Menu
Geri İrəli

“Hər dəfə düzgün seçim etdiyimə bir daha əmin oluram” – BANM-in tələbəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 484 dəfə • Şərh yoxdur

s

Səidə Sədiyeva 1998-ci ildə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub. 2004-2015-ci illərdə Baş Şabalıd kənd tam orta məktəbində təhsil alıb. Şəki rayonu Təhsil şöbəsinin keçirdiyi bilik yarışlarında davamlı olaraq üç il I yeri tutub. Səidə Sədiyeva 2015-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) I qrup üzrə keçirdiyi qəbul imtahanında 695 bal toplayaraq, Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisasına daxil olub, Prezident təqaüdçüsüdür.

- Səidə, qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra sənin üçün hansı təəssüratlarla yadda qalıb?

- Qəbul imtahanı mənim üçün yaxşı keçdi, sadəcə bir az həyəcan var idi. Amma bunu normal qəbul edirəm, çünki üç saat sonra illərin əziyyətinin nəticəsini görəcəkdim. İmtahandan qabaqkı iki gün ərzində heç nə oxumadım. Atam və qardaşım qəbul imtahanı ilə bağlı mənə motivasiya verirdilər. İmtahandan sonra müəllimlərim cavab testimi yoxlayarkən “Azərbaycan dili”ndən səhvim çıxdı və mən çox həyəcanlandım. Əslində 700 bala hazırlaşırdım, amma 695 bal topladım, buna baxmayaraq nəticəm məni çox xoşbəxt elədi.

- Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına inanırdınmı?

- Həm oxuduğum hazırlıq kursunun, həm də TQDK-nın imtahanlarından yüksək bal toplayırdım. Yüksək nəticə göstərəcəyimə inanırdım, ailəm və müəllimlərim də məndən 700 bal gözləyirdilər.

- Səncə, imtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?

- Mənim fikrimcə, əvvəlcə sistemli şəkildə çalışmaq çox vacibdir, yəni abituriyent səhər oyanarkən hansı dərsləri oxuyacağını və onlara nə qədər vaxt ayıracağını bilməlidir. Vaxta nəzarət etmək və özünə hədəf seçmək yüksək bal toplamağın vacib şərtlərindəndir. İxtisas seçimi edərkən ciddi bir araşdırma aparmaq lazımdır. Çünki yüksək bal toplamaq sadəcə girişdir. Amma ixtisas bizim həyatımızdır. Mən də bu səbəbləri nəzərə alaraq məhz Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi”ni seçdim.

- Niyə məhz BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Nə ali təhsil müəssisəsinin seçimində, nə də ixtisas seçimində mənə heç kəsin təsiri olmayıb. Çünki nə istədiyimi üç il əvvəlcədən qərarlaşdırmışdım. Bakı Ali Neft Məktəbi mənim xəyallarımın, arzularımın mərkəzində olan tək şey idi. Heç vaxt başqa bir alternativi belə ağlıma gətirmirdim. Çünki burada təhsilin yüksək səviyyədə olduğunu və mənim istədiyim kimi bir ali təhsil ocağı olduğunu bilirdim. Hər dəfə Ali Məktəbə daxil olanda düzgün seçim etdiyimə bir daha əmin oluram.

- Adətən deyirlər ki, texniki sahə və mühəndislik peşəsi kişilərə aid sənətdir. Sən bu barədə nə düşünürsən və sənin “Kimya” fənninə marağın hardan yaranıb?

- Düzdür, mühəndislik peşəsində kişilər üstünlük təşkil edir. Amma bu bir faktdır ki, bu sahədə qadınlar da çox böyük nailiyyətlərə sahib olublar. “Kimya” fənninə həmişə marağım olub və “Kimya mühəndisliyi”nə hal-hazırda böyük bir tələbatın olduğunu da nəzərə alsaq, seçimimdə yanılmadığımdan əminəm.

- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin?

- BANM-ni arzulayan abituriyentlərə demək istərdim ki, dərslərdən əlavə kompüter biliklərinə və ingilis dilində danışığa yiyələnsinlər. Çünki burada yüksək bal toplamaqla bərabər, bu biliklər də çox mühüm rol oynayır. Mən əminliklə deyə bilərəm ki, BANM-dəki təhsil digər yerli universitetlərdəki təhsildən qat-qat üstündür. Məhz buna görə də BANM-də Azərbaycanın ən yüksək ballı tələbələri təhsil alırlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın