Menu
Geri İrəli

POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ…

Müəllif: sumqayitxeber.com • Tarix: 27 May 2015 • Baxış sayı: 659 dəfə • Şərh yoxdur

mahir22Mahir Qabiloğlu

Sovet vaxtı kim maşın alırdısa başlayırdı içini də, bayırını bəzəməyə. Polovinka şüşə, pərdə, xarici siqnal, daha nələr, nələr. Özü də çox baha qiymətə. Amma atam bunların heç birini yaxın qoymurdu. Deyirdi ki, zavod lazım bilsəydi, özü də qoyardı. Çünki hər bir mexanizmin, maşının, qurğunun öz konstruktoru var. Yəni ki, loru dildə desək – atası. O, hər şeyi nəzərə alır. Lap xırda detallara qədər. Ev, bina tikintisi də elədir.
Sovet dövründəki qanunları çox gözəl bilirsiniz. Hər şey nəzərə alınırdı. Beşmərtəbəli binalarda yanğın təhlükəsini elə də ciddiyə almırdılar. Çünki yanğınsöndürən maşınların nərdivanları, şlanqı, suyunun təzyiqi 5-ci mərtəbəyə çatırdı. Sonra Leninqrad layihəli evlər tikilməyə başladı. Bu evlərdə də 5-ci mərtəbəyədək hər şey köhnə qaydada gedirdi. Lakin 6-cı mərtəbədən 9-cu mərtəbəyədək balkon qonşularının eyvanarakəsməsində petləsi olmayan xüsusi qapılar vardı. Yanğın olanda qapını sındırıb qonşunun evinə keçərək, qonşu blokdan canını qurtarmalıydın. Qonşu balkonu olmayan, binanın cinahında yerləşən tək eyvanlarda isə lyuk sistemi idi. Balkonun döşəməsindəki lyuku qaldırmalıydın, dövlətin əvvəldən nəzərdə tutub ora quraşdırdığı dəmir nərdivanlarla ta 5-ci mərtəbədəki qonşunun balkonuna düşməliydin. Ordan da yanğınsöndürənlər səni asanlıqla təxliyə edə bilərdilər. Mənzilin, mənzilin içindəkilər yana bilərdi. Amma bu tədbirlər insanların sağ qalmasına hesablanmışdı. Ona görə də sovet vaxtı balkonu nəinki aynabənd eləmək, bu yanğınsöndürmə qapılarını, lyuklarını bağlamaq belə qadağan idi. Hətta bir dövr var idi ki, qaldırıcı kranlarla qalxıb sakinlərin qanunsuz quraşdırdıqları aynəbəndləri dağıdırdılar da… Bəs biz sakinlər nə etdik?

ŞƏXSƏN MƏN NƏ ETDİM
Atam 9-cu mikrorayonda 9 mərtəbəli evin 8-ci mərtəbəsində ikiotaqlı mənzil almışdı mənimçün. Giriş qapısı da taxta idi. Bir gün evə gələndə nə görsəm yaxşıdır? Hələ öz evinə köçməyən qonşunun qapısını qırıblar. Ordan keçiblər balkona. Arakəsmə yanğın təhlükəsizliyi qapısını sındıraraq keçiblər mənzilimə. Xülasə, pul, qızıl olmadığından pərt olub oğrular… Əllərinə keçən maqnitafonu götürüb aparıblar. Nəticəsi bilirsiniz nə oldu? Maqnitafon əlbəttə ki, tapılmadı. Amma mən birinci növbədə dəmirdən seyfovı giriş qapısı qoydurdum. Balkondakı arakəsməni betondan tökdürüb, bağlatdırdım. Üstəlik ora şkaf da quraşdırdım. Şəxsi təhlükəsizliyimi yanğın təhlükəsizliyindən üstün tutdum. Sonralar bütün qonşular belə etdi. Bəziləri balkonunda aynabənd də quraşdırdı. Bəziləri Neft daşlarındakı kimi dəmir estakadalar qoyub balkonu qabağa da çıxartdılar. Bakıdakı binaların başına bir oyun açdıq ki, gəl görəsən. Mən qanunsuz addımımın adını “şəxsi təhlükəsizliyim naminə” qoymuşdum. Onlar isə “kvadraturanı artıraraq həyat şəraitimizi yaxşılaşdırırıq” dedilər. Nəinki həyətə açılan balkonları, küçə balkonlarını da bağlamağa başladılar. Arakəsməni götürüb balkonu zala da qatdılar.
İçəridən bilmirəm necəydi, amma bayırdan bina biabır gündə görsənirdi. İnanmırsınız? Yazımı oxuyandan sonra həyətə çıxıb bir mənim gözümlə baxın öz yaşadığınız, yaxud da ki, qonşu binalara. Baxın da və fikirləşin. Binalarda yanğın təhlükəsizliyinə cavab verən bir nişanə qoymuşuqmu? Hələ evlərdə quraşdırılan kaminləri demirəm. Yoxdur? Var axı. Balkonlarda quraşdırılan manqallar necə? Yaxud da balkon aynabənd olduğundan, binaların divarına, içi boş kərpicə montaj etdirdiyimiz kondisionerlər necə, yadınızdan çıxıb? Allah eləməsin hansısa oradan qopub kiminsə başına düşsün.
HAŞİYƏ: Yəqin ki, hər birinizdə şəxsi mənzilinizin “kupça”sı və texniki pasportu var. Açın baxın. Balkon sizə aiddirmi? Balkon evin kvadraturasına əlavə edilibmi?

ƏVVƏLCƏ SEVİNDİM
Balkonlarda sonradan quraşdırılan aynabəndlər köhnə sovet binalarında 95 faiz təşkil edir. Ona görə də Bakıda binalara üzlük çəkiləndə yox, bütün balkonlara standart aynabəndlər qoyulanda sevindim. 95 faizin aynabəndini sökməkdənsə, 5 faizi də onlara qatmaq düzgün addım idi. O ki qaldı üzlüyə? Mən aqalaydan – təbii daşdan, yaxud da maladan başqa üzlük tanımaq istəmirəm. Çünki kimyanın icad eydiyi hər şey qorxuludur və tez alışandır. Bunu bilmək üçün xüsusi ekspertizaya, yaxud da institut qurtarmağa ehtiyac yoxdur. Rəngin özü belə təhlükəlidir. Ona görə də kimyəvi maddələr və rəng, lak satılan mağazaların binaların birinci mərtəbəsində yerləşməsi qanunla qəti qadağandır. Ay-hay… Əməl edirikmi?
Poliuretan üzlükləri görəndə bir balaca narahatlıq keçirtdim. Balkonların bayır divarında quraşdırılan kondisionerlərə və işıqlandırma sistemlərinə görə. Axı qısa qapanma deyilən amil də var ki, yanğına səbəb ola bilər.

AZADLIQ PROSPEKTİNDƏKİ BİNA
Baş verən yanğında günahkar kimdir? Bilmirəm. Poliuretanmı? Yaxud da ki, poliuretanı yandıran? Yaxud da elektrik naqilləri? Və ya mənzillərin birində başlayan yanğın. O binada qaz olmasa da, qaz balonları yəqin ki, var. Bəs yanğın zamanı yanğın təhlükəsizlik keçidləri necə, bu binada varmı?

HAŞİYƏ: Şəhərdə səkilərin üstündə, yaşıllıq zolaqlarında nəsə bir şey tikənə, hətta həyətlərin girişini bağlamaq hallarıyla tez-tez rastlaşırıq. Yanından keçəndə bilirsinizmi nə deyirlər? Bunun bünövrəsini qoyanın…
Yaxud da:
Bir beliaçıq, ətəyi qısa, findi-furuşka qız görəndə hamı nifrətlə ona baxıb demir ki, bu nə paltardır geyinmisən. O saat “bunun valideynləri hara baxır. Qız evdən çıxanda atası bunu görmürmü? Boyunu yerə soxum, qız atası” deyirlər. (SON)

Amma nədənsə Azadlıq prospektindəki baş verən yanğında binanı tikəni heç kim söymədi. Bilirsinizmi niyə? Çünki memarın, arxitektorun təqsiri yoxdur. Bina məhz o, layihələndiridiyi kimi qalsaydı, heç nə olmayacaqdı. Yox, düzgün başa düşmədiniz. Poliuretan yanmağına yanacaqdı. Amma ola bilsin ki, itkinin sayı az ola bilərdi və yaxud da heç olmaya da bilərdi.
1984-cü il idi. Qohumlarımızdan biri bu prospekt boyu tikilən binalardan birincisində 3 otaqlı mənzil almışdı. Evgördüsünə getdik. Evə girəndə məəttəl qaldıq. “Aaaaa, bu nə evdir? Qazı yoxdur ki? Bəs toyuğun tükünü necə ütəcəksən, qız?” Bu anamın təəccübü idi. Həyət tərəfə balkon isə açıq idi. Necə? İki bloklu binada, hər mərtəbədə by blokdan o bloka balkon vasitəsilə keçmək olardı. Küləkdə az qalırdı ki, 14-cü mərtəbədən külək səni aşağı atsın. Bu, evi layihələndirən arxitektorun qoyduğu qayda idi. Yox, daha doğrusu yanğın təhlükəsizliyinin tələbləri. Burda da şəxsi təhlükəsizlik qaydaları sıfra bərabər idi. Yəni ki, istənilən oğru açıq eyvandan mənzilin içinə girə bilərdi.
Sakinlər yaşadıqca bu açıq balkon məsələsinin faydasını görməyə başladılar. Öz bloklarında lift xarab olanda balkon vasitəsilə qonşu bloka keçir və onların liftindən istifadə edirdilər. Vaxt keçdi, il dolandı. Sovetin özü də, qanunları da zəifləməyə başladı. Balkonlarda iki qonşu sərhədlərini müəyyənləşdirib daşdan arakəsmə hördü. Blok tərəfdən girişidə daşla bağladılar. Bəs lift xarab olanda nə edirdilər?

ATAMIN SON GÖRÜŞÜ
O binada yaşayan qohumumuz ürəyini əməliyyat etdirmək üçün Türkiyəyə getməliydi. Martın 31-i, ölümünə 4 gün qalmış atam dedi ki, gedək ona bir baş çəkək. Gəldik evlərinə. Bloka girdik. Liftin düyməsini basdıq. Lift işləmirdi. Pillələri enib blokdan çıxdıq. Qonşu bloka girdik. Lift işləyirdi. Lap axırıncı mərtəbəyə qalxdıq. Ordan da pilləkanlarla – el diliylə desək – qalxdıq quş damına. Qaranlıqda, telefonun işığını yandıra-yandıra bir təhər keşdik qohumgilin blokuna. Ordan da pilləkənlərlə endik onların mərtəbəsinə.

BİƏDƏB BİNA
İllər keçdi. O binanı tanımaq olmurdu. Arxitektor yapan layihədən zahirən heç nə qalmamışdı. Hər iki tərəfdən aynabəndlər. Biri taxtadan, biri ağ plastikdən, o biri mebelni. Şüşələrin rəngi də ki, müxtəlif. İki il bundan qabaq isə bu binalar təmir edildi. Hər iki tərəfdən. Məncə təqdirəlayiq hal idi. Heç kim deyə bilməzdi ki, bəyənmədim. Bina abıra salınmışdı.

BİNANI NİYƏ ABIRA SALMALIYDILAR Kİ?
Toylarda çox görüb, çox eşitmişəm. Gəlin zala daxil olanda bəzi arvadların əli ağzına gedir. “Ağez, bu qız nə gündəydi? Amma gör nə qəşəng bəzəyiblər? Görəsən hansı gözəllik salonuna gedib? Makiyajı hansı usta edib?”

Yaxud da:

Mənzilimizi satmaq istəyəndə tezbazar oboyunu dəyişirik, tavana emulsiya yaxırıq, döşəməni qaşıtdırmamış lak vururuq. Bir sözlə kosmetik təmir. Bu işlərə xalq arsında deyilir “abıra salmaq”. Amma əslində ataların “Üstü bəzək, içi təzək” misalından irəli getmirik. (SON)
Niyə axı hökumət pul töküb binaları bəzəməliydi? Yox elə bilməyin ki, pulumuz artıq çıxıb, xərcləməyə isə yerimiz yox. Lap elə də düşünək. Amma təqsiri ilk növbədə özümüzdə bilək. Özümüz məcbur edirik ki, onlar bu addımı atsınlar. Biədəb də çıxsa deyəcəyəm. Pox gününə qoymuşuq yaşadığımız binaları.
Konket danışım. Yanan binada yanğın təhlükəsizliyi eyvanlarını kim bağlayıb, özəlləşdirdi? Binəqədi rayon icra hakimiyyətimi? Yoxsa FHN? Yox! Biz sakinlər! Bağladıq. Bu bir yana. Aynabəndi kim quraşdırdı? Fasadla mənzilin divarı arasında olan məsafəni kim aradan götürdü? Əlbəttə ki, biz sakinlər. Fasadda baş verən yanğının birbaşa rahatlıqla evə keçməsinə, ilk növbədə aynabənddəki pərdələrin alovlanmasına və otaqlara yayılmasına kim kömək etdi? Əlbəttə ki, biz sakinlər.
Əlaqədar orqanlar isə bizim illər boyu biədəb vəziyyətə saldığımız binalarımızı sadəcə olaraq abıra salmaq istədilər. Dünyada sınaqdan çıxmış poliuretan üzlük materiallarla. O üzlük də keyfiyyətsiz çıxdı. Lap bizim keyfiyyətsiz əməllərimiz kimi. Günah bəlkə də poliuretandadır. Amma balkonlara nəinki standart aynabəndlər qoyulmalı, əksinə sakinlərin quraşdırdığı bütün aynabəndlər sökülməli, yanğınsöndürmə eyvanları təcavüzkar sakinlərin əlindən azad edilməliydi. Konkret olaraq Azadlıq prospektindəki 15 mərtəbələrdə çıxış yolu budur. Məsuliyyətə qalanda isə… Bunu yəqin ki, hüquq-mühafizə orqanları araşdıracaq.

PİS ATA, PİS ANA
Yanğın baş verdi. Yanğından günlər keçsə də özümə gələ bilmirəm. Ölən uşaqların fotosu, daha doğrusu balkondan əl edib imdad diləyən uşaq gözümün qabağından getmir. Ölən insan, uşaq şəkillərini görməmişdikmi ki, bizə belə təsir göstərdi? Xocalı soyqırımını, Qarabağ müharibəsini yaddan çıxardıqmı? Yox. Bəs onda nədir bizi üşündürən, tüklərimizi biz-biz edən?
HAŞİYƏ: 90-cı illərdə həm mən bütün günü işdə olurdum, həm də yoldaşım. Uşaqları bağçaya qoyurduq. Sonralar məktəb illəri başladı. Dərs səhər tezdən başladığından məktəbə özümüz aparırdıq. Dərs qurtaranda isə məktəbdə işləyən yaşlı bir qadına tapşırmışdıq. O gətirirdi evə. Evin açarları da uşaqlarda vardı. Onları evə salır, 8-9 yaşında olan qızlarım isə qapını özləri arxadan bağlayırdılar.
HAŞİYƏ: Nəvəm Qabil yeddi aylıq idi. Ona baş çəkməyə gedirdim. Həyətdə qızımla rastlaşdım.
- Hara gedirsən?
- Heç. Həyətdəki dükana düşdüm. Bəzi şeylər lazımdır.
- Qabil hanı bəs?
- Yatıb. Mən də bu fürsətdən istifadə edib düşdüm dükana.
- Kim var yanında?
- Heç kim. Yatıb da.. (SON)
Bilmirəm dediklərimi qəbul edəcəksiniz, ya yox. Amma bütün dövrlərdə mənim kimi məsuliyyətsiz valideynlər olub. İkinci sinifdən mənim də cibimdə evin açarı olub. Qazı yandırıb yeməyi də qızdırmışam, çaydanı da qaynatmışam. Qızlarımızı evdə tək qoyub pul dalıyca qaçan da mən və yoldaşım olub. Uşağı evdə tək qoyub həyətdəki dükana düşən analar bəs nə qədərdir görəsən? Onlar da mənim qızım kimi anlamırlar ki, lift xarab ola bilər, daha nələr, nələr. Necə ki, Azadlıq prospektindəki binada yanğın oldu. Eyvandan qız əl edir. Heç kim sual vermir ki, bəs bunun anası-atası hardadır? Niyə təkdir? Bəlkə də anası, ya nənəsi artıq tüstüdən boğulub. Amma mənimkimilərin gözü önündən cavanlıqda buraxdığımız səhvlər gəlib keçir. Üşünürəm, üşünürük. Tüklərimiz də biz-biz durur. Başqalarının faciəsində bir vaxtlar buraxdığımız səhvləri göz önündən keçirə-keçirə.

SON
Bütün bu sadaladıqlarıma baxmayaraq təqsirkar poliuretan üzlükdür. Çünki yanır. Yananda da zəhərli tüstü buraxır. O da insanı boğub öldürür. Bağda xəzəl yandırıram. Onun tüstüsü necə cana xeyirdirmi? Yaxud da taxtanın, odunun. Evdə mebel, xalça, pərdə yansaydı, onun tüstüsünü ciyərlərimizə çəkib “Oxxayy” deyəcəkdinizmi? Bir də… adi salfetka belə öz-özünə yanmaz. Ta ki, ona alışqan dəyməsə. Poliuretanlar sökülür. Yanğın təhlükəsi isə həmişə var. Xüsusilə də 9-16 mərtəbəli binalarda. Ona görə də bütün binaların balkonlarını əvvəlki vəziyyətə gətirilməlidir.

PS.Təqsirkarlar Azərbaycan Respublikasının qanunlarına əsasən cəzalandırılacaqlar. Buna əminəm. Yanğın təhlükəsizliyi qaydalarını pozduğumuza, aynabəndlər quraşdırdığımıza görə qazandığımız günahlara, yaxud da ki, Cinayət Məcəlləsində nəzərdə tutulmayan mənəvi günahlara görə kim cəzamızı verəcək. Allah? İnanmıram. Allah rəhmli və böyükdür. 15 ölü, 51 yaralıdan sonra günahlarını başa düşənləri bağışlayır. O ki, qaldı o dünyaya, Qıl körpüsünə. O günəcən qazandığımız günahları gəzdirmək var e… Çox çətindir. “Allah günahlarımızdan keçsin”dən başqa isə təsəllimiz yox.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın