Menu
Geri İrəli

Əsgər qardaşıma

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2015 • Baxış sayı: 922 dəfə • Şərh yoxdur
Share Button

esgerƏziz əsgər qardaşım, Mən bu məktubu sənə soyuq qış gecəsində isti evdə özümə bir stəkan çay süzüb yazmağa başlayıram. Ancaq bilirəm ki, bu məktubu yazdığım dəqiqələrdə sən səngərdə qarlı, şaxtalı havada əllərini buz kimi kəsən soyuq silahını bərk-bərk sıxıb iti nəzərlərini bir an da olsun düşmən mövqelərindən ayırmırsan. Otaqda mənim çayımın buxarı yüksəlir, səngərdə isə sənin odlu nəfəsinin…

Əziz qardaşım, gecənin ortasında isti yatağından qalxıb Vətənin keşiyini çəkirsən… Yorğunluğunu, yuxusuzluğunu, soyuqdan donan əllərini nəinki təsəvvürümdə canlandırıram, sanki hiss edirəm, görürəm. Çünki mən də əsgər olmuşam. Sənin səngərdə çəkdiyin keşiyi mən də bir neçə il əvvəl Vətənimizin sərhədində çəkmişəm. Mən sərhəddə – Vətənimizin torpaqlarının bitdiyi nöqtədə idim. Lakin sən Vətən torpağında olsan da, düşmənlə üz-üzəsən.

Əsgər qardaşım, düşmən mövqelərinə baxarkən gecənin qaranlığında qarşı tərəfdə – tək-tük yanan işıqları, qaranlıqda hərəkət edən maşınları görəndə qəzəbindən silahına daha da bərk sarılırsan. Əslində, ən çox bax, bu məqamda sənin yanında olmaq, düşmənə nifrətini, qəzəbini, keçirdiyin hissləri bölüşmək istərdim. Hər dəfə düşmən tərəfdə ən xırda bir tərpənişi, hərəkəti görəndə içində oyanan, səni titrədən qəzəbi təsəvvür edirəm. Çünki suyu, havası, torpağı, dağı, daşı ətimiz, qanımız, canımız qədər əziz olan Vətənimizin torpağının bir hissəsinin cəmi bir neçə addım irəlidə dayanan düşmənin tapdağı altında olması ilə barışa bilmirsən, içini nifrət, qəzəb doldurur.

Arada xəyalın dolanır, doğulub boya-başa çatdığın kəndinizi, isti evinizi düşünürsən. Qarşıdan Yeni il gəlir. Bilirəm, bu soyuqda evində olmağın, Yeni ili doğmalarınla bir yerdə qarşılamağın xəyalını qurursan. Bəlkə də yolunu gözləyən, uzaqdan da olsa, bir saniyəlik də olsa üzünü görmək istədiyin biri də var, onu da xəyalında canlandırırsan… Darıxırsan… Amma darıxma, qardaşım. Çünki evimizdə, elimizdə Yeni illər, bayramlar, gözəl anlar hələ çox olacaq. Ancaq səngərdə düşmənlə üz-üzə dayanaraq milyonlarla igidin canını qurban verdiyi Vətənin, bütöv bir xalqın keşiyində durmaq hər insana nəsib olmur. Xalqımızın bu Yeni ili öz evlərində rahat, qorxusuz qarşılamasının, evdə arxayın bayram etməsinin əsas səbəbkarının sən olduğunu bəlkə də düşünmürsən. Unutma ki, düşmənlə üz-üzə olan sonuncu Vətən oğlu sənsən. Səndən irəlidə heç kim yoxdur və bu Vətən, bu xalq sənə əmanətdir.

Əziz qardaşım, məktubumun bu yerində bir qurtum çay içmək üçün stəkanı əlimə aldım. Amma çayım soyuyub, artıq bayaqkı isti çaydan, məğrur-məğrur burularaq qalxan buxardan əsər-əlamət qalmayıb. Ancaq sənin – soyuğa, qara, şaxtalı havaya baxmayaraq, silahına daha da bərk sarılaraq, gözlərini dörd açaraq, nəzərlərini daha da qətiyyətlə düşmənə zilləyərək Vətəninin, torpağının, xalqının keşiyində mətin dayanan igid Azərbaycan əsgərinin odlu nəfəsinin səngərin üstündə burularaq yüksələn buxarı düşmənə “Mən buradayam, yerimdəyəm!” deyir. Nəfəsin geniş olsun, Azərbaycan əsgəri əziz qardaşım.

Elvin Mövsümov

Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı müsabiqəsinə təqdim olunur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın