Menu
Geri İrəli

Hansı başdan xarab özünə vətən xaini deyər?

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Dekabr 2013 • Baxış sayı: 890 dəfə • Şərh yoxdur

ismayil karimovMövzuya başlamadan öncə 6 il əvvəl iş müsahibəsində qarşılaşdığım bir situasiyanı danışmaq istəyirəm. Deməli, iş müsahibəsinin 1-ci mərhələsi olan testi keçmişdim. İkinci mərhələdə isə şifahi suallar verirdilər. 3 nəfər oturmuşdu. Müsahibənin ortasında biri sual verdi ki, siz özünüzü vətənpərvər hesab edirsiniz? İstədim deyim ki, bu nə gic sualdır. Amma cavab verdim ki, hansı başdan xarab özünə vətən xaini deyər. Bərk xətirlərinə dəydi.

Nə üçün bunu yazdım? Son dövrlərdə fikir verirəm ki, gənclərimizin vətənpərvərlik tərbiyəsi ilə bağlı çoxlu layihələr maliyyələşdirilir. Bu təşəbbüsləri tənqid etmək fikrim yoxdur. Amma öz şəxsi təcrübəmdən deyə bilərəm ki, qrantla insanları vətənpərvər etmək olmaz. Tutaq ki, bu layihəni həyata keçirdik. İnsanlar gəlib toplaşdı. Danışdılar və müzakirə etdilər. Bəs bunun effektivliyini necə yoxlamaq olar? Hansı göstəricilər gətirmək olar ki, onunla insanların vətənpərvərlik hisslərinin artmasını ölçmək mümkün olsun?

Mən dünyanın çox ölkəsinin insanları ilə ünsiyyətdə oldum. Onların ədəbiyyatı və ümumi ritorikası ilə tanış oldum. Amma heç biri  vətən, millət haqqında bizim qədər musiqi bəstələməyib, şeir qoşmayıb və bəlkə də film çəkməyib. Nəticə isə heç də ürək açan deyil. Bəlkə də  bu məsələ bizim cəmiyyətimizdə o dərəcədə aktual da deyil. Nə üçün bizdə bu sahədə təbliğat uğursuz alınır? Bu sualın çox sadə cavabı var: 1-cisi mesajı ötürənlər uğursuz personalardır. Yəni onlar nümunə ola bilmirlər. İkincisi isə vətənpərvərliklə bağlı nəzəriyyə ilə insanların real davranışları üst üstə düşmür.

Ümumiyyətlə yanaşmanı dəyişdirmək lazımdır. Bir şeyi anlamaq lazımdır ki, vətəni sevmək bir bilik və bacarıq deyil ki, bunu hansısa seminar və ya təlimlə öyrədəsən. Bu bir dəyərdir. Biznes kontekstində yanaşaraq buna bir peşə kimi baxıb təbliğat zamanı rola girməklə bu işləri həyata keçirmək olmaz. İnsanlarda dəyərləri yaratmaq üçün mesajı ötürən insanın özü bir dəyər  yaratmalıdır. İnsanlar üçün hər hansı bir şey dəyərdirsə o alınıb satılmayan bir şey olmalıdır. Bəzən biz gənclərimizin dini və milli dəyərlərdən uzaqlaşması gileylərini eşidirik. Bu dəyərlərdən uzaqlaşanları öz yanaşmama görə dəstəkləməsəm də amma qınamıram da.  Səbəbi çox sadədir. Çünki bəzi milli və dini dəyərlər dediyimiz şeylərin alınıb satıldığını gənclər görəndə onlarda ikrah hissi oyanır. Necə ki, bu park və bulvarlarda gənclər sevişəndə bəzi qanun keşikçiləri onlara milli mentaliteti yada salıb sonradan onlardan pul alanda və dəfn mərasimlərinin biznesə dönüşməsini gənclər görəndə bu baş verir.

İkinci bir məsələ isə vətənpərvərlik təbliğatı ilə məşğul olan qurum və strukturlarda olan problemlərdir. Qrant qarşılığında bu işlər görüləndə insanların bu işin pul qarşılığında görülməsi kimi dəyərləndirir ki, burada artıq tamaşaçı (yəni gənclər) nöqtəni qoyur.

Bizdə həm də bir təsisat var. Ağsaqqallar Şurası nəzdinə Gənclərin və Yeniyetmələrin Mənəvi -Əxlaqi Tərbiyə işləri üzrə əlaqələndirici şura. Yaşlı insanların bostanına daş atmaq kimi bir fikrim yoxdur. Hörmətlə yanaşmaq lazımdır. Sadəcə olaraq öz həyatımdan və qarşılaşdığım hadisələrdən deyə bilərəm ki, bizdə ağsaqqal nəsihəti insanların indivudal həyatı ilə bağlıdır. Onlar bizə necə ailə qurmağı, necə pul qazanmağı, gündəlik məişət məsələləri ilə bağlı nəsihətlər verir. Mənə elə gəlir ki, bu nəsihətlər CƏMİYYƏTİ DİZAYN EDƏCƏK VƏ İNSANI CƏMİYYƏT ÜÇÜN İŞLƏMƏYƏ FOKUSLAYAN NƏSİHƏTLƏR deyil. Bax əsl problem buradadır. Onlar məndə “Kurtlar Vadisi” filmindəki  səmimiyyəti və insanları cəmiyyətə fokuslayan  nəsihətləri ilə fərqlənən “Ömər Baba” fenomenini yarada bilmirlər. Bunlar olmazsa yüz ağsaqqal yığışıb 100 şura yaratsalar da, vətənpərvərlik naminə 100 minlərlə pul da xərclənsə xeyri olmayacaq.

İsmayıl Kərimov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın