“Aprel şəhidi”nin XANIMI:“Uşaqlar atalarının şəklini aparıb o biri otaqda gizlincə öpürlər”

577

Şəhidlər qürurumuz, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur…

Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla bağlı silsilə yazılara davam edir.

Budəfəki müsahibimiz “Aprel döyüşləri”ndə şəhid olmuş kiçik gizir Orxan Həmidovun həyat yoldaşı Esmira Həmidovadır.

Qısa arayış: Orxan Həmidov 1980-ci ilin 29 martında  Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. O, 2016-cı ilin aprelində təmas xəttində qəhrəmancasına şəhid oldu.

Orxan Həmidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edildi.

 Sevdiyi qızı qaçıran dəliqanlı

Esmira Həmidova söhbətə o qədər sevincli başlayır ki…. İlk tanışlıq, ilk sevgi və o vaxtdan start götürən 10 illik evlilik. Hiss olunur ki, danışdıqca Orxanı yanında görür, sanki Orxan sağdır…

– Orxanla 10 il olardı ki, ailəli idik. İkimiz də Füzulidə doğulub böyümüşdük. Münasibətlərimiz sevgi üzərində qurulmuşdu. İl yarım idi ki, biri-birimizi sevirdik. Amma mənim ailəm bu münasibətlərin baş tutmasına razı deyildi. Orxan isə sevgisində çox möhkəm idi. Dedi kim nə deyir, desin, bu sevgi məhv olmayacaq. Orxan dediyini etdi. Məni götürüb qaçdı. Əslində valideynlərim də tam narazı deyildilər. Sadəcə, deyirdilər ki,  bir az keçsin hələ tezdir.

Ermənilərə olan nifrəti onu hərbiyə apardı

 – Orxanla münasibətlərimiz yarananda hərbçi deyildi. Biz ailə həyatı qurandan sonra  hərbiyə getmək qərarı verdi. Daha doğrusu, sənədlərini tam hazırlayandan sonra  evdə bildik ki, Orxanın cəbhəyə getmək fikri var. Öncədən planları barədə heç nə danışmamışdı. Bilirdi ki, ailəsi olaraq etiraz edəcəyik.

Sonrakı söhbətləri zamanı dedi ki, ermənilərə nifrət edir. Füzuli rayonu cəbhə zonası olduğundan  hər gün atəş səsləri eşidilir. Orxan bundan sonra döyüşmək əzmində olduğunu dedi. Torpaqlarımızı işğaldan azad etmək istəyirdi. İçində vətən sevgisi çox güclü idi. Ona görə də ilk vaxtlarda etiraz etsək də, sonradan Orxanı anlamağa çalışdıq. Ordu sıralarında müddətdən artıq xidmət etdi.

Orxan Füzulidə yerləşən hərbi hissələrin birində xidmət edirdi. Xidmət etdikləri  hərbi hissə Lələtəpənin düz yaxınlığında yerləşirdi deyə, lap qorxurduq. Orxan xaraktercə qorxmaz insan idi. Özünü oda atan biri idi. Onun bu cür qorxmazlığı bizi qorxudurdu. Niyə gizlədim, onun hərbidən uzaqlaşmasını istəyirdim. Amma o israrla “yox” deyirdi.

Füzulidəki hərbi hissədə xidmət etsə də, hər axşam evə gəlmirdi. Elə olurdu ki,  Orxan evə həftədə bir dəfə gəlirdi. Çox vaxt həftələrlə təlimdə iştirak edirdi. O qədər sözü bütöv insan idi ki, bir kəlmə ondan qopartmaq olmurdu. Bəzən evə elə formada gəlirdi ki, yemək yeməyə taqəti olmurdu. Dərhal gedib yatırdı.

 

“Novruz bayramını Orxansız keçirtdik…”

 Söhbətin bu yerində aprel şəhidimizin həyat yoldaşı tamam dəyişdi. Cəmi 5 dəqiqə əvvəl Orxanla bağlı şirin xatirələrini dilə gətirən həmsöhbətimiz  danışdıqca, hönkürüb ağlayırdı. Sanki indi Orxanın yoxluğunu anladı və  “Yaram heç vaxt sağalmayacaq” dedi.

– 2016-cı ilin Novruz bayramında belə yanımızda olmadı. İşlərinin çoxlundan evə gələ bilmədi. Ancaq martın 23-ü evə gəldi. Onda da hərbi hissədə bayram keçirilirdi. Zəng edib dedi ki, tez uşaqları həyətə düşür, onları aparım tədbirə. Uşaqlara münasibətdə çox mülayim idi. Həmişə deyirdi ki, uşaqlarla işin olmasın. “Uşaqdırlar, qoy uşaqlıqlarını yaşasınlar. Böyüyəndə onların heç birini etməyəcəklər” deyirdi. Uşaqlar da atalarına çox bağlı idilər. Bir gündə bəlkə 10 dəfə atalarına zəng edirdilər ki, danışsınlar. Tədbirdə uşaqları tankların üstünə çıxartmışdı, onlarla çoxlu şəkillər çəkdirmişdi. Sanki Orxanın ürəyinə danmışdı ki, bu görüş sonuncudur və bir həftədən sonra şəhid olacaq.

Heç vaxt ümidsiz bir kəlmə eşitmədim Orxandan. Cəbhə bölgəsinin çətinliyini bildiyim üçün ehtiyatlı olmağını söyləyirdim. Orxan da cavabında “mənə görə narahat olma. Əsas uşaqlardan muğayat ol” deyirdi. Heç vaxt ağlıma gəlməzdi ki, belə hadisə baş verər və Orxan şəhid olar.

Get, atanı sonuncu dəfə gör…

 “Hər qaranlıq gecənin bir işıqlı sabahı var” deyirlər. Esmira xanım üçün isə o işıqlı sabah qara çadıra bürünmüşdü.

– Döyüşə girən kimi qaynıma zəng edib vəziyyətin nəsə yaxşı olmadığını bildirib. “Sən çalış bizim uşaqların yanında ol” deyib. Həmin anda da telefonunu söndürmüşdü. Axırıncı evə gəlişi martın 30-na təsadüf edirdi. Eləcə, evə gəlib qayıtdı. Oturmadı. Döyüşlər aprelin 1-də başlamışdı. Vəziyyətdən hali idik. Ciddi narahatlıq yaşamağa başladıq. Aprelin 1-dən 2-nə keçən gecə yata bilmədik. Qaynanam dedi ki, “uşaqları oyatma. Qoy yatsınlar. Narahat olmasınlar”.

Biz isə səhərə qədər ağlaya-ağlaya qaldıq. Elə bil ürəyimizə nəsə dammışdı. Orxana zəng edirdik, amma telefonu sönülü idi. Səhər açılanda qohumlardan gəlib  bizə dedilər ki, Orxan yaralanıb, Beyləqandakı xəstəxanadadır.

Biz dərhal Beyləqana getdik. Yolda təcili yardım maşını qabağımıza çıxdı və bizə deyildi ki, düşün təcili yardım maşının arxasınca, Orxanı Bakıya aparırlar. Əslində bizi aldadırdılar. Biz maşının ardınca gedəndə gördük ki, bu heç Bakıya tərəf getmir. Orxanın tabutunu  aprelin 2-si günortadan sonra gətirdilər. Heç özümüzdə deyildik. Tabutu gətirəndə böyük oğluma dedim ki, get atanı sonuncu dəfə gör. Sonra məndən atanı istəmə.

Uşaq çox ağladı. Pis olmuşdu. Sadəcə, mənə belə sual verdi. “Ana, bu mənim atamdır?!” Çünki uşaq yerində donub qalmışdı. Necə yəni get atanla görüş. Düzdü, həmin vaxt ətrafdakı insanlar elə deməyimi doğru hesab etmədilər. Amma başqa yolum yox idi. Dedim ki, qoy real vəziyyəti bilsin. Sonra atasını məndən istəməsin. Uşağı nə vaxta qədər aldatmaq olar?!

Heç Orxanı dəfn etmək də asan olmadı. Əmiləri onun cəsədini torpağa elə formada tapşırıblar ki… Danışa bilmirəm…Ağırdı mənə… Düşmən gülləsinə tuş gələn Orxanımı, yenə də erməni gülləsi imkan vermədi ki, rahat torpağa tapşıraq. Qəbiristanlıq atəşə tutulmuşdu. Həmin vaxt çox dəhşətli döyüşlər gedirdi. Eləcə, cəsədi uzana-uzana torpağa qoymuşdular.

 Bu yastıqdan atamın iyi gəlir…

 Elə kəlmələr var ki, sadəcə, susmaq istəyirsən. Cavab vermək çətindir.

Uşaqlarım gözümün qabağında atasız böyüyür. Atalarının yoxluğunu üzə vurmamağa çalışırlar. Bir də görürəm ki, atasının şəklini aparıb o biri otaqda gizlincə öpür. Elə bilirsiniz, bu vəziyyətə tamaşa etmək asandır?! Əsla! Övladlarımı elə gördükcə havalanıram. Bir hadisə heç vaxt yadımdan çıxmayacaq. Orxan 10 gün olardı ki, şəhid olmuşdu. Oğlum dedi: “Ana, atamın yastığını mənə gətir”. Gətirdim.

Uşaq yastığı qucaqlayandan sonra dedi ki, ana, bu yastıqdan atamın iyi gəlir. Uşaq həmişə atası evə gələndə onun qucağına qaçırdı. Çox vaxt da qucağında yuxuya gedirdi. Orxan şəhid olandan bir müddət uşaqlar özünə gələ bilmədi. Evdə havalı kimi dolaşırdılar.

İndi bir az da böyüyüblər. Atalarından söz düşəndə ikisi də başını aşağı salır, fikrə gedirlər. Yanlarında ağlaya da bilmirəm. Gedib gizlində ağlayıb ürəyimi boşaldıram. Başqa uşaqların əlində nəsə görəndə deyirlər ki, bundan neçə ildir yoxumuzdu. Daha demirlər ki, atamız bizə alırdı həmişə. Dillərinə gətirə bilmirlər. Atalarının xiffətini çəkirlər.

Düzdür, uşaqlarıma hər bir dəstək var, amma ata qayğısı başqadır. Onu heç bir dəstək əvəzləyə bilməz. Başqa uşaqlar harasa gedəndə 2 qardaş öz aralarında danışırlar ki, “qaqa, atamız da bizi o parka aparmışdı” və s. Uşaqları dərdləşən görmək də ağırdır. Bizə hiss etdirməməyə çalışırlar. Orxanın uşaqları ilə bağlı arzuları vardı. Həmişə deyirdi ki, böyük oğlumu oxudacağam. Onun üçün şəhərdə ev alacam ki, qoy öz evindən universitetə gedib gəlsin. Balaca bir az dəcəl idi. Uşaqlar arasında ayrı-seçkilik salmasına qarşı idim. Orxan isə deyirdi ki, balacam öz başını saxlaya biləcək, amma böyüyə dəstəyimiz lazımdır. Arzuları yarımçıq qaldı. Uşaqların gələcəyindən çox söhbət açırdı.

 

Bir-birimizə könlümüz olub…

Esmira xanım deyir ki, gecələr Orxanı yuxuda görəndə ayılmaq istəmir.

– Sevdiyin insanı itirmək sağalmaz yaradır. Onu sözlə ifadə edə bilmirəm. Sağlığında zarafatla Orxana deyirdim ki, kaş sənə gəlməzdim. O da deyirdi ki, necə olur-olsun səni valideynlərindən alacaqdım. Aramızda böyük sevgi olub. Nə Orxan mənə qarşı könülsüz olub, nə də mən Orxana qarşı.

Əvvəllər heç olmasa həftədə bir olsa da Orxan evə gəlirdi. İndi o gəlişlər kəsilib. Hələ də inana bilmirəm Orxanın yoxluğuna. Çox vaxt həftədə 3 dəfə məzarının başına gedirəm. Heç vaxt, heç vaxt Orxanı unuda bilmərəm. Nə olsun ki, o evdə yanımda yoxdur.

Əsas odur ki, bu evdə onun yadigarları, xatirələri var. Yuxularıma tez-tez girir. Gecəni ağlayıb yatanda yuxuma narahat girir. Hiss edirəm ki, ağlamağımla onun ruhunu incidirəm, amma məndən asılı deyil. Çox vaxt Orxanı yuxuda görəndə heç yuxudan ayılmaq istəmirəm. Elə bilirəm ki, hər şey gerçəkdir.

Onun hərbi geyimini saxlayıram. Mənə çox böyük təsəllidir. Çox vaxt deyirlər ki, onun paltarını saxlamayın, şəkillərini gözünüzün qabağına düzməyin. Halbuki, bu mümkün deyil. Onun əşyalarını kiməsə verə bilmərəm. Mənə yazdığı məktubları da saxlayıram. O məktublar yaşanmış günlərimizin xatirəsidir. Bir vaxtlar yazdığı sevgi sətirlərini indi göz yaşları içində oxuyuram. Elə bilirəm ki, nə vaxtsa evə qayıdacaq. Gözlərim həmişə qapıdadır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər
Bənzər Xəbərlər