Menu
Geri İrəli

İt günündə yaşamaq

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2017 • Baxış sayı: 1,635 dəfə • Şərh yoxdur

sahileSahilə İbrahimova

Br-iki gündü sosial şəbəkə insanları bir itin şiddət görməsinə hirsləniblər. Qruplar, şəxsi hesablar, paylaşımlar itlə qeyri-humanist rəftarı göstərən şəkilləri, videoları əks etdirir, adamlar qəzəb və hiddət, əsəb və göz yaşı smaylikləri ilə mərdəkanlı it qəniminə ölüm arzulayırlar. Əslində, heyvanlar ən az insanlar qədər bu planetin sakinidir.

Biz yeni mədəniyyət yaradanda, onu şəkilləndirəndə heyvanların da mövcudluğunu nəzərə almalıyıq. Açıq danışsaq, insanlar hələ qədim dövrlərdən heyvanların hüquqlarını pozublar. Mamontları vəhşicəsinə öldürüblər, dağkeçisindən tutmuş dinozavra qədər nə qədər canlının yaşayışını cəhənnəmə döndəriblər. Biz meşələri, kütləvi şəkildə ağacları məhv edib, yerində yol salmış, otellər, evlər tikmişik. Bununla kifayətlənləməyib, təbiətin əksinə çıxıb, quşları, heyvanları qəfəsləyib evə, zooparka salmışıq ki, baxıb zövq alaq.

Sürücü rayona gedəndə “inək yolumuza çıxdı” deyir. Halbuki inək yox, biz onun yoluna çıxamışıq, həmişə gəzdiyi torpağı ləğv edib, əvəzinə qır tökmüşük. Məsələ bu deyil, məsələ məsələyə kiçik bucaqdan baxmağımızdı. Mən it, pişik sevən insanlara şübhə ilə yanaşıram, açığı. Onların psixikasını araşdırmaq üçün daha çox vaxt sərf edirəm. Əvvəla, it-pişiyin başqa heyvanlardan üstünlüklərini anlamaq istəyirəm. Niyə dünya bütün heyvanları yox, məhz it-pişiyin tərəfini saxlayır. Məsələn, toyuğun pişikdən nəyi əskikdi?

Bu yaxında Çində it hüquqlarını qorumaq üçün onun yeyilməsi qadağan edildi. Bu nə ayrı-seçkilikdi? Canlını yemək qeyri-humanistlik sayılırsa, niyə bu yanaşma quşlara, balıqlara da aid edilmir? (yalnız heç bir canlını yeməyənləri veqan kimi qəbul edirəm, ancaq mal-qoyun  ətindən imtina edilməsi məntiqsizdi) Hələlik, qısa qənaətimi deyim: heyvanları da özümüzə sərf eləyəndə sevirik. Məsələn dəvə dözümlü olduğu, sərvət və su daşıdığı üçün hörmətli olub, hirslənəndə də insanın üzünə tüpürüb, eşşək isə fağırdı deyə həmişə aşağılanıb.

Heyvansevərliyin psixoloji açıqlamasına baxaq. Heyvansevərlərdən tez-tez eşitdiyim və məni cılız ifadəsi ilə dəhşətə gətirən açıqlamalardan biri belədir: insanlar vəfasızdır, it sadiqdir, pişik adama xəyanət etməz… Nə qədər natamam, absurd yanaşmadır. (iti günlərlə ac saxla, gör səni dişləyib quduz edəcək, ya yox?) İtlə ünsiyyətini insanla münasibəti ilə yanaşı qoyub müqayisə edən adamlar birinci ilə ikinci arasında hər şey bir yana, bioloji fərqləri ayırd edə bilməyəcək qədər gülüncdürlər. Bəzi statistik nəticələrə görə, xəyanətdən, vəfasızlıqdan şikayətlənən adamlar adətən, özləri  xəyanətkar, vəfasız olurlar. İnsanlara qayğı göstərmədən, mərhəmət və anlayışla yanaşmadan, bütün meylini itə-pişiyə salırsansa, əlbəttə “homo sapiens” səni sevməyəcək.

Amerikada körpələrə nifrət edib itləri sevən mizantrop qarıların psixi zədələrindən var belə adamlarda. Heyvanlar adamı təmənnasız sevir deyirlər. Deməli, yenə də məqsəd zəhmət çəkmədən “havayı” sevgi almaqdır. “Mənim itim, mənim pişiyim, hətta mənim övladım.” Bu birləşmələrdəki “mənim” əvəzliyi işin əsas hissəsidi. Buna psixologiyada ikili eqoizm deyilir. İnsan ona aid olan şeyləri asanlıqla sevə bilər, çətinlik başqalarına məxsusları da yad bilməməkdi.

İki ay öncə Moskvada qonaq qaldığımız evin 3 yaşlı pişiyi qəfildən öldü. Olduqca sevimli pişiyin gözlənilməyən ölümü hamımızı sarsıtdı. Məlum oldu ki, xüsusi cins şotland pişikləri genetik dəyişikliyə məruz qaldıqları, sonra  anestezioloji uyutma altında doğub törəməmələri üçün əməliyyat olunduqlarından bir çox hallarda hələ kiçik yaşlarında ürək tutmasından ölürlər. Mən özünün və uşaqlarının əyləncəsi üçün bu şəkildə heyvan saxlayanları ən az itlərə şiddət edən Mərdəkan avaraları qədər qəddar görürəm. Bir heyvanın təbii instinktlərini heç sayaraq onun cinsi orqanlarını kəsdirənlər heyvansevər deyil, yumşaq desəm, eqoistdirlər. Moskvada xüsusi it-pişik yetişdirən zavodlar var. Genlər dəyişdirilir, doğulan heyvanlar qeyri-adi görünüşə sahib olurlar. Onlar şəkildə yaxşı düşür deyə xüsusilə qızlar belə heyvanları əl-əl gəzirlər. Bəzi dələduzlar isə daha rahat vasitə tapıblar – pişiklərin üzünə gel vurub satırlar. 6-7 aydan sonra botoksu sorulan pişiklər eybəcər hala düşəndə sahiblərinə “heyvana pis baxmısız, arıqlayıb” deyirlər.

“O da canlıdı, o da nəfəs alır deyənlər” ağcaqanadın təbii əcəlini gözləmirlər, vurub öldürürlər. Son dövrlərlə hər yerdən görünən it-pişik sevərlirin təbii və ənənəvi deyil, kapitalizmin diktəsi ilə formalaşdığını düşünürəm. Cəlbedici qablaşmada it-pişik yeməkləri, şampunlar, vitaminlər böyük biznes halqasının mövcudluğundan xəbər verir. Heyvansevərliyin təbliği müəyyən adamların biznes uğurlarına xidmət edən PR və marketinq vasitələrindən biridir.

Yaşadığımız planetin bütün sakinlərinə bacardığmız qədər diqqətlə yanaşmalıyıq, istənilən münasibətdə şiddəti minimuma endirməyə çalışmalıyıq, bəli, amma heyvanlar quduzluq, ebola, malyariya kimi xəstəlikləri yayıb, insanların kütləvi tələfinə səbəb olursa, yanaşmalarımızda ehtiyatlı olmalıyıq. Məsəlyə daha geniş bucaqdan baxmalıyıq, hansısa fikrimiz üzərində yenidən düşünməliyik. Mən nədənsə it-pişik hüquqlarını müdafiə edən bur qrup insanın bir uşağa, bir insana qarşı edilən haqsızlığa qarşı çıxdığını görməmişəm, eşitməmişəm. Mən itin qayğısına qalan kütləni it kimi yaşayan insanların həyatlarına da diqqətlə yanaşmağa dəvət edirəm. qafqazinfo.az

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın