Menu
Geri İrəli

Azərbaycanın multikulturalizm modeli: tarixi tolerantlıq ənənələrindən beynəlxalq miqyasda tanınmış örnəyə doğru

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Avqust 2017 • Baxış sayı: 464 dəfə • Şərh yoxdur
Share Button

sevdaeliyeva-meqale“Multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar.”  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.

Azərbaycan milli-mənəvi dünyasının məğzində, mayasında mədəni rəngarəngliyin ahəngdar uyuşumu, min illərdən bəri gələn və xalqımızın mental xarakteristikasının üzvi hissəsinə çevrilən polietnik cəmiyyətdə birgəyaşayış ənənələrinin norma və dəyərləri durur. Yeri gəlmişkən, Azərbaycan ədəbiyyatı Azərbaycan mənəviyyatının ümumbəşəri mündəricəli tolerantlıq və humanistlik prinsipləri ilə uzlaşdığını əyani şəkildə sərgiləyir. Xalqımızın etik canatımlarını, ümumhumanist siqlətini ifadə edən ədəbiyyatımız özünün ən ülvi örnəklərində tarixi çağların çeşidli ictimai-siyasi dönəmlərində dinindən, dilindən, irqindən asılı olmayaraq, bəşər ideallarını tərənnüm etmişdir. “Eşqdir mehrabı uca göylərin” mülahizəsi ilə bədiiyyat dünyasına yola çıxan ulu Nizami etnik və konfessional maneələrin insan səadətini əngəlləyə bilməyəcəyini özünün ədəbi-fəlsəfi kredosuna çevirmişdi. Kamil və azad insan tərənnümçüsü Nəsiminin bütünlükdə poeziyası başqa dinlərə tolerant münasibət üzərində qurulmuşdur. “İlahi, baqi olsun daim insanpərvər iqbali” deyən dahi Füzuli bəşər övladının bərabərliyi ideyasını vəsf etmişdir.

S.Ə. Şirvani “insan olmaq bir şəxsin müsəlman olub olmamasından asılı deyil” həqiqətinə inanırdı. Abdulla Şaiq “həpimiz bir günəşin zərrəsiyiz” deyirdi. Məhəmməd Hadi “qardaşız, qardaşız, ey insanlar” deyə insanlığa xitab edirdi. Bir sözlə, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın qeyd etdiyi kimi, “Azərbaycan elmi-fəlsəfi, publisistik təfəkkürünün tarix boyu ortaya qoyduğu nümunələr dünya tolerantlıq və multikulturalizm xəzinəsinə əsl töhfədir”.

Belə bir fakt şübhə doğurmur ki, ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən və dinlər və mədəniyyətlərarası ünsiyyəti, dialoqu özünün strateji yaşam prinsipinə çevirən siyasi kurs məhz yuxarıda qeyd olunan ənənələrin üzərində qurulmaqla, onların zamanın sosiomədəni yönəlişliklərinə uyğun bir şəkildə ifadəsidir. Bununla yanaşı, belə bir siyasət qloballaşan dünyanın sosiomədəni və geosiyasi perspektivlərinin mütərəqqi vektoruna uyğun gəlir, belə ki, müxtəlif xalqları və ölkələri qanlı qarşıdurmalar və sonsuz münaqişələr girdabına sürükləyən ksenofobiya, milli, dini və irqi ayrı-seçkilik, soyqırımı ideologiyalarına qarşı çıxmaqla, ümumbəşəri inkişafın zəmanətçisinə çevrilir. Məhz multikultural dəyərləri əldə rəhbər tutan strategiya sivilizasiyalar arası konfrontasiyaları müjdələyən və bütöv ölkələri xərabəliklər içərisində buraxan cahanşümul kolliziyalara qarşı real alternativ kimi çıxış edir. Çox sevindirici haldır ki, Azərbaycan rəhbərliyi məhz bu mütərəqqi meyli özünün öz dövləti varlığının üzvi hissəsinə çevirməklə, həm daxili, həm də xarici siyasi fəaliyyətində dolğun bir şəkildə gerçəkləşdirməkdədir. Prezident İlham Əliyevin 2014-cü il iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında söylədiyi nitqində qeyd etdiyi kimi, “Əfsuslar ki, dünyanın müxtəlif yerlərində, qonşu bölgələrdə, Orta Şərqdə və Avropada müəyyən narahatlıq yaradan meyillərin şahidi oluruq. Təcridolunma, ayırma və bəzən ədavət meyillərini görürük. Çünki dünyaya töhfə vermək, daha yaxşı dünyanı, hamı üçün müvafiq olan dünyanı qurmaq üçün yaşayırıq. İstəyirik ki, bütün xalqların, dinlərin nümayəndələri yaşayış tərzindən asılı olmayaraq, layiqli şəraitdə dinc həyat sürsünlər. Dini hisslərə əsaslanan gərginlik halları bütün ölkələr, o cümlədən çoxmillətli cəmiyyəti olan ölkələr üçün çox təhlükəlidir”.

Azərbaycan dövlətçiliyinin zəngin tarixi ənənələrindən nəşət edən multikultural model XX əsrin sonlarında məhz ulu öndər Heydər Əliyev cənablarının yaratdığı sabit və dayanıqlı idarəçilik sistemi çərçivəsində ölkə siyasi gündəmində layiqli yer tutmuşdur. Müstəqilliyin ilk illərində ölkəmizi öz amansız cənginə almış və Azərbaycan dövlətçiliyini real məhv olma eşiyinə gətirib çıxarmış fəlakətli proseslərə son qoyan, milli kollapsdan xilas edən Heydər Əliyev respublikamızda etno-konfessional sülhün təminatçısı, milli-mənəvi dəyərlərin qoruyucusu olmuşdur. Məhz Ümummilli liderin formalaşdırdığı prinsiplər sayəsində müxtəlif dini icmalar öz tədbir və mərasimlərinin təşkilində, dini ayinlərinin həyata keçirilməsində dövlət qayğısı və himayəsi ilə əhatə olunmuşdur. Azərbaycan rəhbərinin iştirak etdiyi müxtəlif beynəlxalq məclislərdəki çıxış və nitqlərində dinlərarası, mədəniyyətlərarası dialoq ideyası dönə-dönə vurğulanmışdır. “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” söyləyən ulu öndər inkişafa müvafiqlik baxımından polietnik cəmiyyətin məziyyətlərini dolğun bir şəkildə açıqlayırdı. Təsadüfi deyildi ki, böyük dövlət xadiminin müəllifi olduğu Azərbaycan dövlət hüquq sistemi insan haqlarına dərin ehtiram üzərində qurulmaqla, multikultural və tolerant ictimai modelin qərarlaşması üçün zəruri siyasi-hüquqi şərtləri ehtiva etməkdədir. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Əsas Qanunun 48-ci maddəsi vicdan azadlığının zəmanətçisi kimi çıxış edir.

Unikal Azərbaycan multikultural modeli bilavasitə azərbaycançılıq ideologiyasına “hörülməklə”, onun önəmli mahiyyət xarakteristikasını təmsil etməkdədir. 1990-cı illərin əvvəllərinin ümumi xaos şəraitində bölücülük və etnik əlahiddələşmə meyllərinin qarşısını məhz bütün fərqlilikləri bir ümumiyə müncər edə biləcək ideoloji konstruksiya ala bilərdi ki, həmin konstruksiya rolunda Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin qayəsində duran azərbaycançılıq çıxış etdi. Azərbaycançılıq ölkəmizdə yüzillərlə yaşayan və sosiomədəni bütövlüyü təşkil edən çeşidli etnosların vətəndaş milləti çərçivəsində zəruri kommunikasiyasının ideya əsaslarını verir; o, əsla müxtəlifliyi inkar etmir, fəqət bu müxtəlifliyin ziddiyyət anlamında deyil, fərqliliklərin zəngin vəhdəti kimi qavranılmasına optimal şərait yaradır. Ulu öndərin dediyi kimi, həqiqətən də “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır”. Görkəmli dövlət xadiminin ən başlıca əsəri olan çağdaş Azərbaycan Respublikası məhz millətlər və dinlərarası harmoniyanın, xoşgörünün və sivilizasiyalar arası dialoqa açıqlığın gündəlik yaşam normasına çevrildiyi, bu sahədə unikal təcrübənin ortaya qoyulduğu multikultural siyasi və sosiomədəni model təşkil etməkdədir. MDB məkanında dağ yəhudilərinin yeganə məskəni – Qırmızı Qəsəbənin Azərbaycanda yerləşməsi, habelə unikal molokan kəndinin – İvanovkanın, udin Nic kəndinin, özünəməxsus dili, adətləri və ənənələri olan Xınalıq kəndinin və başqa milli azlıqların yaşadığı yüzlərlə məskənlərin mövcudluğu məhz ahəngdar Azərbaycan etnomədəni dünyasının vizit kartıdır. Və bu unikal durum yuxarıda bəhs etdiyimiz modelin uğurlu tətbiqi ilə önəmli dərəcədə əlaqədardır.

Ulu öndər Heydər Əliyevin strateji kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev multikulturalizm sahəsində dövlət siyasətini həm məzmun, həm də keyfiyyət etibarı ilə yeni səviyyəyə çıxarmışdır. Əminliklə söyləmək mümkündür ki, İlham Əliyev sadəcə Heydər Əliyevin strateji prinsiplərinin varisliyini təmin etməmiş, eyni zamanda bu prinsiplərə yaradıcı şəkildə, novatorcasına yanaşaraq, onlara yeni siyasi zamanın ölkəmiz qarşısında qoyduğu məqsəd və vəzifələrə uyğun olaraq yeni məzmun vermişdir. Dövlətimizin həyat fəaliyyətinin bütün sahələrində olduğu kimi, mədəniyyətlərarası münasibətlər və etnokonfessional sferada siyasət də misilsiz uğurlara imza atmışdır. Dünyada yetərincə mürəkkəb siyasi proseslərin cərəyan etdiyi, iqtisadi böhran və depressiyaların geniş miqyas kəsb etdiyi, hərbi qarşıdurmaların, sosial və geosiyasi münaqişələrin təhlükəli həddə çatdığı bir zamanda Azərbaycan nəinki qlobal təhdidlərə müvəffəqiyyətlə sinə gərmiş, həmçinin bir çox inkişaf etmiş ölkə üçün belə örnək sayıla biləcək öz unikal modelini əməli müstəviyə çıxarmışdır.

Dövlətimizin başçısının 2014-cü ilin oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.

Yuxarıdakı yönəlişlik İlham Əliyev cənablarının xarici-siyasi kursunun mahiyyət prinsiplərindən birini təşkil etməklə, dönmədən həyata keçirilməkdədir. Əslində ölkə prezidentinin dövlətçilik fəlsəfəsinin təməlində duran fundamental məqsəd – Azərbaycanın təhlükəsizliyinin və tərəqqisinin ən optimal şərtlərinin təminatı – müəyyən siyasi davranış alqoritmini zəruri edir; belə bir alqoritm çərçivəsində isə qlobal güvənliyin ümdə şərti kimi çıxış edən və siyasi fərqliliklərin kommunikasiyası, mədəniyyətlərarası dialoq ideyasına söykənən multikulturalizm strategiyası ilkin dərəcəli önəm kəsb edir. Faktiki olaraq İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan daxilində formalaşmış multikultural model artıq qlobal səviyyəyə çıxarılmaqla, geniş beynəlxalq tanınma və etirafa nail olmuşdur. Təsadüfi deyildir ki, son illərdə Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq mövzusuna həsr olunmuş müxtəlif mötəbər beynəlxalq forumlara ev sahibliyi etmişdir.

Tarixdə ilk dəfə olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısı Bakıda keçirildi və bu tədbirə İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirləri də dəvət edildi. Bu tədbirin böyük siyasi mənası var idi. Belə ki, 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmişdir. 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə Avropa Şurasının mədəniyyət nazirləri dəvət edildi. Bununla da sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesinin” əsası qoyulmuşdur. Bu proses mədəniyyətlər arasında anlaşmanın, dialoqun və tolerantlığın, habelə Müsəlman və Qərb cəmiyyətləri arasında əməkdaşlığın inkişafı, xalqlar arasında olan dini və  mədəni gərginliyin azaldılması məqsədilə barışdıran və sakitləşdirən qüvvələrə dəstək göstərməklə, mədəniyyətlər arasında hörmət və qarşılıqlı anlaşmanın qurulması və s. bu kimi hədəfləri güdür.

“Bakı prosesi” sonradan Azərbaycanda dünya liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi. Tədricən sözügedən proses qlobal hadisəyə çevrildi. 2010-cu ildə BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini elan etmişdir. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildən bir Azərbaycanda keçirilir. İndiyədək Bakıda üç Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir (I Forum 7-9 aprel, 2011; II Forum 29 may-01 iyun, 2013; III Forum 18-19 may, 2015). Bu Forumlar YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşmışdır. “Bakı prosesi” çərçivəsində həyata keçirilmiş digər mühüm tədbirlərdən ölkəmizdə 2010-cu ilin 26-27 aprel tarixlərində keçirilmiş Dünya Dini Liderlərinin Sammitini, 2011-ci ildən indiyədək keçirilmiş dörd Beynəlxalq Humanitar Forumu (2011, 2012, 2013 və 2014) və 2016-cı ilin 25-27 aprel tarixlərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu göstərmək olar. Yeri gəlmişkən, sonuncu tədbirin Bakıda keçirilməsi  Azərbaycan dövlətinin nüfuzunun daha da artmasında, eləcə də xalqımızın tarixi-mədəni irsinin dünya miqyasında tanıdılmasında və təbliğində böyük önəmə malikdir. Eyni zamanda bu, dünya ictimaiyyətinin Azərbaycanın özünəməxsus multikultural modelinə marağını da ifadə edir.

Son illərdə Azərbaycan rəhbərliyi multikulturalzim sahəsində dövlətimizin strateji prinsiplərininin institusional səviyyədə təsbiti istiqamətində daha təsirli addımlar atmaqdadır. Prezident İlham Əliyev 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirinin Xidmətini yaratmışdır. Bu gün bu xidmət ölkənin ideoloji həyatının önəmli istiqamətlərini əlaqəli şəkildə öyrənən, obyektiv səbəbdən özünü göstərən müəyyən boşluqların doldurulmasını təmin edən vacib bir orqan kimi fəaliyyətini qurmaqdadır.

Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti əhəmiyyətli addımı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair 15 may 2014-cü il tarixində imzaladığı fərman oldu. Bu mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etməkdir. Mərkəz millətlərarası, konfessiyalararası və mədəniyyətlərarası münasibətlər sahəsində ölkəmizin təcrübəsinin öyrənilməsi və təbliği üzrə müxtəlif layihələr həyata keçirir.

Dövlətimizin fərqli mədəni və etnokonfessional varlıqlara dözümlülük (tolerantlıq), qarşılıqlı hörmət, qayğıkeşlik kimi təməl prinsipləri içərisinə aldığı siyasi xətti nəinki ölkə daxilində həyat tərzinə çevrilmiş, eyni zamanda Azərbaycanın qanayan yarası olan Qarabağ haqqında həqiqətləri qlobal informasiya məkanında daha gur səslə bəyan etmək üçün son dərəcə təsirli vasitəyə çevrilmişdir. Məhz milli-mədəni rəngarənglik mühitinin formalaşdığı və daha da inkişaf etdiyi çağdaş Azərbaycan Respublikası ilə müqayisədə etnik təmizləmənin həyata keçirildiyi, ksenofobiyanın, etnik şovinizmin və irqçiliyin az qala dövlət siyasəti səviyyəsinə yüksəldildiyi işğalçı Ermənistanın gerçək antihumanist mahiyyəti bütün çılpaqlığı ilə üzə çıxır. Bu məqam dövlət rəhbərliyi tərəfindən dəfələrlə müxtəlif beynəlxalq forumlarda vurğulanmış və vurğulanmaqdadır. Bu baxımdan Prezident İlham Əliyevin 2015-ci il noyabrın 17-də Parisdə UNESCO Baş Konfransı 38-ci sessiyasının Liderlər Forumunun tribunasından Ermənistanın mədəni irsə qarşı vandalizm siyasətini ifşası səciyyəvidir: “İşğal nəticəsində ölkəmizin 600-dən çox tarixi və memarlıq abidəsi, 40 min eksponatı olan 22 muzey, 10 məscid məhv edilmişdir. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa edilmiş erməni kilsəsini görə bilərsiniz… Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi məhv edə bilməzlər, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər”.

Uğurla gerçəkləşdirilən siyasi kurs çərçivəsində İlham Əliyev cənabları Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf –cı etdirilməsi və geniş təbliğ olunması məqsədilə bu ilin yanvarın 11-də 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Daha sonra, mart ayının 11-də Azərbaycan Respublikası Prezidentinin növbəti sərəncamı ilə “Multikulturalizm ili elan edilməsinə dair Tədbirlər Planı” təsdiqlənmişdir. Bu mühüm dövlət sənədi Azərbaycan hökumətinin sözügedən sahədə prioritet vəzifələrini müəyyənləşdirir. Əslində multikultural sferada “Tədbirlər Planı” kimi təfərrüatlı bir proqramın qəbulu ölkəmizdə bu məsələyə verilən önəmi vurğulamaqla yanaşı, dövlətin humanitar siyasətinin institusional cəhətdən təkmilləşməsini göstərir və bu siyasəti keyfiyyətcə yeni mərhələyə çıxarır.

  Siyasi elmlər doktoru Sevda Əliyeva.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın