Menu
Geri İrəli

`Mən anamı sevgilimə dəyişmərəm!`

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2013 • Baxış sayı: 264 dəfə • Şərh yoxdur

Səbinə Məmmədova


Yeyib-içən xalqıq, ona söz yox. Bu, öz yerində. Hə, bir də bir az yeyib-içdikdən necə deyərlər, “toqqanın altını bərkitdikdən” sonra əl çalıb oynamağımız var. Həmin vaxtlar kefimizin “saz” vaxtına düşür. Sazdan söz düşmüşkən, adətən belə süfrələrin bəzəyi olur bu alət. Kökü qədimdən gəlsə də, son vaxtlar onu da “urvatsız” eləməyə başlayıblar. Nə isə, sözüm onda deyil.

Hə, qəribə məclislərimizdən daışırdım axı, adətən həmin yığıncaqların mənzərəsi belə olur: Dolu qarınlarını qaşıyıb, sazda “Yanıq Kərəmi”ni yana-yana dinləyib, yandırdığı siqaretin tüstüsünü ciyərlərinə çəkib, siqareti yandırmaq, hərdənbir qızarmış və hədəqəsindən çıxmaq üzrə olan gözlərini yumub, əlindəki dəsmalla tərləmiş boynunu-boğazını silmək belə məclislərin ənənəvi görüntüsünə çevrilib. Bir də ki, yeyib-içməyin, çalıb-oynamağın yanında saz olduğu kimi söz də mütləq olur. Adətən özlərinə qeyri-adi, uzun-uzadı bayağı ləqəblər qoyan bu müəlliflər vətən həsrətli pafoslu şeirlər söyləməyi, yazmağı sevirlər. Özü də bir az “vurduqdan” sonra vətən, ana bu kimi müqəddəs mövzular yaman baş qaldırır.

O gün televiziya kanallarının birində belə məclislərin biri qurulmuşdu. Necə deyərlər, sazlı- sözlü, aşıqlı, qonaqlı-qaralı… Adətən, belə proqramlara türklər demiş “qıcıq” oluram. Amma necə oldusa bu misraları eşidəndə “pult” əlimdə dondu elə bil. Şeirin adı belə idi: “Mən anamı sevgilimə dəyişmərəm!” Ada bax ha!

Aparıcı əlində mikrofon bu pafoslu, mənasız söz yığnağını bir-birinin ardınca elə mimik hərəkətlərlə düzürdü ki, sanki hansısa klassikdən bir bəşəri mövzudan olan qəzəl deyir. Bu misraları yazmaq nə qədər əzablı olsa da, yazıram ki, siz də tanış olasınız:

Mən anamı sevgilimə dəyişmərəm
İnan mənə,
İnanmırsan?
Qənim olsun Quran mənə
Anam məni düz doqquz ay
öz bətnində saxlamışdır
Gecələri layla çalıb,
Həzin-həzin ağlamışdır.
Çəkə-çəkə min bir əzab
ürəyini dağlamışdır
Bunu bilib, duyub, qanan
Mənə İnan!!!
Mən anamı sevgilimə dəyişmərəm!
İnan mənə!
İnanmırsan?
Qənim olsun, Quran mənə!
Mən anamı sevgilimə dəyişmərəm!
Yardan ötrü dəryalarda batan gördüm
İnanmadım!
Var-dövlətə qeyrətini satan gördüm
İnanmadım!
Yardan ötrü anasını atan gördüm
İnanmadım!
Ey şir kimi lərzə çəkib lovğalanan
Mənə inan!
Mən anamı sevgilimə dəyişmərəm
İnan mənə!
İnanmırsan?
Qənim olsun Quran mənə!
Mən anamı sevgilimə dəyişmərəm!

Anasını sevgilisinə dəyişmək istəməyib, aləmə car çəkən oğlana bir-iki cümlə sözüm var. Bu, sadəcə manyaklıqdır! Belə müqayisə olar? Heç ana ilə sevgili müqayisə oluna bilər? Aparıcı elə tonla şeiri oxuyurdu ki, sanki hamı anasını sevgilisinə dəyişib, bircə ondan başqa.

Vallah, ayıbdı. Onsuz da filankəs bacısını, ata qızını, oğul anasını zorladı kimi xəbərlər gündəmdən düşmür hamımızın psixikasını pozmaq üzrədir. Analarımız hamımızın ən zəif nöqtəsidir, buna söz yox, amma bu qədər də biabırçılıq olmaz. Anasını sevgilisinə dəyişməyən oğlan efirdən rəsmən bayağılığı təbliğ edir. Sosial şəbəkədə bunu müzakirəsi zamanı biri yazmışdı: Belələri oğul həsrəti ilə tutuşub yanan və oğlan doğuncaya qədər qız doğmaqda, ya da qız uşaqlarını abort etməkdə iddialı olan anaların tərbiyəsinin nəticəsidir də – niyə əsəbiləşirsiniz?! Təəssüf ki, bu, həqiqətən belədir.

Həmkarlarımdan biri isə bir dəfə bu aparıcını kənd toylarında oğlan evindən qız evinə ət maşınının qulpunu gətirməyə göndərilən obraza oxşadırdı.
Qısası, ümid edirəm ki, sözümüz sahibinə çatar və bir də anasını sevgilisi ilə və yaxud əksinə müqayisə etməyə çalışmaz.  azvision.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın