Menu
Geri İrəli

Hər gün sevgililər günü olsun

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Fevral 2014 • Baxış sayı: 567 dəfə • Şərh yoxdur
Share Button

ekrem-hesenovÇox böyük qərb dünyası və qərb mediyası islama qarşı düşmənçilikləri ucbatından müsəlmanların arasında yazıb yaydıqları çox böyük yalanlardan biri də “Sevgililər günü” aldatmacasıdır. Günləri xüsusiləşdirmək, hər gün insana dəyər verməyi deyən islama qarşı aparılan ən böyük yəhudi və xristian təbliğlərindən biri də “Sevgililər günü”dür. Bu xüsusi günlərin böyük qərb dövlətləri, qərb mətbuatı tərəfindən qabardılmasının əsas məqsədlərindən biri də müsəlmanları aldadaraq çoxlu xüsusi günlər təsis etmək, bu günlər vasitəsi ilə müsəlmanlar arasında soyuqluq yaratmaq, insanların islamın istədiyi kimi birlikdə daima sıx əlaqədə olması yox, yalnız ilin müəyyən günlərində bir aralarda olmasını təmin etməkdir.

Müsəlmanlar isə gündə beş vaxt namazda, buna imkanı olmayan həftənin Cümə günlərində, buna imkanı olmayanlar ildə bir dəfə Ramazan ayında iftar vaxtı bir araya gəlirlər, buna imkanı olmayanlar da ən az ömründə bir dəfə Həcc vaxtı bir yerə cəm olunurlar. Ad günü, sevgililər günü, qadınlar günü kimi xüsusi günlərin təyin olunması ilə insanlar sıx əlaqədən məhrum qalırlar. Bu gün artıq çoxlarımız ancaq yas yerlərində, toy məclislərində, yenə də islamda olmayan adət-ənənələrdə görüşürk. Gənclərin aldandığı günlərdən biri də 14 Fevral günüdür. Bizlər 14 Fevral haqqında nə bilirik? Demək olar ki, çoxlarımız onun haqqında heç nə bilmirik.

14 Fevral günü başqa günlərdən heç nə ilə fərqlənmir. Onu fərqləndirən heç bir xüsusiyyət yoxdur. Bəzi insanlar bu gün haqqında deyəcəklər ki, bu gün qırmızı qərənfil günüdür, bəziləri deyəcəklər ki, bu gün qəlblərdə sevginin olduğu gündür, bəziləri deyəcəklər ki, bu gün hədiyyə verilən gündür, bəziləri deyəcəklər ki, bu gün sevgililər günüdür, bəziləri deyəcəklər ki, bu gün Valentin günüdür.

Yəni insanlar bu günü keçirmək bəhanəsi ilə müxtəlif adlar fikirləşib tapacaqlar. İnsanların çoxusu bu günün qeyd edilməsinin səbəbini bilmədən xristianlarla birlikdə bu günü həvəslə qeyd edirlər. Müsəlmanların çoxu isə bu məsələni bildikdən sonra artıq bu bayramı qeyd etmirlər. Çünki sevgililər günü cahil rumluların xristianlığı qəbul etdikdən sonra ortaya çıxardıqları uydurulmuş bir gündür. Bu bayram kafirlərə aiddir. Ona görə ki, bu gündə çox fahişəliklər, yer üzərində böyük günahlar işlənir. Bütün bunlar Allahın qəzəbinə səbəb olan əməllərdir. Müsəlmanların kafirlərin bayramlarını keçirməsi, həmin bayramlarda iştirak etməsi icazəli deyil. Nə qədər təmiz və saf müsəlmanlar bu bayramlarda iştirak edərək böyük günahlara düşmüş, artıq dindən çıxaraq özlərinə zərər vurmuşlar. Allah təala buyrur: “Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istədiyi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür.

Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!” (əl-Maidə (Süfrə) surəsi, 48). Uca Allah buyurur: “Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edələr. Elə isə (müşriklər) bu işdə (din, şəriət işində) səninlə mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən onları öz Rəbbinə (ibadət etməyə, Onun hökmlərini yerinə yetirməyə) dəvət et. Şübhəsiz ki, sən doğru yoldasan (dindəsən)” (əl-Həcc (Həcc) surəsi, 67). Allah təala müsəlmanlar üçün bayram edəcəkləri iki böyük günü hədiyyə verib. Qurban bayramı və Ramazan bayramı. Həmçinin müsəlmanların ibadət etmələrini, namaz qılmalarını, oruc tutmalarını, sədəqə vermələrini, Həcc etmələrini, zəkat vermələrini onlara əmr edib. Müsəlmanlar bu cür yaxşılıqlar etməlidirlər.

Müşriklərin və başqa minhəcdə olanların bayramını keçirmək olmaz. Çünki müsəlmanların bu cür bayramları keçirməsi kafirlərlə bərabərlik göstərməsi deməkdir. Bu da islamda icazəli deyildir. Əslində sevmək gözəl nemətdir. Sevgiyə bütün insanlar möhtacdırlar. Qəlblər sevgi ilə rahatlıq tapır. Sevgi qəlbin və ruhun səadətidir. Islam dininə görə sevmək haram deyil. Bütün dinlərdən fərqli olaraq islam dini sevgiyə daha çox yer ayırıb. İslam dininə görə ən təmiz sevgi öz həyat yoldaşına olan sevgidir.

Allah təala kişilərin qəlbində qadınların sevgisini yerləşdirmiş və bizə bu sevgidən xəbər vermişdir: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (ər-Rum (Rumlular) surəsi, 21). Allah təala müsəlman kişinin öz həyat yoldaşına olan isti və mehriban sevgisini, müsəlman qadının öz həyat yoldaşına olan isti və mehriban sevgisini bizə belə bildirir: “Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız)” (əl-Bəqərə (İnək) surəsi, 187).

Allah Rəsulu (ona və ailəsinə salam olsun) öz həyat yoldaşlarını həddən artıq çox sevərdi və bu sevgi ondan başqa digər insanlarda heç vaxt olmayıb. Biz müsəlmanlar da öz həyat yoldaşlarımızı ancaq ilin hansısa bir günündə yox, həmişə sevməli və həmişə imkanlarımız nisbətində onlara hədiyyələr almalıyıq. Bizlər öz dinlərini dəyişənlərin adətlərindən uzaq duraraq Qiyamətə qədər hakim olan islam dininin sevgiyə aid gözəl nümunəsini hər zaman yaşamalı və yaşatmalıyıq.

Əkrəm Həsənov (ilahiyyatçı, gənc alim, ilahiyyat üzrə doktor).

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın