Menu
Geri İrəli

Hazırsanmı?

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2009 • Baxış sayı: 430 dəfə • Şərh yoxdur

905fa0582c34Nuranə ABBASOVA

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkisi günüdür. Bu günlə bağlı noyabrın 25-dən başlamış təbliğat-təşviqat kompaniyası, artıq, başa çatır. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun məlumatına görə, bu il keçiriləcək seçkilərdə 1718 bələdiyyənin 31861 üzvü namizədliyini irəli sürüb. 6222-si qadın olan üzvlərdən 15682 nəfəri bələdiyyəyə seçiləcək. Bəs görəsən bir ay ərzində aparılan təbliğat-təşviqat kompaniyasında bələdiyyələr özlərini necə tanıtdılar və yaxud seçiciləri hansı vədlərlə fəaliyyətlərinə inandıra bildilər?

Reallıqdır ki, bu gün Azərbaycanda bələdiyyələr nədir?, onların fəaliyyəti nədən ibarətdir?, mən bələdiyyəmi seçərsəm o, mənə nə kimi fayda göstərə bilər? suallarına cavab verəcək çox az seçici var. Bələdiyyə-qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Hər bir bələdiyyənin mülkiyyəti, yerli büdcəsi və seçki bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə bələdiyyələrin səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.

Lakin ölkəmizdə bələdiyyələrlə yerli icra orqanlarının fəaliyyəti qarışdırılır, vətəndaşlar bələdiyyələrin səlahiyyətlərinə daxil olan məsələlərin İcra Hakimiyyəti tərəfindən həllinə daha çox üstünlük verirlər. Bələdiyyələrin səlahiyyətlərinə daxil olan yerli vergilər və ödənişlərin müəyyən edilməsi, yerli ekoloji proqramların qəbulu və icrası, torpaq-mülkiyyət, daşınar və daşınmaz əmlakla bağlı məsələlərin həllində İcra Hakimiyyətinə etibar edilir. Bunun başlıca bir neçə səbəbi var.

Əvvəla, bələdiyyələrin fəaliyyəti və statusu ilə bağlı təbliğat yalnız 5 ildən bir keçirilən bələdiyyə seçkisi ərəfəsində bir ay müddətində aparılır. Təbliğatın necə aparılması məsələsi də bu işdə mühüm rol oynayır. 2004-cü ildə keçirilən bələdiyyə seçkisi ilə müqayisədə bu il seçicilərlə yanaşı, namizədlər də passivliyi ilə fərqlənirlər. Seçicilərin passivliyinə səbəb həm bələdiyyəsini tanımaması, tanımadığı üçün də ona inanmaması, bələdiyyələrin verdiyi vədləri yerinə yetirəcəyinə inamının olmamasıdır, həm də, ümumiyyətlə, heç bələdiyyə anlayışını bilməməsidir. Buna görədir ki, “Vaxtım yoxdur”, “Bələdiyyə seçkilərinə əhəmiyyət vermirəm”, “Azyaşlı uşaqlarıma başım qarışıb”, “Bələdiyyənin mənə nə dəxli” kimi səbəblərlə seçicilər adlarının seçici siyahılarında olub-olmadığını dəqiqləşdirmirlər. Belə olan halda həmin seçicilərin bələdiyyə seçkilərində mütləq iştirak edəcəyini də demək olmaz.

Oxşar vəziyyətlə namizədlərdə də qarşılaşırıq. Bir ay ərzində nə iqtidar, nə də müxalifət partiyalarından olan namizədlərin heç bir fəal təbliğat və təşviqatının şahidi olmadıq. Seçicilərlə yanaşı namizədlərdə də qəribə bir inamsızlıq var. Lakin birincilərdən fərqli olaraq, ikincilərdə bələdiyyə sədri kimi bir vəzifəyə laqeyd münasibət seçicilərin inamsızlığına haqq qazandırır. Bir ay ərzində seçicilər namizədlərini tanıdılarmı? Hansı bələdiyyə üzvünə və niyə səs vermək lazımdır sualları cavabsız qaldı. Müsavat partiyasının namizədlərindən olan Fəxrəddin Hilalov təşviqata başalmamasının səbəbini hüzürünün düşməsi ilə izah edirsə, digər namizədlərin əksəriyyəti isə namizədliklərinin qeydiyyata alınmasından xəbərsiz olduqlarını bildirirlər.

Pulsuz efirdən istifadə imkanı yalnız Yeni Azərbaycan Partiyasına(YAP) verilsə də, hakim partiya bu şansından imtina edib. Səbəb isə qarşı tərəfin, yəni müxalifətin olmaması göstərilir. Müxalifət partiyaları seçkilərə hazırlaşmadıqları üçün YAP passiv təşviqat aparır, digər tərəfdən isə qələbəsinə həddindən artıq arxayındır. Bu da Azərbaycan reallığı: Heç bir partiya təşviqatla məşğul olmur, son ümidini “Seçki günü”nə bağlayır və 15682 bələdiyyə üzvü seçilir. Əslində təbliğat və təşviqata ayrılmış bir ay, partiyaların bir-biri ilə mübahisəsilə qurtardı və seçicilər unuduldu. YAP, hətta, lövhələrə namizədlərin şəkillərinin vurulması əziyyətinə belə qatlaşmadı. Təşviqatın son bir həftəsində isə 31861 namizəddən cəmi 4-5 nəfərin şəklini küçələrdə divarlarda görmək mümkün oldu. Təbliğatı bu cür aparılan 15682 bələdiyyə seçicilərinin problemlərini həll edəcəkmi? Təbii ki, cavab bəllidir.

Seçici inamsızlığının digər səbəbi də məhz budur. Seçdiyi bələdiyyənin növbəti beş il ərzində nə üzünü görəcək ki şikayətlərini etsin, nə də səsini eşidəcək ki bir cavab öyrənsin. Seçicinin problemləri seçdiyi bələdiyyəsinə çatmayıb havada qalacaqsa lazımdırmı bu orqanların fəaliyyəti?

P.S. Təbliğat-təşviqat kompaniyası səsverməyə 24 saat qalmış-dekabrın 22-si saat 08.00 da dayandırılacaq. Təbliğat aparılsa da, aparılmasa da, seçicilər səsverməyə getsə də, getməsə də 15682 bələdiyyə üzvü seçilməlidir. Növbəti 5 ilədək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın