Menu
Geri İrəli

Fərid Məmmədov: Biznesdə səmimi olmaq vacibdir – MÜSAHİBƏ

Müəllif: Sumqayitxeber.com • Tarix: 10 Avqust 2015 • Baxış sayı: 809 dəfə • Şərh yoxdur

“Bazarda kəmiyyətə deyil, keyfiyyətə üstünlük vermək lazımdır”.

Oxu.Az “Business Time” layihəsi çərçivəsində İTECA CASPİAN LLCşirkətinin direktoru Fərid Məmmədovla müsahibəsini təqdim edir:

- Fərid Məmmədov, özünüzü oxucularımıza təqdim edə bilərsinizmi?

- Mən təhsil etibarı ilə iqtisadçıyam və Azərbaycan Dövlət İqtisad Universitetinin axşam şöbəsini bitirmişəm. Hərbi xidməti başa vuraraq qayıtdıqdan sonra mən Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyində iqtisadçı-mühasib kimi çalışmışam. Nazirlikdə işləmək kifayət qədər maraqlı olsa da, mən enerji dolu gənc idim və özümü daha dinamik bir işdə sınamaq qərarına gəldim.

Bu baxımdan, tale mənim üzümə güldü, belə ki, mən bir təsadüf nəticəsində iri sərgi operatoru – “ITE Group Plc” şirkətində işləyən bir şəxslə tanış oldum. Artıq o dövrdə “ITE Group Plc” şirkəti inkişaf edən bazarlarda uğurlu sərgilər təşkil edirdi. Həmin şəxs mənə sərgilər və sərgi biznesi barədə danışdı və o gündən sərgi dünyası həmişəlik mənim həyatıma daxil oldu.

Mən sərgilərin təşkili üzrə fəaliyyət sahəsini tədqiq etdikdən sonra belə qənaətə gəldim ki, bu fəaliyyət növü həm maraqlı, həm də kifayət qədər perspektivli biznesdir və ona görə həmin dövrdə Azərbaycanda özü üçün tərəfdaş axtaran “ITE Group Plc” şirkəti mənə iş təklif edən zaman, mən böyük məmnuniyyətlə razılıq verdim. Mən artıq 16 ildən çoxdur ki, bu biznesdəyəm və 15 ildir ki, “Iteca Caspian” şirkətinə başçılıq edirəm.

- Bu işin dinamikasını nədə görürsüz? Bu, sizin iş rejiminizə necə təsir göstərir?

- İşə yenicə başlayarkən, mən durmadan çalışmalı, saysız-hesabsız görüşlər keçirməli və çoxlu güc və enerji sərf etməli olurdum, çünki insanların düşüncəsində hələ də sovet dövründə keçirilən sərgilər haqqında təsəvvür qalmışdı – o dövrdə sərgilər aylarla davam edir və iştirakçılar heç bir xidmət haqqı ödəmirdilər. İş adamlarının bir çoxu aydın başa düşmürdü ki, onlar nə üçün pul ödəməlidirlər və ümumiyyətlə, sərgilərdə iştirak etmək onların nəyinə lazımdır. Bundan əlavə, hətta inkişaf etmiş infrastruktur, yəni ixtisaslaşdırılmış sərgi kompleksi, stendlərin quraşdırılması üçün avadanlıqlar, loqistika şirkətləri və s. mövcud deyildi.

Yəqin siz də bilirsiniz ki, ilk sərgilər Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçirilirdi. Kompleksin rəhbərliyi iştirakçıların rahatlığı üçün əlindən gələni əsirgəmirdi. Dövlət strukturlarının dəstəyi sərgilərin inkişafı üçün böyük əhəmiyyət kəsb edirdi və bizim kömək üçün müraciət etdiyimiz strukturların demək olar ki hamısı təkliflərimizi razılıqla qəbul edir və sonradan sərgilərdə fəal surətdə iştirak edirdilər.

Bu, Azərbaycanda sərgilərin uğurlu gələcəyi ilə bağlı məndə böyük nikbinlik və inam yaradırdı. Əgər sərgilərə bu cür diqqət göstərilməsəydi, biz Azərbaycanda keçirilən sərgilərin regionda ən böyük sərgilərə çevrilməsi, bütün tələblərə uyğun və səmərəli şəkildə idarə olunan müasir Bakı Ekspo Mərkəzinin eksponentlərin istifadəsinə verilməsi və s. bu kimi nailiyyətlərə imza ata bilməzdik.

İş rejiminə gəldikdə isə tam səmimiyyətlə deyə bilərəm ki, mən ilk əvvəl neçə saat işlədiyimə, hətta istirahət günlərində də işə çıxmağıma əhəmiyyət vermirdim. Biznesin bərqərar olması dövründə iş mənim demək olar ki, bütün vaxtımı alırdı. Lakin indi, yəni bütün işlərin öz axarı ilə getdiyi bir dövrdə, hamımızın intensiv də olsa, standart iş rejimimiz var.

- İlk sərgi biznesinə başladıqda tək idiniz, yoxsa artıq komandanız formalaşmışdı?

- Sizi inandırıram ki, Azərbaycanda bu bizneslə məşğul olmağa başladığımız dövrdə mən tək idim. Əlbəttə ki, “ITE Group Plc” şirkətinin xarici şöbələri sərgilərə xarici şirkətləri cəlb etməkdə mənə kömək edirdi, lakin məhz Bakıda mən tək idim. O dövrdə çoxlarına elə gəlirdi ki, yalnız neft sənayesi inkişaf edə bilər və Azərbaycanda yalnız neft sərgisi uğurlu olacaq. Lakin biz inanırdıq ki, neft sənayesi ilə yanaşı, digər sahələr də perspektivlidir. Dövlətin dəstəyini əldə etdikdən sonra biz ilk növbədə ticarət-sənaye sərgisini həyata keçirdik. Həmin sərgi özündə eyni vaxtda 4 sahəni ehtiva edirdi – inşaat, kommunikasiya vasitələri, səhiyyə və qida sənayesi.

Bu sərgi 1995-ci ildə fəaliyyətə başladı və qeyd etdiyim iqtisadi sahələrin inkişaf vektorlarını dərhal müəyyən etdi. 5 ildən sonra biz həmin sərgini 4 müstəqil ixtisaslaşdırılmış sərgiyə ayırmaq qərarına gəldik və həmin sərgilər indiyə kimi Azərbaycanda hər il uğurla həyata keçirilir. Tədricən, bizim tədbirlər qovluğumuza digər sərgilər də əlavə olundu.

Biz elə indi də yeni sərgi mövzularını tətbiq etmək məqsədi ilə bazarı yaxından izləyirik. Məsələn, 2016-cı ilin yazında biz bir dəfəyə 2 yeni layihəyə start verməyi planlaşdırırıq: 1-ci Xəzər Beynəlxalq “Şəhərkənarı ev” (“COUNTRY LIVING”) sərgisi və 1-ci Xəzər Beynəlxalq “Kommersiya nəqliyyatı” (“Comtrans Azerbaijan”) sərgisi. Biz inanır və ümid edirik ki, bir çox digər sərgilərimiz kimi, bu sərgiləri də gələcəkdə uğur gözləyir.

Kollektivimiz artıq formalaşıb və indi heyətimizin tərkibində 50 nəfərdən çox əməkdaş işləyir. Qeyd etmək istəyirəm ki, əməkdaşlarımız arasında kollektivçilik ruhu yüksəkdir. Onlar əsil peşəkardırlar və bu biznes sahəsinin xüsusiyyətini nəzərə alsaq, Azərbaycanda bu cür insanları sözün əsl mənasında barmaqla saymaq olar.

- Həmin şirkət rəhbərlərini bu biznesin uğurlu ola biləcəyinə necə inandırmışdız? Hansı vasitələrdən istifadə etmişdiniz?

- Hələ iyirmi il bundan əvvəl, işgüzar görüşlərin keçirilməsi yeganə səmərəli üsul idi. Mən çoxlu görüşlər keçirirdim, bəzən isə bir gün ərzində 4-5 görüşdə olurdum və bütün işləri başa çatdırmağa çalışırdım.

Bu, çətin olsa da, mən işimdən həzz alırdım. İndi biz şirkətlərlə görüşlər əsnasında onlara öz xidmətlərimizi əyani surətdə göstərə bilirik, sərgilərin uğurla keçirilməsi üzrə nümunələrimiz də var və həmin sərgilərin səmərəsini rəqəmlərlə nümayiş etdirmək mümkündür. Başlanğıcda isə biz insanları inandırmalı olurduq ki, sərgilər güclü ticarət və ünsiyyət vasitəsidir. Etiraf etməliyəm ki, mənim üçün insanlarla ünsiyyət saxlamaq həmişə asan olub, çünki mən söhbət əsnasında tam səmimi və dürüst olmağı üstün tuturdum.

Həmçinin, malik olduğum bilik və sərgilərin görüşdüyüm şirkət rəhbərlərinə mənfəət gətirəcəyinə, həmin şirkətlər üçün yaxşı imic formalaşdıracağına olan əminliyim mənə çox kömək olurdu. Əlbəttə ki, müxtəlif hallara rast gəlirdim – bəziləri dərhal sərgidə iştirak etmək qərarına gəlirdi, bəziləri isə sərgilərə əvvəl sadəcə qonaq qismində, sonradan isə (artıq növbəti ildə) iştirakçı qismində qatılırdı. Bəzi şirkətlər də öz skeptisizmlərini qoruyub saxlayır və sərgilərdə iştirakdan mənfəət əldə edə biləcəklərinə inanmırdılar. Bəs indi o şirkətlər haradadır? Təəssüf ki, onlar artıq bazarda yoxdur.

Bildiyiniz kimi, hazırda ünsiyyət saxlamaq üçün həddindən çox imkan var: mobil rabitə, internet və s. Lakin yenə də iki biznesmen arasındakı görüş və birbaşa ünsiyyət əsnasında qazanılan təəssüratı heç bir cihaz əvəz edə bilməz. Şəxsi ünsiyyət hələ də möhkəm və uğurlu əməkdaşlığın əsasını təşkil edir və bu səbəbdən də sərgilər bu qədər uzunömürlüdür. Məhz sərgilər sayəsində bazarda qarşılıqlı fəaliyyət göstərən bütün maraqlı şəxslər arasında birbaşa ünsiyyət təmin olunur və bu görüşlər həm planlaşdırılan, həm də təsadüfi ola bilər.

- Fərid bəy, bu sərgilər Azərbaycana hansı dividentlər gətirir?

- Sərgilərin keçirilməsi ölkəyə də böyük fayda verir. Buna görə də, biz marağı olan dövlət strukturlarında, sənaye nazirliklərində və Azərbaycan şirkətləri arasında anlayışla qarşılanırdıq. Sərgilər iştirakçı şirkətlər üçün yeni sifarişçilər, satış bazarlarının axtarışı və satış coğrafiyasının genişləndirilməsi üçün ən səmərəli vasitədir. Sərgilər həm rəqabəti stimullaşdırır, həm də əlavə iş yerləri yaradır. Sərgilərin keçirilməsi təşkilatçılardan əlavə, bir sıra şirkətin – müxtəlif xidmətlər göstərən müəssisələrin də gəlir əldə etməsini təmin edir. Bu şirkətlər arasında stend quraşdırıcıları, nəqliyyat şirkətləri, reklam agentlikləri, ixtisaslaşdırılmış kadr xidmətləri göstərən şirkətlər və digər müəssisələr var.

Sərgilərin keçirilməsi dövründə ölkə iqtisadiyyatına pul vəsaitinin daxil olmasını təmin edən daha bir mühüm amil isə şəhərə gələn qonaqların yaşayış yerləri, qida, nəqliyyat və əyləncə növləri üçün çəkdikləri xərclərdir. Bütün bu müsbət məqamları bir dəfəyə sadalamaq mümkün deyil. Sərgi biznesi özü ilə yanaşı olaraq, biznes turizmini də inkişaf etdirir. Bu, nəinki biznes turizminin inkişafına təkan verir, eləcə də Azərbaycana gələn xaricilər üçün burda yeni imkanları da nümayiş etdirir.

Sərgini ziyarət edən xarici şirkət və iş adamları, burada yaradılmış biznes mühitini və şəraiti görərək, Azərbaycanda öz filial və ya nümayəndəliklərini, və eyni zamanda törəmə müəssisələrinin yaradılmasına qərar verirlər. Bu da öz növbəsində yeni iş yerlərinin yaranması deməkdir. Hal-hazırda qonşu ölkələrlə müqayisə etdikdə, Bakıda təşkil olunan sərgilərin həcmi dəfələrlə onlardan böyükdür. Bu isə öz növbəsində aparılmış məqsədyönlü işin və ən əsası ölkəmizin iqtisadiyyatına xarici qurumlar tərəfindən olan inamın nəticəsidir.

- Fərid Məmmədovun gündəlik iş rejimi necə başlayır?

- Mən sübh tezdən durmağa öyrəşmişəm və demək olar ki, günüm həmişə səhər saat 06:00-da başlayır. Mən çalışıram ki, işə saat 09:30-dan sonra gəlim, çünki bu vaxt yollarda tıxac az olur. Lakin mən heç vaxt axşam düz saat 18:00-da işdən getmirəm. Əvvəllər, mən həmişə işdən gec çıxardım, amma ailə qurduqdan və uşaqlarım dünyaya gəldikdən sonra mən axşam saat 20:00-a kimi evə gəlməyə çalışıram. Buna görə də mən bir çox məsələni müasir kommunikasiya vasitələrinin, yəni telefon və e-poçtun köməyi ilə həll edirəm, belə ki, bizim şirkət bazarda artıq tanınır və hörmət sahibidir.

- Fərid bəy, işçiləriniz ilə necə münasibət qurursunuz?

- İlk gündən kollektivimizdə etimad və səmimiyyət ab-havası hökm sürür. Kabinetimin qapıları əməkdaşların üzünə həmişə açıqdır və hər bir işçi öz təklifini və ya problemini bildirmək, yaxud sadəcə məsləhət almaq üçün mənim yanıma gələ bilər. Bundan əlavə, biz iş yerindən kənarda da münasibət saxlayır və məşğul olmadığımız asudə vaxtımızı bir yerdə keçiririk.

- Azərbaycan gənci uğurlu olmaq üçün (biznesdə, digər sahələrdə) hansı keyfiyyətləri özündə formalaşdırmalıdır, nəyə maraq göstərməlidir?

- Gənclər üçün bir sahəni seçib peşəkar olmaq vacibdir. Şirkətimizə işlə bağlı müraciət edən şəxslərlə, çalışıram son müsahibədə özüm də iştirak edim. Onlara ixtisasları barəsində sual verdikdə, bildirirlər ki, qəbul balı kifayət qədər olmadığına görə bu ixtisasa düşüblər. “Nəyi bacarırsan?” sualına isə gənclər “hər şey” deyə cavab verirlər. Bilirsiniz, hər şeyi bacarmaq – bu, absurddur.

Bir sahəni bilib, mütəxəssis olmaq gərəkdir. Son zamanlar müşahidələrimdən biri də o olub ki, gənclərimiz qərar qəbul etməkdə çətinlik çəkirlər. Yaxşı olardı ki, onlar əmin olduqları məsələlərdə israr etsinlər, fikirlərini sübut etsinlər, qətiyyətli olsunlar. “Rəhbər qərar versin” prizmasından məsələlərə yanaşmasınlar. Onu da əlavə edim ki, son zamanlar ADA Universitetinin məzunları ilə görüşdə hiss edirsən ki, onlar fərqli düşüncədə formalaşan gənclərdir. İstərdim ki, bu cür gənclərin sayı get gedə artsın.

- Biznesmenin iqtisadçı olması vacibdirmi? Axı bir az öncə qeyd etdiniz ki, gənclərimiz istəmədikləri ixtisasları seçirlər.

- Mən iqtisadçıyam. Müəyyən məsələlərdə qərar qəbul etməkdə, proqnozlar verməkdə bu ixtisas mənə kömək olur. Amma deyə bilmərəm ki, biznesmen mütləq iqtisadçı olmalıdır. Siz məşhur milyarderlərin siyahısına nəzər yetirsəniz görərsiniz ki, onların çoxu iqtisadçı yox, mühəndis, riyaziyyatçılardır.

-  İTECA CASPİAN hər il müxtəlif sahələr üzrə çoxsaylı sərgilər keçirir. Bu sahələr arasında inşaat, turizm, hətta müdafiə sənayesi də var. Bəs siz daha çox hansı sahəyə maraq göstərirsiz – şirkət rəhbəri, sərginin təşkilatçısı kimi deyil. Bir ziyarətçi kimi?

- Bu sual ona bənzəyir ki, beş övladınız ola, siz də soruşasız ki, hansını daha çox sevirsiz. Bütün sərgilərə yanaşmam bir olsa da, istehlakçı kimi inşaat sərgisinə bir qədər marağım çoxdur.

- Ailə və iş – vaxtınızı necə bölürsünüz?

- Mən gördüyüm işi sevirəm və çox işləsəm də, bütün asudə vaxtımı ailəmə həsr edirəm. Hər halda, mən iş-ailə tarazlığını qoruyub saxlamağa çalışıram və ümid edirəm ki, bu işin də öhdəsindən gələ bilirəm.

- Xarici şirkətlər Azərbaycan bazarını necə xarakterizə edirlər?

- Qeyd edim ki, biz sərgilərə qatılan şirkətlərlə bu cür sorğular keçirmirik. Amma bildirim ki, fərdi görüşlərdə belə anlaşılır ki, ildə bir dəfə Azərbaycanda olmaq onlara xoşdur. Belə ki, bu artıq ənənəyə çevrilib – iyunun ikinci yarısı Bakıda Xəzər neft-qaz sərgisi keçirilir, artıq bu sektorda çalışan insanlar bilirlər ki, məhz bu vaxtı Bakıda olmaq lazımdır. Oktyabrda inşaat, dekabrda telekommunikasiya, apreldə turizm sərgisi təşkil olunur. Qeyd olunan aylarda həmin sektorun mütəxəssisləri Bakıya toplaşır.

- Azərbaycanlı gənclərə hansı baxımdan Avropalaşmaq vacibdir?

- Sual yaranır: biz nəyə görə Avropalaşmalıyıq? Biz həm şərqin, həm də qərbin üstün cəhətlərini mənimsəməliyik. Avropalı cəmiyyətin özü belə bəlkə hal-hazırda mənəvi böhran keçirir. Söhbətimin əvvəlində vurğuladım ki, gənclər daha qətiyyətli olmalı, qərar qəbul etməkdə sərbəst olmalıdırlar. Biz bu istiqamətdə Avropalaşmalı, lakin öz tariximizi və ənənələrimizi unutmamalıyıq. Bütün bu dəyişikliklər bizim tərbiyə, zəhmət və böyüklərə olan münasibət ənənələrimizə əsaslanmalıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın