Menu
Geri İrəli

NİYƏ MƏHZ KÜKNAR?

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Dekabr 2010 • Baxış sayı: 390 dəfə • Şərh yoxdur
Share Button

Almanlar belə hesab edirdilər ki, küknar budaqlarında insanlara xeyir gətirən, ədalətin qoruyucusu olan “meşə ruhu” yaşayır

 

Qədim Romada isə təqvim aylarındakı günlərin sayını rüşvət verib dəyişdirmək də olarmış

 Aynur Cabbarovanın təqdimatında  

Yeni İl qədim zamanlardan yer kürəsinin  bir cox xalqlarının ən məşhur bayramlarından biridir. Hər bir xalqın özünün xüsusi tarixi və mifik əlaməti ilə bağlı yeni il taqvimi var idi. Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib.

Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü “Günəş qapısı” adlandırarmışlar.  Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü – İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.

Yeni il bayramını al-əlvan, bərli-bəzəkli yolkasız təsəvvür etmək qeyri-mümkündür. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən AdəmHəvva bayramının rəmzi idi.

Yeni il yolkası haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində ağaclar rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Almanlar belə hesab edirdilər ki, küknar müqəddəs ağacdır və küknar budaqlarında insanlara xeyir gətirən, ədalətin qoruyucusu olan “meşə ruhu” yaşayır. İlin bütün zamanlarında yaşıl qalan küknar, ölməzlik, daimi cavanlıq, qüdrət, düzgünlük və ləyaqət rəmzi idi. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya — Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. Hal-hazırda dünyanın ən gözel yeni il yolkası Rio-de-Janeyro şəhərində Laqoa gölündə düzəldilən üzən yolkadi. Bu yolkanın uzunluğu 85 metr, çəkisi 530 tondur.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın