Menu
Geri İrəli

Axı rüşvətin Sumqayıta nə aidiyyatı var?!

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2014 • Baxış sayı: 1,652 dəfə • 1 şərh

elvin babayevBir neçə gün bundan əvvəl Sumqayıtın girəcəyindəki şəhərin adını əks etdirən lövhəyə kimsə və yaxud kimlərsə “Rüşvət verməyənə şörək yoxdur” yazmışdı və yaxud yazmışdılar. İnanın o qədər qəlbimə dəydi bu hərəkət. Qınadım həmin şəxsi və ya şəxsləri. Axı rüşvətin Sumqayıta nə aidiyyatı var?! Bizim şəhərdə çörək qazanmağın nə qədər istəsən yolu-yöndəmi var. Xahiş edirəm, toxunmayın Sumqayıta.

Onsuz da Şəfəq Ağacanın təbiri ilə desək, Sumqayıt yetim qalıb, sakinləri ilə birlikdə. Yerində deyilən söz. Nə isə keçək mətləblərə. Nə yalan deyim Eldar Əzizov şəhərimizə icra başçısı təyin ediləndən sonra keçirdiyi açıq toplantıda söylədiyi fikirlər bir sakin kimi məndə ümid oyandırdı ki, nəhayət Sumqayıtın illər boyu yığılıb qalan problemləri öz həllini tapacaq.

Ölkə prezidentinin Sumqayıta ayırdığı vəsait isə əminlik yaratdı ki, şəhərimizn siması dəyişəcək. Bəli, fikrimdə yayınmadım. Şəhərin siması dəyişdi, amma tərsinə. İnkubator cücələri kimi bütün şəhər alkopona və metlaxa büründü. Yağışdan sonra isə metlaxların bir hissəsi çökdü, bir hissəsi dağıldı. Mərmər bordürlər isə qar yağanda sakinlərin travmatik vahiməsinə çevrildi. Şəxsən bu bördürlərə ayaq qoyub səkiyə qalxmaq istəyən neçə-neçə insanın sürüşərək göydə “Ay ana!”, yıxılandan sonra isə “Öldüm, ay Allah” kimi nalələrini eşitmişəm. Sonrakı söyüş və qarğışları isə yazmaq istəməzdim. Nə isə deyib buna dözdük.

Başladılar şəhəri asfaltlamağa. Təbii ki, əsas küçələri. Asfaltladılar, rənglədilər, yenə də asfaltladılar, yenə də rənglədilər. Hər dəfəsində də filan-filan qədər dövlət vəsaiti xərcləndi. Maraqlısı odur ki, bu il döşənən asfalt gələn mövsümə davam gətirə bilmir. A qardaş, bu asfalta bir az qırdan-mazutdan, yapışqandan tökün ki, yerə yapışsın da. Yoxsa “odnorazıvıy” asfalt icad olunub, xəbərimiz yoxdur. Ötən həftələrdə şəhərin “Sülh” küçəsi yenidən asfaltlandı. Bu küçənin son 10-12 ildə üst-üstə asfaltlanmasını hesablasaq sayı ona çatar. Hər dəfəsində də şəhərin əsas avtomobil yollarından olan bu küçə bağlandıqda ətraf yollarda əməlli-başlı tıxac yaranır. Təmirdən sonra sakinlər dərindən nəfəs almağa macal tapmamış yenidən bu küçədə təmir işləri başlandı. Axı bizlərdə adətdir, əvvəlcə yolu çəkirik, sonra yadımıza düşür ki, asfaltladığımız yolun altından hansısa boru və ya xətt keçməli imiş. Di ya Allah, sökün həmin yeri. Bu dəfə də söküntünün səbəbini, ha fikirləşdim tapa bilmədim ki, bilmədim.

Və axırda belə bir qənaətə gəldim ki, yolun təmirinə məsul kimsə huşsuzdur. Ola bilsin ki, min manatlıq iphone telefonu qalıb asfaltın altında. Zarafat deyil ha, o boyda şəxsin telefonu itib, mütləq tapılmalıdır. Çünki həmin məsul şəxs maaşa baxan bir məmurdur, özü də telefonu kreditə götürüb. Heç rəvadırmı ki, şanlı məmurumuz iphone-dən mərum olub min manat ziyana düşsün. Ondansa dövlətin büdcəsindən minlərlə manat xərclənsə, daha məqsədəuyğundur. Çünki büdcəni sənəd-sünədlə qaydaya salmaq olar, amma həmin məmur evdə necə sübut eləsin ki, bahalı telefonu salıb-itirib. Buradan ailə-məişət zəminli cinayət hadisəsinin qoxusu gəlir.

Qoxu demişkən, qarşıdan qar qoxulu qış fəsli gəlir və qar demişkən, ötən qışda qarın şəhəri iflic etməsi yəqin ki, yaddaşlardan çıxmayıb, heç çıxası hadisə də deyil. Halbuki, şəhər rəhbərliyi yayın cırhacırında sakinləri arxayın edirdi ki, qorxutmayır boran bizi, qar bizi. Çünki qartəmizləyən, duzsəpən, qumtökən maşınlar doludur. Amma nədənsə bir-iki “ZİL”dən və lopatkalı fəhlədən başqa texnika görmədik. Hə, imanımı yandırmayım, bir-iki dənə də qartəmizləyən “Sülh” küçəsini təmizləyirdi. Nəinki bişmiş, parça-parça olmuş toyuğun da gülməyi gələr ki, respublikanın üçüncü böyük şəhərini bir-iki texnika qardan təmizləyir. Siz də gülün, çünki gülüş ömrü uzadır. Gülərkən yerində obyektlər ucalan kəsilmiş ağaclara arada ağlayın.

Hansısa işbazların güdazına gedən təbii “ağciyər”lərimizin əvəzinə qəpik-quruş cərimə kəsildi. Nəticəsi nə oldu? Tikilməsi nəzərdə tutulan obyekt tikildi. Qarış-qarış doğranan, tikə-tikə satılan Sumqayıtın halına gülmək yox, ağlamaq lazımdır. Ağlayın, cənablar, ağlayın. Çünki ağlamaq dərdləri yüngülləşdirilir.

Facebook Şərhləndirmə:

“Axı rüşvətin Sumqayıta nə aidiyyatı var?!” yazısına bir cavab

  1. Əhməd deyir:

    Hörmətli müəllif xahiş edirəm yazılarınıza diqqətlə nəzər salın ki, birdə texniki səhvlər etməyəsininiz. Belə ki, “lopatkalı fəhlədən” yox “lopatkalı müəllimdən” sözləri yazılmalıdır.

Şərhinizi yazın