Menu
Geri İrəli

Analar və Tanrılar

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Aprel 2016 • Baxış sayı: 504 dəfə • Şərh yoxdur

ceyan xanim

Analar heç vaxt günahkar olmur. Orda da, burda da. Onlar övladlarını ölmək, öldürmək üçün böyütmür axı. Yəqin heç atalar da… Övladlar da günahkar deyil – atasını gözləyəndə o, sadəcə, atasını gözləyir, atasının sağ-salamat qayıtmasını arzulayır. Amma mütləq günaha batmışlar var. Mütləq var! Yoxsa axı Tanrılar bekar qalar…

Mən Sumqayıtın Mədəniyyət İdarəsinə tez-tez gedirəm. Daha uzun müddət getməyəcəm yəqin ki. Çünki orda övladı vətən uğrunda şəhid olmuş bir ana var. Biz onun yerində deyilik – nə ananın, nə atanın, nə də övladın. O ananın yerində olmayan qədər, onun gözünün içinə baxmayacaq qədər günahkarıq… Nə deyib təsəlli edərsən axı o ananı…
Bəlkə bir gün kimisə suyumundan, kimisə yerişindən, kimisə gülüşündən, baxışından oğluna oxşadacaq. Biz onun oğluna oxşadıqca da, oxşamadıqca da günaha batacağıq.
Torpağın üzü soyuqdur. Donu açılmayan ölkələrdə, torpaqlarda da belədir, heç vaxt soyuq olmayanlarda da.
Hər kəs unudur, soyuyur, buz olur, amma ananın hərarəti azalmır, köz üstünə köz qalanır…
…Hə, Tanrılardan danışırdım axı. Tanrı şəhid anasını o dünyada nə ilə mükfatlandıracaq ki, bu dünyadakı dəhşətin acısını unutdursun. Görəsən, Tanrı özü o ananın yerində olmaq istəyərdimi?! Onun övladını öldürsəydilər əli ilə kainatı sıxıb məhv etməzdimi?! Bir də görəsən, milyonlarla insanın ah-naləsi Tanrıya təsir edirmi, edirsə, necə təsir edir? Hərdən özünü günahkar hesab edirmi görəsən?
Görəsən, nə qədər günahkarıq? Kimin günahı çoxdur? Tanrıların ya insanların? Bunu ölçən tərəzi hardadır görəsən?
Bəlkə bizim ölməyimizdə Tanrıların heç bir rolu yoxdur. Onlar sadəcə yaradandır, yaratmaq işinə baxır, ölüm işi onlarlıq deyil. Bəlkə onlar heç öldürməyə qadir deyil. Bəs görəsən Tanrı intihar edə bilərmi? Edə bilərsə, deməli, ölümsüz deyil, yox əgər edə bilməzsə, deməli düşündüyümüz qədər qüdrətli deyil, hər şeyə qadir deyil. Bəs onda biz nə yapışmışıq bu kişinin ətəyindən?!

Vüsal Məmmədov, “168 saat” qəzetinin baş redaktoru

Facebook Şərhləndirmə:

Şərhinizi yazın