Menu
Geri İrəli

AFFA Berti Foqtsdan qorxur?

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2014 • Baxış sayı: 773 dəfə • Şərh yoxdur

elvin babayevOktyabrın 14-də Azərbaycanın futbol üzrə milli yığması Xorvatiya ilə səfərdə Xorvatiya yığmasına 6-0 məğlub olduqdan sonra, “əppək” yeyəndən “malyutka” yeyənə qədər hamı bu məğlubiyyətdən və səbəbkarlarından danışır. Sosial şəbəkələrdə, mediada sıravi vətəndaşlar, sabiq futbolistlər, jurnalistlər və başqa “lar” və “istlər” yığmanın baş məşqçisi Berti Foqtsu ağ yuyub qara sərdilər. Alnına “İstefa” yazıb şəklini qoyan kim, ölkədən çıxıb getməsini tələb edən kim, bir sözlə aləm dəyib bir-birinə.
Bu vurhavurda Foqts bəy onu didişdirən və çəkişdirənlərə qəşəng bir cavab verdi ki, ay Azərbaycan əhalisi, milli yığma dalbadal oyunlara davam gətirə bilmir, mən neyləyim. Əslində Berti bununla mesajını göndərdi, yəni futbolçularınız bərbad vəziyyətdədir. Klubların harınlatdığı oyunçularınız “odnorazıvıy” şprits kimidir, ikinci dəfə istifadə etmək olmur.
Türkiyə futbol yığmasının baş məşqçisi Fatih Terim kişi kimi azarkeşlər önündə “baş məşqçi kimi bütün günah və məsuliyyət mənim üzərimə düşür” deyə etiraf etdi. Amma bizimki özündə günah görməyib hər şeyi yıxdı oyunçuların üzərinə. Bu qədər qeyri-peşəkarlıq olmaz axı. Bu, bilirsinizmi nəyə bənzəyir: Orta məktəbdə şuluqluq edən uşağı müəllim sıxışdıranda “mən neyniyim, filankəs mənə eşşək dedi” deyə günahı boynundan atan şagirdin davranışına. Biz görmüşük ki, məşqçilər oyunçuları pis oynasa belə, onları camaat önündə müdafiə edər.
Amma bu alman müftəxoru qırmızı-qırmızı deyir ki, oyunçularınız zəifdir. Adama deyən gərək ki, ay Hitlerin həmvətəni, o oyunçuları sən seçmisən də. Oyundan oyuna birhəftəlik gəlirsən, ağlınagələn oyunçunu seçib yığmaya salırsan, sonra da ağzınagələni danışırsan ki, futbolçular yararsızdır. Əvvəl öz gözündə çöpü gör, sonra orda-burda tir axtar. Yığmaya başçılıq etdiyin müddətdə hansı ouyn stilini ortaya qoymusan? Oyunçu milliləşdirmədən başqa əlindən bir iş gəlmir. Filankəs oyunçunu milliləşdir deyən kimi, AFFA “baş üstə” deyib ASAN xidmətə gedir, bir dənə şəxsiyyət vəsiqəsi çıxardır ki, filankəsov filankəs artıq azərbaycanlıdır.
Sən bu neçə illər ərzində üst-üstə yığsan heç bir il Azərbaycanda yaşamamısan. Yeri gəlmişkən, baş məşqçi də heç yığma ilə Azərbaycana belə qayıtmadı. Hətta bu hərəkətini media mənsubları istefa kimi dəyərləndirib gurultulu başlıqlarla reytinq yığmağa başladılar. Amma AFFA-nın rəsmisi açıqlama verərək bildirdi ki, xam-xəyal etməyin hörmətli azarkeş və təəssübkeşlər, Foqtsun istefasından söhbət belə gedə bilməz. Odur ki, “istefa” deyə hayqırıb boğazınızı yormayın.
Bu sözlərdən sonra mənim də ağlıma belə bir fikir gəldi ki, AFFA Berti Foqtsdan qorxur. Əgər qorxmasaydı, öz oyunçularını fərsiz çıxardan bir məşqçini niyə öz postunda saxlayır? Niyə “ona gözün üstündə qaşın var” belə demir? Məsələn, Argentina Maradonna kimi əfsanəni yığma dünya çempionatında nəticə göstərmədiyinə görə mədəni şəkildə uzaqlaşdırdı. Foqts bu qədərmi matah oldu ki, ondan əl çəkə bilmirik?
Sonda AFFA-ya bir təklif vermək istəyirəm. Gəlin, problemi həll etmək üçün belə bir iş görün. Yığmanın oyunçularını göndərin getsin. Onsuz da onlar klublarda sağlıqlarına qismət yaxşı qazanırlar. Boş verin onları. Ən yaxşısı banklara krediti olan qəssab, bərbər, elektrik kimi həvəskar futbolçuları cəlb edin yığmaya. Həm oynayıb ehtiyaclarını ödəsinlər, həm də məğlub olanda bizə az təsir eləsin. Məsələn cırtdan dövlətlərdə milli yığmanın oyunçuları müxtəlif peşə sahibidirlər. Uduzanda da heç keflərini pozmurlar, əksinə rəqib komandanı lağa qoyub gülürlər ki, gör bir kimlərdən ibarət komandaya qalib gəlmisiniz. Heç məşqçiləri də fikir eləmirlər. O ki qaldı məşqçi məsələsinə, uzağa getmək lazım deyil. Gül kimi təklif vermişəm, elə məni də məşqçi təyin edin. Çünki belə tərkibli yığmanın mənim kimi də məşqçisi olmalıdır. Həm ucuz, həm də başınız sakit. Hər məğlubiyyətdən sonra nə qədər istəyirsiniz döşəsinlər qabırğama. FİFA-nın reytinqinə də fikir verməyin. Reytinq-zad boş şeydir. Əsas iştirakdır, qələbə deyil.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın