Menu
Geri İrəli

Heydər Əliyevə sədaqətdə Hacıbala Abutalıbov etalonu

Müəllif: sumqayitxeber.com • Tarix: 25 May 2015 • Baxış sayı: 710 dəfə • Şərh yoxdur

Mahir Qabiloğlu
mahir22İllər ötdükcə Heydər Əliyev şəxsiyyəti mənimçün daha çox açılır. Yox… kitab, salnamə və digər ədəbiyyat oxumuram. Oxumağa ehtiyac da yoxdur. Çünki Heydər Əliyevin həm sovet, həm də müstəqillik illərində müasiri olmuşam. Ona görə də sadəcə yaddaşımı varaqlayıram. Varaqladıqca da yeni məqamlar üzə çıxır. Çıxdıqca da qələmə alıram.

Ulu öndərin vəfatının ildönümü ərəfəsində bəzi xatirələr yadıma düşdü. İlk olaraq illər boyu məni maraqlandıran bir suala – görəsən Heydər Əliyev insanlarda ən çox hansı xüsusiyyəti qiymətləndirirdi? – sualına cavab tapdım. Axı, bu hansı xüsusiyyət idi ki, Ümummilli lider qarşısındakının bütün günahlarını bu ali insani xüsusiyyətə bağışlamağa hazır idi. Görəsən Heydər Əliyevin ictimai-siyasi həyatında bu keyfiyyətə malik insanlar çoxmu olub?

“İCRA BAŞÇILIĞINDAN İMTİNA…”

Əvvəllər rayon, şəhər İcra hakimiyyətləri başçıları eyni zamanda YAP şəhər, rayon təşkilatlarının sədrləri idi. Səhv etmirəmsə 1999-cu ildə – 1-ci qurultay ərəfəsində bu prinsip dəyişdirildi. Bütün icra başçıları təbii ki, “icra başçısı” postunda qalmağa üstünlük verdilər. Təkcə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan başqa. O bu vəzifələrdən birini – YAP Suraxanı rayon təşkilatının sədri vəzifəsini seçdi. Və bununla bağlı prezidentə və partiya rəhbərliyinə müraciət etdi. Bilirsinizmi niyə? Çünki YAP-ın yaradılmasında yaxından iştirak etmişdi. Xalqımızın ağır günlərində YAP-ın ön sıralarında – Heydər Əliyevin yanında addımlamışdı. Onun silahdaşı olmağından fəxr duymuşdu, duyurdu, indi də duyur. Bu partiya ona əziz idi, doğma idi. O bilirdi ki, vəzifə müvəqqətidir, partiya isə əbədi.

İndi söyləyəcəksiniz ki, bunu deməyə nə var ki… Hünəri var idi sözdə yox, əməldə həyata keçirəydi. Kabinetindən, kreslosundan, vəzifəsindən sözün əsl mənasında imtina edəydi. Rəsmi ərizə yazaydı.

Hacıbala müəllim belə də etdi. Suraxına rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən indiki dildə desək istefa verdi, bundan sonra YAP-ın təşkilat sədri kimi fəaliyyət göstərəcəyindən qürur duyduğunu bəyan etdi. Əlbəttə ki, nümayişkaranə, mətbuatda populist çıxışlarla yox. Yoxsa mənim bu məqaləni yazmağa lüzum duyulmazdı. Şəxsən Ümummilli liderimiz Heydər Əliyevə və partiya rəhbərliyinə xitabən bu addımı atdı. Hətta sərəncamını gözləmədən İcra hakimiyyətindən uzaqlaşıb, köhnə iş yerinə, instituta – laboratoriyaya qayıtdı. Alimlik və partiya həyatını yaşamağa, ən çox sevdiyi şahmat oyununun dadını çıxarmağa başladı. Bu olaydan isə mən təsadüfən – Hacıbala müəllimlə atamın bizim evdə etdiyi söhbətin şahidi kimi xəbər tutdum.

Əlbəttə ki, böyük siyasətçi Heydər Əliyev Hacıbala Abutalıbovun bu addımını bağışlamadı. Bir prezident kimi onu Suraxanı rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən, YAP-ın sədri kimi isə rayon təşkilatının sədri vəzifəsindən azad etdi. Amma Hacıbala müəllimin YAP-a sonsuz məhəbbəti, dönməz əqidə və sədaqəti yüksək qiymətləndirildi. Prezidentimiz Heydər Əliyev onu əvvəl Baş nazirin müavini, sonra isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə yüksəltdi. Təkrar da olsa deməliyəm. Çünki yerinə düşür. Müstəqil Azərbaycan dövlətçiliyinin 22 illik tarixində yeganə icra başçısıdır ki, Hacıbala müəllim bu vəzifəyə prezident sərəncamıyla yox, fərmanla təyin olundu.

Qiymətləndirmə bununla bitmədi. YAP-ın 1-ci qurultayında isə 1 nömrəli üzvlük vəsiqəsinin sahibi olan Ümummilli liderimiz Heydər Əliyev özündən sonra YAP-ın 2 nömrəli üzvlük vəsiqəsinə məhz Hacıbala müəllimi layiq gördü. Bu mənim bildiklərimdir. Bilmədiklərim isə təbii ki, bildiklərimdən daha çoxdur.

O vaxtdan illər ötür. Heydər Əliyev artıq 10 ildir ki, haqq dünyasındadır. Hər gün ulu öndərin məzarı üzərinə yüzlərlə ziyarətçi gəlir. Lakin bu məzarlığın bircə daimi ziyarətçisi var. O da professor Hacıbala Abutalıbovdur. Hər səhərinə Ulu Öndərin məzarını ziyarətilə başlayan Hacıbala müəllim.

Sədaqət mücərrəd anlayışdır. Onu gözlə görmürsən. O hər bir insanın içində, çövhərində, mayasındadır. Mənim üçün professor Hacıbala Abutalıbov 1991-ci ildən sədaqətin təcəssümüdür. Sadəcə sədaqət etalonu – Heydər Əliyevə sədaqətdə “Hacıbala Abutalıbov etalonu”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın