Menu
Geri İrəli

Etiraz edirəm!

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Dekabr 2010 • Baxış sayı: 450 dəfə • 2 şərh

Bu günlərdə Sumqayıt şəhərində Sülh küçəsində, “TexnikaBank”ın yaxınlığında ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı redaksiyamıza məlumat daxil oldu. Məlumatı dəqiqləşdirmək üçün hadisə yerinə yollandım. Yol boyu düşündüm ki, çox güman tikinti adı ilə ağacları məhv ediblər. Yanılmadım. Ərazinin əvvəlki vəziyyətindən əsər-əlamət qalmamışdı. Bəlkə də şəhərlə yaşıd olan ağaclar tamamilə məhv edilmişdi. Əvvəllər “Cənnət Bağı” adlanan bu ərazi cəhənnəmə dönmüşdü…

Hansı ki, 2009-cu ilin 1-ci rübünə dair keçirilən müşavirədə prezident İlham Əliyev respublikada ağacların kəsilməsi qadağan olunması ilə bağlı qəti tapşırıq vermişdi. O, həmçinin ekoloji proqramların icrası və yaşıllıq zolaqlarının salınması ilə əlaqədar tədbirlər planının hazırlanması ilə bağlı göstəriş də vermişdi. Prezident ağacların kəsilməsinə etiraz olaraq “Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda yerlər alınır, hasarlanır, sonra oradakı ağaclar kəsilir və orada binalar, yaşayış evləri tikilir».

İ. Əliyev yerli icra orqanlarına, iş adamlarına və öz vəzifəsindən istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq etmişdi:«Bunu yığışdırın. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram».

Prezident ağacların yalnız infrastruktur layihələri icra olunanda və yol genişlənən zaman kəsilə biləcəyini qeyd edib. Amma o, bu problemin ağacların çıxarılaraq başqa əraziyə köçürülməsi hesabına həll ediləcəyini bildirib.

Görəsən şəhərimizdə baş verən bu yaşşıllığı məhv edənlər hansı cəsarətlə və kimə arxayın olaraq bu addımı atıblar? Hansı cürətlə prezidentin göstərişinə qarşı çıxırlar?

Hazırda bir ağacın kəsilməsinə görə fiziki şəxslər 2200 manatdan 2500 manata qədər, hüquqi şəxslər 40 min manatdan 50 min manata qədər cərimə olunurlar. Bu ərazidə isə bir deyil, onlarla ağac var idi.

Bu ağacların kəsilməsinə göstəriş verənlər, buna icazə verənlər, aidiyyati qurumlar bu fakta görə qanun qarşısında cavab verməlidir. Bu sadəcə olaraq özbaşınalıqdır. Bu özbaşınalığa son qoyulmalıdır.

Ölkə başçısının təşəbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilib və 3 milyon ağacın əkilməsi barəsində göstəriş vermişdi. Şəhərimizdə isə ağacların kəsilməsi ilə bu göstərişə də məhəl qoyulmadığını bir daha özünü göstərir.

Vətəndaş cəmiyyəti qurumları, media və vətəndaşlar bu özbaşınalığa etiraz etməlidir. Şəhərimizdə ağacların məhv olunmasına qarşı öz etirazımızı bildirməliyik. Əks təqdirdə digər ağaclar da məhv olunacaq. MƏN ETİRAZ EDİRƏM!!!

Facebook Şərhləndirmə:

“Etiraz edirəm!” yazısına 2 cavab

  1. Zaur deyir:

    Sherede bir agaclar qalmishdi odaki kutlevi suretde mehv edilir… Texnika bankin yaninda, Nesimi parkinda, kvartallarda zetun agaclari kesilir magazalar, kafeler tikirlir. Yani bunlari goren yoxdu? Her halda bezilerine Prezidenin sozu yox pul daha vacibdir…

  2. Ferid deyir:

    He indi neyniyek,Prezidente sikayet edek. Cunki mehkemelerimiz duz emelli islemir.

Şərhinizi yazın