Menu
Geri İrəli

Azərbaycan üçün Cənubi Koreya modeli?

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Yanvar 2016 • Baxış sayı: 1,574 dəfə • 1 şərh

kenan aslanli 2Cənubi Koreyanın yüksək texnologiya və innovasiyada bu gün dünya liderləri olan nəhəng elektronika və avtomobil şirkətləri Samsung, LG, Hyundai və Kia Motors ötən əsrin 30-40-cı illərində əsasən ailə şirkətləri kimi yaranıblar. İlk dövrlərdə texnologiya tutumlu olmayan nisbətən bəsit sahələrdə fəaliyyət göstəriblər. Samsung qida məhsulları və tekstil istehsalı, həmçinin sığorta və pərakəndə satış ilə məşğul olurdu. LG plastik məmulatlar istehsal edirdi. Hyundai sadəcə tikinti şirkəti idi. Kia Motors isə polad borular və velosipedin ayrı-ayrı hissələrini kustar üsulla hazırlayırdı (yalnız yaranandan 7 il sonra Kia tam velosiped istehsal edə bildi).

Ötən əsrin 50-ci illərində bu şirkətlər tədricən böyüməyə başlasalar da, onların əsas inkişafı ötən əsrin 60-cı illərindən başladı. Keçmiş hərbçi, general Park 1961-ci ildə dövlət çevrilişi ilə Koreyanın prezidenti olduqdan dərhal sonra 5 illik iqtisadi planla yeni sənayeləşmə siyasəti başlatdı. Bu siyasət yerli böyüməkdə olan özəl ailə şirkətlərinin yüksək texnologiya və sənaye sektorunda dövlət tərəfindən tam dəstəklənməsi ilə onların yerli dildə “chaebol” adlanan nəhəng korporasiyalara çevrilməsinə əsaslanırdı. Ötən əsrin 80-ci illərindən etibarən yuxarıda qeyd etdiyim şirkətlər hamısı dövlət dəstəyi ilə elektronika, ağır sənaye, maşınqayırma, gəmiçilik kimi sahələrə daxil oldular və möhkəmləndilər. Dövlət dəstəyi birbaşa maliyyə yardımları, xarici kreditə çıxışda dövlət zəmanəti və hətta bu şirkətlərin xeyrinə idxalda proteksionizm (yerli istehsalçını qorumaq üçün analoji məhsulun idxalına yüksək gömrük rüsumu tətbiqi və digər məhdudlaşdırıcı addımlar) tədbirlərini əhatə edirdi.

“İnkişafa yönəlik dövlət” (developmental state) modeli də adlanan və Cənubi Koreya kimi bir sıra ölkələrdə uğurlu olan (təbii ki, bəzi qüsurlarına rəğmən) bu modeldə dövlət sənayeləşməni və innovativ iqtisadiyyat quruculuğunu tam dəstək verdiyi yerli şirkətlər vasitəsilə həyata keçirir. Dövlətin proteksionist addımları və maliyyə dəstəyi ilə böyüyən yerli istehsalçı tədricən ağır sənaye, elektronika, avtomobil sənayesi kimi sahələrdə innovativ məhsullar istehsalı və texnoloji yeniliklər ilə dünya bazarında öz yerini tutmağa başlayır. Ancaq dövlət müəyyən müddətdən sonra daxili iqtisadiyyatda tam rəqabət mühitini də bərpa edir.

Eyni model Azərbaycan üçün də keçərli ola bilərmi? İlk öncə bilməliyik ki, dövlətin yerli şirkətləri qorumaq siyasəti daxili bazarda bahalaşma və inhisarçılıq kimi meylləri bərabərində gətirir. Amma bu da bir reallıqdır ki, son 10 ildə Azərbaycanda yerli iri istehsalçıları və holdinqləri rəqabətdən qorumağa və onlara dəstəyə yönəlik addımlar atılır. Rəsmi bəyanatlarda ÜTT-yə daxil olmamağımızın səbəbi kimi də yerli istehsalçıların qorunması göstərilir. Yəni dövlət bu modeli artıq sanki seçib. Belə olan halda bu gün üzdə olan Azərbaycan holdinqləri 5-10 ilə Cənubi Koreya şirkətlərinin vaxtilə əldə etdikləri nailiyyətləri təkrarlaya biləcəklərmi? Hələlik yerli holdinqlərin bir çoxu istehsaldan çox bank, sığorta və turizm kimi xidmət sahələrinə fokuslanıblar. Bununla yanaşı istehsalla məşğul olanlar da var, ancaq yüksək texnologiya və innovasiya sahələrində yox, daha çox az texnologiya tutumlu qida məhsulları və bəzi aralıq sənaye məhsulları istehsalı kimi sahələrdə.

Əgər biz tam azad rəqabətə əsaslanan liberal iqtisadi model əvəzinə dövlət dəstəkli və məhdud rəqabətli inkişaf modeli seçiriksə, onda bilməliyik ki, Azərbaycanda ötən əsrin 60-70-ci illərinin uğurlu Cənubi Koreya modelinin tətbiqi üçün bəzi ilkin şərtlər ödənməlidir. Yəni dövlətin iqtisadiyyatın prioritet sektorlarına, sənayeləşməyə və innovativ istehsala yönəlik və tətbiqi real olan dəqiq inkişaf planları işlənməli, bürokratik və institusional keyfiyyət yüksəldilməli, dövlətin maliyyə resursları səmərəli istifadə olunmalı, daxili iqtisadiyyatın əsas oyunçuları olan holdinqlərin özləri də innovasiyalara meylli olmalı və onlar üçün yaradılmış indiki xüsusi mühitdən effektiv istifadə etməlidirlər. Əks halda müvəqqəti rəqabətsizlik nə o şirkətlərə, nə də ölkə iqtisadiyyatına fayda verməyəcək.

Kənan Aslanlı, iqtisadçı

Facebook Şərhləndirmə:

“Azərbaycan üçün Cənubi Koreya modeli?” yazısına bir cavab

  1. Ilgar deyir:

    Bu cox duzgun meqaledir! Amma efsuslar olsun ki,itirilen vaxti Geri qaytarmaq olmayacaq!

Şərhinizi yazın