Menu
Geri İrəli

Multikultiralizm və azərbaycançılıq

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Dekabr 2016 • Baxış sayı: 903 dəfə • Şərh yoxdur

teyyubeBizim hamımızın bir Vətəni var. Müqəddəs ata ocağımız, laylalı ana qucağımız əbədi yaşar Azərbaycan. Bu torpağın qoynunda yüyrüyümüz asılıb, nənnimiz çalınıb, bu torpaqda dil açmışıq, güzarımız da bu torpaqdadır, üstəlik gələcək məzarımızda. Bu torpaqda yaranışdan gözəl bir xalq yaşayır. Qədim, xeyirxah, geniş qəlbli, düz ilqarlı, incə duyğulu bir xalq-azərbaycan xalqı. Bu torpaq əsrlər boyu bir çox  fərqli sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşdiyindən, Asiya ilə Avropa arasında körpü rolunu oynadığından burada müxtəlif mədəniyyətlər yaranmışdır. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı məkan olub. Torpağımızda yaşayan ləzgi də, avar da, kürd də, talış da, udin də, kumuk da, yəhudi də, malakan da, başqası da-bütünlükdə azərbaycanlıdır. Çoxmillətli və qonaqpərvər Azərbaycanda yaşayan xalqlar həmişə sıxılmadan, azad, firavan yaşyıblar, öz ana dillərində danışıblar, milli-adət ənənələrin yaşadıblar, dini inanclarına ibadət ediblər və edirlər.

 Elə buna görə də Azərbaycan öz multikultural dəyərləri ilə seçilən məkanlardandır. Bu dəyərlər tarix boyu olmuşdur və bu gün də var. Möhtərəm Prezidentimiz  İlham Əliyevin söylədiyi kimi “Multikultiralizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Canımızda, qanımızda olan multikultural dəyərləri, tolerant əhval ruhiyyəni bütün tarixi dövrlərdə həm tariximizdə həm də ədəbiyyatımızda hiss edirik.

Azərbaycan tarixinin və ədəbiyyatının nümunələri müxtəlif dövrlərdə Azərbaycanda multikultural əhval və tolerant münasibətlərin “hakimi mütləq” olmasından xəbər verir. Ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara qarşı hörmət duymaq və bu xalqların adını ehtiramla çəkmək, onlara dostluq və sevgi sərgiləmək ilk klassiklərimizin, orta əsrlər və intibah dövrü yazarlarımızın, maarifçi demokratların yaradıcılığında xüsusi yer tutub. Müxtəlif dinlərin müqəddəslərinə İbrahimə, Musaya, Süleymana, Yaquba, İsa Məsihə, Məryəmə həmişə hörmətlə müraciət edilmişdir. Eyni zamanda başqa xalqlara məxsus alimlərə (Sokrata, Platona, Aristotelə, Evklidə, Hibbokrata) yazarlara (Şillerə, Şekspirə, Hüqoya, Volterə, Russoya) sonsuz ehtiramın təsviri də multikultural və tolerant əhvaldan xəbər verir. Ayrı dinlərə və millətə mənsub olan gözəllərin vəsfi və onlara olan saf məhəbbət Qanturalı, Kərəm, Şeyx Sənan, Bahadur, Əli kimi aşiqlərin həyatının ədəbiyyatımızda yer alması da başqa xalqlara səmimi münasibətdən xəbər verir. Belə ki, multikultural dəyərlər əsrlər boyu, xalqımızın canında və qanında yaşayıb. Nizami Gəncəvi “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarında yüksək multikultural düşüncə açıq-aşkar görünür. N.Gəncəvidən:

Zəncinin zahiri qaradır, ancaq

Sən ağzından çıxan saf sözlərə bax,

Zənci dəmir kimi qara, parlaqdır

Üzü qaradırsa, ürəyi ağdır.

Görkəmli şair, yazıçı alim Abbasqulu ağa Bakıxanovdan bir misal.

Bir tayfadan ibarət deyildir

bu xoş diyar,

Bu səfalı ölkədə axı bir çox

tayfa var.

Bu ölkədə yaşar çex, rus,alman, rum, firəngli

Hər birinin paltarı bir çeşidli, bir rəngli

Seyid Əzim Şirvaninin

“Demə ol kafir, ol müsəlmandır.

Hər kimin elmi var o insandır”

həqiqətinə inanırdı.

Böyük H.Cavid beynəlmiləlçi bir ədib olaraq öz əsərlərində xalqlar dostluğunu tərənnüm etmişdir. “Qız məktəbində” şeirində şair balaca Gülbaharın dilindən dünyadakı bütün insanlara bəslədiyi sonsuz sevgi duyğularını tərənnüm edir.

Bu dünyada sənin ən çox sevdiyin kimdir, quzum söylərmisin?

-Ən  çox sevdiyim ilkin

O Allah ki, yeri-göyü, insanları xəlq eylər.

-Sonra kimlər?

- Sonra onun göndərdiyi elçilər.

- Başqa sevdiklərin nasıl,

- Var yoxmu?

- Kimdir onlar?

-Anam, babam, müəlliməm, bir də bütün insanlar.

Sovet dövründə R.Rza söyləyirdi:

Pəncərəni açdım sabaha

Gördüm qaynaşır insanlar

Ağı da var, sarısı da, qarası da

Çağırdım:

Ey qardaşlar.

Belə nümunələr ədəbiyyat və tariximizdə lap çoxdur. Dərin tarixi köklərədn qaynaqlanan multikultiralizm bu gün Azərbaycanda ən aparıcı ideoloji dövlət siyasətidir. Ümummilli liderimiz H.Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində çoxmədəniyyətlilik ənənəsi inkişaf edərək keyfiyyətcə yeni bir mərhələyə qalxdı. Bəli, ulu öndər H.Əliyev Azərbaycan multikulturalizminin banisidir. H.Əliyev ilk dəfə olara multikultiralizmin azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etdi. O, deyirdi ki,  Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Onu daim qoruyub saxlamalıyıq. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların  ümumi  vətənidir.

Ulu öndərin multikultural siyasətini möhtərəm  prezidentimiz uğurla davam və inkişaf etdirir. Prezidentimizin apardığı davamlı siyasət nəticəsində multikultiralizm xalqımızın həyat tərzinə çevrilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilir. İlham Əliyev multikultiralizmi alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant kimi dəyərləndirir. Artıq Azərbaycan bu sahədə Qərb ölkələrinə nümunə olmaqdadır.

Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı sevən humanist xalq olub. Lakin tarix boyu xalqımız erməniliyin multikultural mədəniyyətdən uzaq olan vandalizm təbiətinə şahidlik edir. Qarabağ müharibəsi nəticəsində xalqımızın tarixi irsinə zərbə endirilmiş, mədəni dini abidələr və maddi sərvətlər məhv edilmiş, işğal zonasında qalan Alban xristian məbədləri, məscidlər erməni vandalizminə məruz qalmış, mədəniyyət ocaqları yerlə-yeksan edilmişdir. Bəşər sivilizasiyasının nadir nümunələrindən olan Azıx mağarasının taleyi müəmmalı qalıb. Bu faktlar erməniliyin multikultural mədəniyyətdən uzaq olan vandalizmindən xəbər verir. Bu gün Azərbaycan o nadir dünya ölkələrindəndir ki, özü öz taleyini müəyyən edir. Azərbaycan iqtisadi inkişaf sürətinə, qazandığı nailiyyətlərə, özünəməxsus inkişaf modelinə, multikultiralizmi yaşatdığına və tolerantlığa, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyinə görə nümunəvi dövlətə çevrilib. Nümunəvi dövlət başçısı və nümunəvi dövlət!

Xalqımız bütün bunlardan qürur duyur, müstəqil dövlətini və onun rəhbərini böyük məhəbbətlə sevir və dəstəkləyir.

Azərbaycan Respublikasının Əməkdar müəllimi,  Hüseynova Təyyibə Yəhya qızı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın