Menu
Geri İrəli

Ən effektiv reklam haradadır? – İŞ ADAMLARI ÜÇÜN “BÖHRAN RESEPTİ”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2015 • Baxış sayı: 606 dəfə • Şərh yoxdur

afetAzərbaycanda iqtisadi aktivliyin aşağı düşməsi özünü reklam bazarında da göstərib. Son vaxtlar şirkətlər reklam xərclərini azaltmağa başlayıblar. Bu vəziyyətin nə qədər davam edəcəyi isə iqtisadi aktivliyin bərpa olunmasından asılıdır.

Reklam bazarındakı durum, reklam üsulları və hansı reklam vasitələrini daha effektiv olması ilə bağlı fins.az-ın suallarına «Laboratoriya» PR agentliyinin direktoru Afət Yaqubova cavab verir.

«Reklamlar azalıb, şirkətlər daha sponsor olmaq istəmirlər» 

- Azərbaycanda iqtisadi aktivliyin azalması şirkətlərin reklam büdcələrinə necə təsiredir? Reklama ayrılan məbləğlərdə azalmalar var?

- Bununla bağlı dəqiq rəqəmləri yəqin bir qədər gözləyəcəyik, çünki azalmalar həm də mövsümi əhəmiyyət daşıyır. Amma müşahidələr göstərir ki, böyük şirkətlər reklama xərclədikləri pulu əhəmiyyətli dərəcədə azaldıblar, orta şirkətlər gözləmə mövqeyindədir, kiçik şirkətlər isə reklam barədə ümumiyyətlə düşünmürlər.

- Yəni hamı reklam xərcini azaldıb?

- Xeyr, fərqli vəziyyətlər də var. Bəzi şirkətlərdə ümumiyyətlə reklam büdcələri dəyişməyib. Məsələn, iri, brend tikinti şirkətləri reklamı dayandırmayıblar. Onlar başa düşürlər ki, inşa etdikləri binaları reklam etməsələr ordan mənzil alan olmayacaq. Amma ən maraqlısı odur ki, indiyə qədər reklam verməyən bəzi şirkətlər reklama üz tutublar. Onlar bu yolla satış həcmini artırmaq istəyirlər. Amma ümumilikdə reklam xərclərinin azaldığı hiss olunur.

- Reklam xərclərinin azalması ən çox hansı KİV-lərə təsir edir?reklam

- Bundan ən çox əziyyət çəkən televiziya kanallarıdır. Əvvəllər hansısa populyar verilişin bir neçə sponsoru olardı, amma indi elə də dəbdə deyil. Şirkətlər efirdən adlarının çəkilməsində əvvəlki kimi maraqlı deyil. Şirkətlərin nüfuz göstəricisi olan PR addımları, məsələn, korporativ sosial məsuliyyət layihələri kəskin azalıb.

- Sizcə bu vəziyyət uzun çəkəcək?

- Hesab edirəm ki, bu müvəqqəti vəziyyətdir. Çünki, əgər hər hansı şirkət öz məhsulu barədə danışmırsa, onda rəqib şirkət danışıb bazarı ələ alacaq. Onu da nəzərə almaq lazımdır ki, insanlar böhran vaxtı öz alıcılıq qavbiliyyətlərini diqqətlə yoxlayırlar, yeni variantlara baxırlar. Yəni, ola bilər ki, kimlərsə indiyə qədər hansısa məhsulu alıblar, amma pul azalanda, böhran dövründə daha ucuz variantlar axtarsınlar. Rəqiblər də məhz bu vəziyyətdən istifadə edə bilərlər.

«Böhran dövründə reklamı kəsmək olmaz» 

- Ümumiyyətlə, iqtisadi böhran dövründə reklama pulu necə xərcləmək lazımdır? Reklam büdcəsini artırmaq yoxsa azaltmaq məqsədəuyğundur?

- İqtisad böhran vaxtı təbii ki, reklama kortəbii pul xərcləmək lazım deyil, çünki şirkətin ayaqda qalması çətinləşə bilər. Vəziyyətə uyğun addımlar atmaq lazımdır. Məsələn, rəqiblər ondan öndədirsə reklama getmək lazımdır. Və yaxud tutaq ki şirkət indiyə qədər öz məhsullarını bütün ölkə miqyasından reklam edib. Amma onun potensial müştəriləri əsasən paytaxtdadır. Reklam büdcəsi azdırsa diqqəti paytaxta yönəltmək lazımdır.

- Bazar payını artırmaq üçün indi əlverişli dövrdürmü?

- İqtisadi böhran bəziləri üçün yaxşı fürsət ola bilər. Dünya təcrübəsi göstərir ki, böhran vaxtı daha çevik davranmağı bacaranlar bu böhrandan üzüağ çıxırlar. Məsələn, böhran vaxtı insanlar daha çox istehlak mallarına, xüsusilə də ərzaq məhsullarına meyllənirlər. Başqa hansısa əmtəə və xidmətlərə də maraq arta bilər. Pulu ağıllı xərcləyib iş quranlar böhrandan fayda götürürlər.

İnsanlar hələ də ən çox televiziyaya inanırlar

- Hansı reklamlar daha effektivdir? Televiziya yoxsa internet?

- Azərbaycanda internetdən istifadə ildən-ilə genişlənir, amma hələ də insanlar üçün etibarlı məlumat mənbəyi televiziya olaraq qalır. İnsanlar düşünür ki, əgər hər hansı şirkətin məhsulu ölkə səviyyəsində reklam olunursa, bu, etibarlı şirkətdir. Bununla belə, istənilən məhsulu televiziyada reklam etməzdən əvvəl marketinq araşdırmaları aparmaq lazımdır. Yəni, televiziyaya baxan insanlar bu məhsulu və ya xidməti alacaq adamlardırmı? Məsələn, evdar qadınlar televiziyaya çox baxır və onların ala biləcəyi məhsulu efirdə reklam etmək olar. Burada yaş amili də nəzərə alınmalıdır. Məsələn, gənclər internetə çox meyllidir. Yaxud da təqdim edilən məhsul və xidmətin xarakterindən asılı olaraq addımlar seçilir. Misal üçün, əgər hansısa məhsulun satışı internetlə həyata keçirilirsə, onu ilk növbədə internetdə reklam etmək lazımdır. Effekti artırmaq üçün sonra televiziyaya üz tutmaq olar.

 ”Facebook”da reklam əlverişlidir, amma…

- Bəs internetdə reklamın hansı növü daha üstündür –”Facebook” yoxsa ayrı-ayrı saytlar?

- “Facebook”da reklam imkanları var, amma nəzərə almaq lazımdır ki, onlar da çox olduqca, bir-birindən fərqlənmir. Necə ki, saytlarda statik reklamlar bir-birinə bənzəyir. Oxucusundan asılı olaraq saytların da reklam gücünü diqqətdən qaçırmamaq lazımdır – çünki “Facebook”a girənlər əksər hallarda orda yayılmış hiperkeçid (link) vasitəsilə saytlara keçirlər. Elə adamlar var ki, onlar ümumiyyətlə “Facebook”dan istifadə etmirlər, yalnız xəbər saytlarına baxırlar. İnternetdə reklam zamanı da oradakı potensial müştərinin kimliyini müəyyən etmək, sorğular keçirmək lazımdır.

 - İnternet reklamın əsas üstünlüyü nədədir?

- İnternet reklamının əsas üstün cəhəti odur ki, burada verilmiş reklamı nə qədər adamın gördüyü barədə statistika əldə etmək mümkündür. Məsələn, saytlarda reklama nə qədər klik edilirsə bunu müəyyən etmək olur. Həmçinin “Facebook” buraxılmış reklamı nə qədər istifadəçinin gördüyünü bildirir. Halbuki, küçədə bilbord üzərində qoyulmuş reklama nə qədər adamın baxdığını, onun yanından neçə adamın keçdiyini bilmək mümkün deyil.

- Azərbaycanda sosial şəbəkələrdən istifadənin genişlənməsi kiçik büdcəli şirkətlərin işinə necə təsir edib? Onlar “Facebook”da reklamın xeyrini görə bilirmi?

- Təbii ki, əgər şirkət kiçikdirsə onda öz reklamını sosial mediada etmək daha münasibdir. Amma potensial müştərinin sosial mediada necə təmsil olunmasından çox şey asılıdır. Yəni müştəri orda deyilsə onda reklam qapı-qapı düşməklə olsa belə edilməlidir. Pulun az olması hələ o demək deiyl ki, yalnız sosial mediadan istifadə etmək lazımdır. Onu da nəzərə almaq lazımdır ki, “Facebook”da reklam həddindən çox artıb, insanların diqqətini əvvəlki kimi cəlb etmir. Sabit formalı reklamlardır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın