Menu
Geri İrəli

“Qanuni” yas mərasimlərimiz

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Fevral 2013 • Baxış sayı: 320 dəfə • Şərh yoxdur

 

Təbiətin qanunu belədir: bir gün gələn, bir gün getməlidir. Atalarımız yaxşı deyib: bu fani dünyadan insana 5 metr kəfən, bir neçə qarış torpaq qalır. 

Təəssüf ki, sağlığında çoxlarımız bunu anlaya bilmirik. Dünyadan köçən yaxınlarının xatirəsini əziz tutmaq üçün indi mərhumlara bahalı daşlardan abidələr qoyulur, dəbdəbəli “yas” mərasimləri təşkil olunur, masalara hər cür mer-meyvədən, hər cür çərəzdən tutmuş “quş südü, can dərmanı” kimi hər cür təamlar düzülür. Bəziləri hətta borca düşsə belə, məclisinin yüksək səviyyədə keçməsi ücün əlindən gələni əsirgəmir. Elə ailələr də var ki, yası “təm-təraqlı” yola vermək üçün maşınını, qiymətli əşyalarını satır. Bir sözlə, bu gün yaxınını itirən ölü sahibi bilmir ölüsünə ağlasın, dünyadan köçən yaxınının dərd-kədərini çəksin, yoxsa yas mərasimini yüksək səviyyədə yola salmağın qayğısına qalsın.
Ümumiyyətlə, adətdəndir, bu məclislərdə ağlamayana birtəhər baxırlar. İçindən gəldi-gəlmədi pəjmürdə halda oturub, folklorumuzun nümunələrini qəribə avazla deyən eynəkli, saçı pırpızlı, qara yaylıqlı və ən əsası “nisyə dəftəri” olan molla xalalara qulaq asmalısan. Mikrafonlu, çilçıraqlı, kondisionerli çadırlara gələn dəstə-dəstə adamlar bir-bir yas sahiblərinə başsağlığı verib oturmalıdırlar. Elə ki, hamı oturdu bir də görürsən ara bir qarışır ki, gəl görəsən. Gündəmdəki mövzullardan tutmuş, təhsildən, səhiyyədən, seriallardan, futboldan, propkalardan, yarım qalmış yollardan, qonşu gəlinlərinə qədər hər şeyin müzakirəsi başlanır. Masalarda boy-boy düzülmüş təamlardan dadanlar kim, yedikləri yeməkləri bəyənməyənlər kim, hətta yasa “hazır” vəziyyətdə gələnlər kim, mollanın danışdıqlarında səhv tutub məzələnənlər kim, daha kimlər, kimlər…Bu təmtərağın hazırlanmasında ev sahibi o qədər “tərləyir” ki, axırda da yasdan sonra borclarını qaytara bilməyib, çərləyir. Necə deyərlər ölən öldü vay qalanın halına. Ümumiyyətlə, problemlər yas mərasimi və ölünün dəfni ilə bitsəydi, yenə də şükür etmək olardı. Yas mərasimini yola verdikdən sonra qəbirin üstünün götürülməsi mərhələsi başlayır. Burda da digər xalqlardan fərqli olaraq fərdi xüsiyyətlərimiz var…
Qəbrin üstünün mərmərdən və ya digər bahalı daşdan olması, kənarının hasara alınması, əzəmətli görünüşü ilə digər qəbirlərdən geri qalmaması fikri ölü sahiblərinin çoxunun yuxusunu ərşə çəkir. Yeri gəlmişkən deyək ki, xarici ölkələrdə qəbrin üzərinə mərhum haqqında məlumat olan 50 – 60 santimetrlik kiçik daşlar qoyulur. Əslində İslama görə az müddətdən sonra meyit torpağa qarışmalıdır, məzar yeri müəyyən zamandan sonra itməlidir. Ancaq hazırda qoyulan baş və sinə daşların sayəsində qəbrin torpağa qarışacağına kimisə inandırmaq çətin olar.
Modernləşən və günü-gündən bahalaşan yaslara bir çox “bazburutlu”, “etiketli” mollalar getmirlər, ya da əvvəldən məclisdə kasadlıq, yeməkdə zəiflik gördükdə buna açıq-aşkar narazılıq ifadə edirlər…
Razılaşıram, biz milyonçu ölkənin vətəndaşları kimi pul xərcləməyi o qədər sevirik ki, yaslarımızın da belə “bərkgedən” olmasını istəyirik. Ancaq lütfən, bu yazını oxuyub bitirəndən sonra, öz qarnınımızı doydurmamışdan qabaq evimizdəki “Quran”ları açıb, çoxdandır ruhları ac qalmış əzizlərimizi doyduraq.

P. S. Ağzında qızıl gəzdirən bir millətin nümayəndəsi kimi deyə bilərəm ki, biz cah-cəlalı çox sevirik. Elə öləndə də… Allah belə ölümlərdən qorusun bizi…

Səbinə DƏNİZ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın