Menu
Geri İrəli

Ana və Kitab

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2014 • Baxış sayı: 1,050 dəfə • Şərh yoxdur
Share Button

elvinİşdəyəm. Başımı qaldırıb rəflərə baxıram.Oxuduğum və oxumadığım kitablar səliqə ilə, cərgə ilə düzülüblər. Lap əsgərlər kimi.. Əsgərlikdə ilk vaxtlarda kitab oxumağa imkan vermirdilər.

MTTŞ-nin Polkovnikinin göstərişi idi. Kimdə kitab tutulurdusa irad kimi qəbul edilirdi və naryada yazılırdı bunun üstündə. Bir gün naryad çıxmışdım. Naryadın sonunda hərbi şəhərciyin zibilliyini təmizləməli idik. Növbə ilə zibili maşına yükləyirdik.Birdən zibil yeşiyinin dibində çoxlu kitablar gördüm.

Hansısa zabit 10-larla kitabı zibilliyə atmışdı.Bəzi səhifələri zibil suyuna batmış kitabları bir-bir yeşikdən çıxardım. İçərisindən 8 kitab seçdim.Oxumalı idim,kitaba olan ehtiyacım maksimumda idi.. Bölüyə qayıdacağımız yolda isə Cənab Polkovnik durmuşdu. Bir qayda olaraq onun yanından keçdikdə nəisə xoşuna gəlmirdi və çox vaxt əsgərlərə qaçmaq,ya sürünmək əmri verirdi. Üstümdə kitabları apardığım halda onun yanından keçməli idim və yaxalanmaq təhlükəm var idi. Ola bilsin ki, həyatımın ən çətin seçimlərindən biri həmin an idi. 8 kitabdan 6sını saxladım.

2 kitabı ürək ağrısı ilə zibil maşınına tulladım. İkisini şalvarın cibinə qoydum. 2 kitabı kitelimin altında kəmərin arasına saldım. Digər 2-sini isə kitelin arxasına yerləşdirdim. Amma arxadakı kitablar uzaqdan seçilirdi.Onları da ixtisar etməli oldum.Kitabların biri -”Fəlsəfə” çox yekə idi. Onu maşına hansı hisslərlə tulladığımı təsəvvür edə bilsəniz..4 kitabım var. “Eşitdiklərim,oxuduqlarım,gördüklərim”-Manaf Süleymanov, “Bəxtiyar Vahabzadə -”Seçilmiş əsərləri” “Kreml sui-qəsdləri” “Qılınc və Qələm”-M.S.Ordubadi .Mümkün qədər belimi yığmışamki kitablar bilinməsin. Zibili atıb bitirdik və geri qayıdırıq. Sıra ilə addımlayırıq. Polkovnikə çatmağa cəmi bir neçə metr qalıb. Bütün yolu Allaha yalvarıramki bircə Polkovnik bizi saxlamasın. Polkovnikə çatanda öndəki çavuş komanda verir. Hamı düz addımlarla farağat vəziyyətində polkovnikə baxa baxa irəli gedir. Polkovnik telefonla danışır və hərbi salamı alır. Polkovniki keçirik. Ürəyimə sanki cənnət rahatlığı gəldi. Necə sevinirəm bir bilsəniz. Sevindiyimdən cərgədə hoppanıb düşmək istəyirəm.

4 kitab… Kitab oxumağı necə özləmişəm.Bunları birinci gün yoxlamasına qədər,yəqin bir neçə gün yatağımın altında gizlədərəm.gecələr gizli oxuyaram.Təzə bölükdə öz yerimi tutandan sonra birtəhər bölük komandiri ilə bu barədə razılığa gələrəm.. Birdən arxadan Polkovnikin bağırtısı gəlir: “Hamı qaçaraq geriyə!” “Cəld ol əsgər!” Elə bil ürəyimə bir xəncəri sapladılar və elə oradaca qaldı. Rəngim qaçdı. Cəzaya görə deyil, kitabların gedəcəyinə görə qıçlarım əsir. Bircə kitablarımı əlimdən almasınlar.. Cərgə ilə Polkovnikin önündə düzülürük. Polkovnik əllərini qarnının üstündə birləşdirib qıyıq gözləri ilə çavuşun üzünə baxır. Daha sonra bir bir hamının önünə gəlir. Başdan ayağa qədər süzür hamını bir bir. Sıranın ən sonundayam. Mənə çatmağına hələ 3 əsgər var. 2-si qaldı. 1-i qaldı.

Sonuncu. Polkovnikin səsinə diksinirəm. “Sənin süngü-bıçağın niyə üstündə deyil əsgər?” Əsgər dinmir. “Əsgər cavab ver!” Əsgər udqunur. Polkovnikin üzü mənə tərəf dönür. Gözümün ucu ilə ciblərimə baxıram. Kitablar qabarıb. Açıq aydın bilinir. Gözümü yumuram. Saniyənin mində biri anında bütün qəlbimlə bu anın bitməsini istəyirəm. Gözümü açdığımda Polkovnikin geriyə döndüyünü görürəm. Komanda gəlir: “Hamı qaçaraq marş bölüyə!” Bölüyə gəlirəm. Ayaqyolunda kitabları ciblərimdən çıxarıram. Kitabı qoxlayıram. Bu qoxunu necə özləmişəm. Anasından ayrı salınmış körpələr anasının qoxusunu özlədiyi kimi.. Bəxtiyar Vahabzadənin kitabıdır. İlk oxuduğum sətirlər hələ gözümün önündədir: Savadsızdır, Adını da yaza bilmir Mənim anam.. Ancaq mənə, Say öyrədib, Ay öyrədib, İl öyrədib; Ən vacibi: Dil öyrədib Mənim anam… Bu dil ilə tanımışam Həm sevinci, Həm də qəmi… Bu dil ilə yaratmışam Hər şeirimi, Hər nəğməmi. Yox mən heçəm, Mən yalanam. Kitab-Kitab sözlərimin müəllifi Mənim anam.. Elvin Dadaşov

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın