Menu
Geri İrəli

Qızım, səni əcnəbiyə verim…

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2010 • Baxış sayı: 539 dəfə • Şərh yoxdur

8b790450bd7eÖlkədə xarici ölkə vətəndaşları ilə qurulan nigahların sayı niyə artır?

Qərb ölkələrinə nisbətən Azərbaycanda, xüsusən onun regionlarında qızlar ərə getməyə “nə qədər tez olsa, bir o qədər yaxşıdır” prinsipi ilə yanaşırlar. Təəssüf ki, bu işdə valideynləri də hər zaman onlarla həmrəydir. Əgər bir qisim nisbətən inkişaf etmiş, müasir sayılan gənc oğlanlar istəyirlərsə onların gələcək həyat yoldaşlarının ali təhsili olsun, buna müvafiq işlə təmin olunsun,  özlərini ana – nəsilin davamçısı kimi reallaşdırmaqla bərabər həm də öz işində peşəkar kimi formalaşsın, onların digər  qismi isə dünənki, bəzən isə indiki məktəbli qızlarla ailə həyatı qurmaq istəyirlər. Sonuncular bunu belə izah edirlər: bundan arzuladığın arvadı “yonub-yontalamaq” olar, onlar həyatda nəsə görməyə macal tapmayıblar, odur ki, tam olaraq ərlərindən asılı vəziyyətdə olacaqlar. .. Bu cür durumdan sonra ölkəmizdə erkən nikahların sayının əvvəlki tək yüksək olması faktına təəccüblənməyə dəyməz…

Ölkədə Uşaq Hüquqlarının Müdafiə Liqasının katibi Yusif Bəkirovun fikrincə, 18 yaşınadək olan qızlarla nikaha daxil olmaya görə cinayət məcəlləsində nəzərdə tutulan cəzanın olmaması Azərbaycanda erkən nikahların kütləvi hal almasına gətirib çıxarır. Onun sözlərinə görə, yaşı 18-dən az olan qızlarla ailə quran kişilərə münasibətdə CM-də nəzərdə tutulacaq cəzanın tətbiqi də durumdan çıxış yolu sayılmamalıdır. Çünki artıq bu vəziyyətdə əlində körpəsi olan gənc qadın böyük ehtimalla tənha qalacaq, üstəlik maddi sıxıntıların müşaiyəti altında.

Ekspertin fikrincə, 18 yaşı tamam olmamış qızlarla ailə həyatı qurmuş kişiləri cinayət məsuliyyətinə yalnız hökumət tərəfindən qanunla nəzərdə tutulan yaş həddindən öncə ərə getmiş gənc xanımlara yardım olunması mexanizminin yaradılmasından sonra cəlb etmək olar. O düşünür ki, erkən nikahların kütləvi hal alması daha çox ölkəmizin xaricə çörəkpulu arxasınca yollanan kişi işçi qüvvəsinin böyük miqrasiyasının müşahidə olunduğu regionlardadır. Bu regionlarda tez ərə getmək prestij sayılır, qızın 20 yaşında ərə getməsi isə, qəribədir ki, artıq gülünc sayılır. Ölkəmizdə isə CM-yə görə, bildiyimiz kimi, 18 yaşadək ailə həyatı qurmaq qadağandır.

Sual yaranır, bəs bu və ya digər səbəblərdən, belə deyək, “gecikmiş”qızlar nə etməlidirlər? Onlardan hansılarsa sadəcə hədsiz şıltaqlıq edib qapısına gələn elçini elçi dalınca qaytarmış, digərləri isə oxuyub təhsil aldıqdan sonra başını uzun-uzadı karyera qurmağa qarışdırmışlar və s. və i. Aydındır ki, hələ 30 yaşı tamam olmayan qızların şahzadəyə ərə getmək şansı və ümidləri qalır. Amma qızın 25 yaşı tamam olduqdan sonra onun pərəstişkarlarının sayı qəfil azalmağa başlayır, hərdən isə tamamilə tükənir. Əksər gənclər bu yaşadək daha xoş rəftar və əlindən hər iş gələn qızlara meyil edirsə də, digərləri isə özlərinə daha gənc həyat yoldaşları arayırlar.

Ölkəmizdə zərif cinsin daha bir kateqoriyası var ki, onlara həyat yoldaşı tapmaq heç də asan deyil, çünki onlar boşanmış qadınlardır. Heç kəsə sirr deyil ki, əksər gənclərimiz evlənərkən “keçmişi olmayanlar”ı – yəni bunadək nikaha daxil olmayan xanımları seçirlər, halbuki üstəlik o xanımların əvvəlki nikahdan uşaqları ola…

Həm birinci, həm də ikinci kateqoriyadan olan xanımlar, ya daha birdəfəlik ailə həyatı haqda düşünməməli, ya da, əlbəttə ki, ölkə gəncləri arasında nadır “vahid”ləri gözləməlidirlər. Yaxud da bu əri ölkə hüdudlarından kənarda arayıb-axtarmalıdır. Qərbdə yaşayan əcnəbilər boşanan xanımlarla qurulacaq nikaha daha loyal yanaşırlar və çox rahatlıqla sözügedən xanımları əvvəlki nikahlarından olan uşaqlarıyla birgə qəbul etməyə hazırdırlar. Bu, faktdır. Yerli adət, prinsip və meyarlara görə “qarıyıb qalan” qızlar üçün də bu variant münasibdir, axı orta statistik avropalı kişi ailəsini 30 yaşından qurmağa başlayır. Qərbli qadınlar da bu planda öz əkscinslərindən geri qalmır, 30 yaşadək ərə getmək haqda elə də ciddi düşünmür. Əcnəbiləri potensial ər kimi görən daha bir qadınlar kateqoriyası öz yaşayış yerlərini dəyişmək istəyən və yüksək təminatlı inkişaf etmiş ölkələrdə vətəndaşlıq əldə etməyi arzulayanlardır. Belə xanımlar əsasən ərlərini şəxsi keyfiyyələrinə görə deyil, onun mənsub olduğu ölkənin yaşayış səviyyəsinin yüksəkliyinə görə seçirlər.

Və əlbəttə ki, azərbaycanlı xanımlarla əcnəbi kişilər arasında qurulan nikahlardan söz açarkən sadəcə sevgiyə görə nikaha daxil olanları da vurğulamaq lazımdır. Lakin başqa ölkənin vətəndaşı ilə sevgi əsasında qurulan ailələrdə də mənfilər az olmur. Məsələn, çox zaman qızın doğmalarından uzaq düşməsi, bir qisim hallarda dil və din ayrılığı, fərqli mentalitet, həmçinin qanun-qaydaların hökmranlığı və sair kimi amillər bu mənfiləri təşkil edir. Bu barədə mətbuatda və ictimaiyyət arasında kifayət qədər faktlar mövcuddur…

Qeyd edək ki, ötən il Azərbaycanda əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə qurulan ailələrin sayı artıb. Belə ki, ölkədə qeydə alınan 78073 nikahın 2221-i əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə qurulub. Bu, iniş illə müqayisədə 336 nikah çox deməkdir. Qeyri-rəsmi mənbələrdən aldığımız məlumatlara görə, azərbaycanlılarla nikaha daxil olan əcnəbilər əsasən İran, İsrail, Almaniya, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, BƏƏ, Hindistan, Çin, Türkiyə, Rusiya və Gürcüstan vətəndaşlarıdır.

Əcnəbiyə ərə getməyə hazırlaşan istənilən xanım hər nə qədər düşünüb götür-qoy etsə belə bir şeyi yaxşı anlamalıdırlar ki, quracaqları ailə həyatı hesab etdikləri kimi asan və rahat alınmayacaq. Hər necə olsa, müxtəlif ölkələrdən olan insanlar müxtəlif adət və ənənələrə, bacarıq və vərdişlərə, fərqli mentalitet və yaşayış tərzlərinə malikdirlər və həmişə hər iki cütlüyü razı salacaq orta məxrəcə gəlmək elə də asan baş tutmayacaq. Yarana biləcək problemlərdən biri də dil səddidir. Əgər cütlüklər onların birinin doğma dilində danışmasalar, onlarda sadəcə normal söhbətləşmək alınmayacaq. Üstəlik qadın yaşamaq üçün kişinin vətəninə gəlirsə, o, həmin yerdə doğmalarından, dostlarından, bəzən işindən və sair ayrılır. Nəticədə tam olaraq əcnəbi ərindən asılı vəziyyətə düşür. Bu isə öncədən bəzi münasibətlərin pozulmasına yardım, yaxud bəzilərinin yaranmasına mane ola bilir.

Odur ki, yaxşı olardı, xanımlarımız ərə getməmişdən öncə (fərq etməz əri əcnəbidir, yaxud elə qonşu küçədə yaşayır) potensial ərlərini yaxşıca tanımağa, onun haqqında öyrənməyə çalışsınlar. Və mütləq özündə böyüklər və təcrübəlilərlə məsləhətləşsinlər. Necə deyərlər, “məsləhətli don gen olar”…

Elnur Ağayev

YAZARIN ÖNCƏKİ YAZILARI

Övlаdınızın “mаmаuşаğı” kimi böyüməsini istəmirsinizsə…

Hansı kəlmələr boşanmaya səbəb olur?

Yаddаş prоblеminiz vаrsа…

Mənfi qarşıladığımız bəzi vərdişlər, sən demə, çox faydalı imiş

Facebook Şərhləndirmə:

Şərhinizi yazın