kimi eyni komandanın oyunlarına ardıcıl təyinat almanız sizə necə təsir edir?” yazılı mesaj göndərdim. Həmin hesabın Anar bəy tərəfindən mütamadi istifadə olduğuna əmin idim, çünki bu yaxınlarda referi şəklinin altında şərh yazan azərkeşərdən birini dərhal ağır söyüşlərlə təhqir etmişdi. Sualımın sonunda onun verəcəyi cavabı qəzetdəki yazımda nəzərə alacağımı referinin nəzərinə çatdırdım. Gözlədiyim kimi də oldu. Cəmisi 45 dəqiqə sonra sualımı oxuyan Anar bəy cavab verməyə söz tapmadı. Anar bəy, axı bu da oyun ərzində verdiyiniz yanlış qərarlar deyil ki, izah etməyi UEFA sizə qadağan etsin. Bax belə, əziz oxucu. Nə yazıq ki, Azərbaycan premyer-liqasının oyunlarını bu cür hakimlər idarə edir. Ədalətin olmadığı çempionatda kimin güclü, kimin zəif olduğunu necə müəyyənləşdirmək olar? Fariz Yusifovun “İnter”-AZAL oyununda təyin etmədiyi penalti yadımızdan çıxmamış eyni referi daha kobud səhvi “Bakı”-“Rəvan” qarşılaşmasında təkrarladı. Cəzası nə oldu? Heç nə! Artıq Yusifov ölkə kubokunun bu günkü “Qarabağ”-“Qəbələ” düelinə təyinat alıb. “Bakı”nın müdafiəçisi Şəhriyar Əliyevin öz cərimə meydançasında topu əliylə ram etməsini stadionda görməyənlər epizodun təkrarını “Premyer Liqa” verlişində dəfələrlə müxtəlif rakurslardan izləyə bildilər. İnsafınız olsun, heç olmazsa bu boyda biabırçılıqdan sonra Yusifovu bir turluq da olsa cəzalandıraydız. Özü də bu komandaların Qəbələdə keçirilən ilk oyununda Əliyar Ağayev meydan sahiblərinin 85-ci dəqiqədə vurduğu halalca qolu “ofsayd” bəhanəsiylə qeydə almamışdı. Görək, Fariz Yusifovun yeni rolu hansı spesifik xarakterli olacaq. Onsuz da futbolumuzu ssenarisi qeyri-peşəkarlar tərəfindən yazılan dedektiv filminə çevirmiz. Hakimlər də hər tur oyandıqları səhnələri dəyişən “istedadlı” aktyorlardı. Oynayın, nə qədər ki, səhnə sizindi. Yorulmayasız!

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər