Menu
Geri İrəli

Multikulturalizmin mükəmməl Azərbaycan nümunəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2017 • Baxış sayı: 1,391 dəfə • Şərh yoxdur
Share Button

Qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu danılmazdır

 tahir mirkisli“Dövlət, ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” – ümummilli lider Heydər Əliyevin söylədiyi bu sözlər müasir Azərbaycan dövlətçiliyinin taleyüklü məqsədini əks etdirir. Müasir Azərbaycan dövlətinin siyasətinin ideya-mədəni və siyasi-psixoloji mənbələri məhz mədəni müxtəliflik və mədəni bərabərlikdir.

Milli çərçivədə mövcud olan müxtəlif mədəni ənənələrin dialoqunun təşkili problemi bu gün bütün ölkələr qarşısında yeni bir çağırış formasında yaranmaqdadır. Məhz bu şəraitdə hər bir ölkənin daxilində mədəni plüralizm və ya multikulturalizm ideologiyası daha da aktuallaşır.
Multikulturalizm bir ölkədə müxtəlif mədəniyyətlərin sülh və etimad şəraitində mövcud olmasını təklif edir. Multikulturalizm – bütün mədəniyyətlərin bərabər və eyni yaşamaq haqqı olmasını təklif edən konsepsiyadır. Multikulturalizm mədəniyyətlərin assimilyasiya olmadan inteqrasiyasını (birgəyaşayışını) təklif edir.
İmmiqrant mədəniyyətlərə keçən əsr ərzində bir çox ölkələr tərəfindən tətbiq olunan assimilyasiya siyasəti əksər hallarda özünü doğrultmadı. Ksenofobiya, fanatizm, fundamentalizm, radikalizm, ekstremizm, terrorizm – bütün bunlar yarı-etnik mühitdə tətbiq olunan strategiyanın yalnız bir neçə yan nəticələri oldu.
Beləliklə, multikulturalizm siyasətinin əsasını 3 prinsip formalaşdırır:
- Dövlət tərəfindən mədəni plüralizmi vətəndaş cəmiyyətinin əsas xarakteristikası kimi tanımaq;
- Marginal mədəni qrupların sosiallaşmasına mane olan maneələri aradan qaldırmaq;
- Müxtəlif mədəniyyətlərin inkişafını dəstəkləmək.
Əgər ənənəvi liberal ideologiyanın əsasında fərdi vətəndaşların bərabər hüquqlarının müdafiəsi durursa, multikulturalizm bir addım da irəliyə gedərək bu hüququ kollektiv fərdlərə – bu və ya digər mədəniyyətlərin təmsilçilərinə aid edir. Buna görə də bir çox hallarda multikulturalizm – qloballaşma şəraitində mədəni dəyərlərin bərabərhüquqluğu və ya demokratiyası anlamına gəlir.
Məhz multikulturalizm qloballaşma prosesində bir mədəniyyətin digərləri üzərində dominantlılığına şərait yaratmır. Məhz bu amil ksenofobiya, fanatizm, fundamentalizm, radikalizm, ekstremizm, terrorizm kimi neqativ təzahürlərin meydana gəlməsinin qarşısını ala bilir.
BMT-nin keçmiş baş katibi Butros Qali öz çıxışında bunları söyləmişdi: “İqtisadiyyat, maliyyə, kommunikasiyalar getdikcə qloballaşır. Dünya qlobal miqyas alan problemlərlə üz-üzədir. Bizim üçün çatışmayan – demokratiyanın qloballaşmasıdır. Buna nail olmağın ən yaxşı üsulu isə – mədəni müxtəlifliyin dəstəklənməsidir, mən buna multikulturalizm deyirəm”.
Hazırda bütün ölkələr ümumi problemlər ilə üz-üzədir – iqtisadiyyatın yenidən qurulması, məşğulluq sahəsində böhranlar, təhsil modellərinə yenidən baxmaq tələbatı, ksenofobiya, fanatizm, fundamentalizm, radikalizm, ekstremizm, terrorizm kimi neqativ təzahürlərin meydana gəlməsi və s. Bütün bu problemlərin həlli üçün multikulturalizm öz həll yolunu təqdim edir.
Prezident İlham Əliyev 2014-cü il oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində söyləmişdir: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”.
ATƏT Parlament Assambleyası 56 ölkənin parlamentarilərini birləşdirir. ATƏT dünyada ən böyük regional təşkilatdır. Əsasən əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edən Parlament Assambleyası qəbul etdiyi bütün sənədlərdə üzv ölkələr arasında əməkdaşlıq və dialoq üçün zəmin yaratmağa prinsiplər hazırlayır. Lakin son 20 ildə ATƏT regionunda münaqişələrin sayı artmaqda və milli, dini zəmində münaqişələrin xarakteri kəskinləşməkdədir. Son onilliklər ərzində hazırlanan beynəlxalq hüquq normaları münaqişələrin həllində aciz qalır, güc tətbiq etmək isə əksər hallarda faciələrə gətirib çıxarır. Dünya qloballaşdıqca xalqlar və ölkələr arasında dialoqa zəmin yaradacaq təbii alətlərə ehtiyac yaranıb ki, bu alət də Azərbaycanın təklif etdiyi müxtəlif mədəni dəyərlərə söykənməklə qarşılıqlı hörmət əsasında dialoqun aparılmasıdır. Məhz müxtəlif mədəni dəyərlərin birgə yaşamasına önəm verilməsi təbii yolla münaqişələrin yaranmamasına gətirib çıxara bilər. Azərbaycan öz təcrübəsində bunu bütün dünyaya sübut edib. Azərbaycanda dinc, birgəyaşayış və inkişafın səbəblərindən biri də ölkədə müxtəlif milli və dini dəyərlərin qarşılıqlı hörmət əsasında birgəyaşayışının təmin edilməsinin və ölkə rəhbərliyinin buna xüsusi diqqət və qayğısının nəticəsidir.
Regionda və dünyada gedən proseslərə Azərbaycanın müsbət təsirini həm də beynəlxalq sənədlərdə əks etdirmək məqsədilə 5-9 iyul tarixlərində ATƏT Parlament Assambleyasının Minsk şəhərində keçirilən 26-cı illik sessiyasının iclasında Azərbaycanın müəllifi olduğu “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” qətnamə layihəsi müzakirəyə çıxarılmışdır.
Müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyəti multikulturalizm dəyərlərinin dünyada xalqların və ölkələrin inkişafında rolundan danışaraq bu dəyərlərin siyasi, iqtisadi və demokratik inkişaf üçün hər bir ölkədə qorunub inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir. Azərbaycanın bu sahədə böyük təcrübəsi olduğunu, Bakı Humanitar Forumunun deklarasiyalarından söz açaraq qəbul ediləcək qətnamə layihəsinin ATƏT regionunda qarşılıqlı etimadın yaradılmasına və bütövlükdə planetdə təhlükəsiz həyatın qorunmasına xidmət edəcəyi iştirakçıların diqqətinə çatdırılmışdır. Çıxış edən digər ölkələrin nümayəndələri (Kanada, Rusiya, İspaniya, Türkiyə, Avstriya) qətnamə layihəsinin müasir dövrdə vacibliyini və ATƏT sənədləri içərisində ilk belə sənədin olmasının beynəlxalq qanunvericilikdə bir yenilik olduğunu qeyd etmişlər. Müzakirələrin sonunda səsverməyə çıxarılan qətnamə layihəsi qəbul olunmuşdur.
Qətnamə layihəsi əsasən müxtəlif mədəni dəyərləri qoruyub inkişaf etdirməklə ATƏT regionunda demokratik inkişafa və təhlükəsizliyə töhfə verməyi və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində tətbiq etməyi nəzərdə tutur.
“Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” qətnamə layihəsi 3 əsas istiqaməti özündə birləşdirir.
1-ci istiqamət – hüquqi əsaslar:
Qətnamə layihəsi BMT Nizamnaməsinin 1-ci maddəsinə (mədəniyyətlərin vacibliyi), UNESCO konstitusiyasına (mədəniyyətlərin səmərəli müxtəlifliyi), İnsan Hüquqları Bəyannaməsinə 1948, 22-ci maddə (mədəni hüquqlar, şəxsi ləyaqət), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, 27-ci maddə (öz dilini, öz dinini və öz ənənələrini tətbiq etmək hüququ), ATƏK, 1991, Milli azlıqların hüquqları deklarasiyasına, Avropa Şurası Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyasına (1992), Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasına (1994) əsaslanaraq müxtəlif multikulturalizm sahəsində ilk dəfə olaraq vahid bir sənəd şəklində qəbul edilmişdir.
2-ci istiqamət – Azərbaycan təcrübəsi:
Qətnamə layihəsi Bakı Beynəlxalq Humanitar Forumunun yekun deklarasiyasının bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə, multikulturalist dəyərlərə, birgəyaşayış və inkişaf naminə tələb olunan dəyərlərə dair geniş spektrli tövsiyələri qəbul edərək, bu tövsiyələrin bütün dünyada yayılmasını vacib hesab etmişdir.
3-cü istiqamət – ATƏT-ə üzv ölkələrə çağırış:
Qətnamə layihəsi ATƏT-ə üzv ölkələri multikulturalizm dəyərlərini demokratik inkişaf, təhlükəsizlik və birgəyaşayış üçün substantiv müzakirələrin əsas elementi kimi qəbul etməyə və bu məqsədlə müvafiq qanunvericilik aktlarını hazırlamağa çağırır. Eyni zamanda ATƏT-in indiki və gələcək rəhbərliyini UNESCO ilə sıx əməkdaşlıq şəraitində multikulturalizm siyasətinin ATƏT-ə üzv ölkələrin daxilində və üzv ölkələr arasında inklüziv etimadın artırılmasında rolunun artırılması üçün konkret təklifləri hazırlamağa çağırır.
Azərbaycanın dövlət quruculuğu mədəniyyəti ölkədə məskunlaşmış ayrı-ayrı xalqların biliklərinin, vərdişlərinin və təcrübəsinin sintezindən ibarət olmuşdur və indi də belədir. XX əsr ərzində Azərbaycanda siyasi millət, yəni vətəndaş milləti formalaşmışdı. “Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik” – Prezident İlham Əliyevin söylədiyi bu sözlər müasir Azərbaycan dövlətinin mədəniyyətlərarası siyasi dialoqunun və birgəyaşayış prinsiplərinin ümumi çərçivələrini müəyyən edir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verir. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var.
Bu gün Azərbaycan dövləti güclənir, inkişaf edir. Eyni zamanda müasir dövrün çox mürəkkəb problemləri ilə üzləşərək onları həll etməyə çalışır və ya ölkəmizə təsirini azaltmağa çalışır. Regionda sabitlik, əmin-amanlıq və davamlı inkişaf nümunəsi olan Azərbaycan ərazisində olan müxtəlif millətlərin birgəyaşayışını təmin etməklə, bu nümunəni bütün dünyaya yayır. Tarix sübut edir ki, yalnız bu dəyərlər üzərində qurulan dialoq və əməkdaşlıq münaqişələrin qarşısını alır və dayanıqlı inkişafa gətirib çıxarır.

Tahir MİRKİŞİLİ,
Milli Məclisin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın