Menu
Geri İrəli

QUBADLIYA MƏKTUB…

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Avqust 2017 • Baxış sayı: 840 dəfə • Şərh yoxdur

12919687_523060727902113_4072539004720509683_nSalam Qubadlı. Bu gün məni məhv etməyindən 24 il keçir… Sən necəsən?

Bilirsən, artıq kimsə sənin işğal günündə asta-asta bayatı deyib ağlamayacaq. Çünki səni deyə-deyə, onların hərəsi bir xəstəlik tapıb öldü. Bu gün biz varıq. Səni qınayanlar. Bax, biri mən. Təəccüblü gəldi, hə? Düzdü, axı sən öyrəşmisən bu 24 ildə hamının özünü qınayıb, sənin qarşında günahkar kimi ağlamasına. Yox, Qubadlı, yox. Sən mənə borclusan, mən sənə yox!

Sən mənə sənin dərdindən için-için əriyib yox olan nənəmi, babamı borclusan.

Sən mənə başını ovuclarının arasına alıb saatlarla üzü üstə yatan əmimi borclusan.

Sən mənə anamın evin bir küncünə çəkilib xısın-xısın ağladığı günlərini borclusan.

Sən mənə bir uşaqlıq borclusan, Qubadlı, bir böyük uşaqlıq.

Sən heç bilirsən, altı yaşlı uşağın məktəbə getmək sevinci nədir?

Sən heç bilirsən, məktəb çantası, ayaqqabısı, saç lenti hazır olan bir qızın sevinci nədir?

Bəs yaxşı, bilirsənmi, məktəbə barmaq sayı günlər qalmış həmin yeni məktəb formasını geyinib, məktəb çantasına isə dəyişək bir neçə paltar yığıb dərsə yox, başqa şəhərə qaçmağın nə demək olduğunu? Bax, onda sənə nifrət edirdim, deyirdim, kaş canlı olardın, özüm boğub öldürərdim səni.

Deyirdim, nolardı, 1-2 həftə də dözərdi. Heç olmaya, mən 1 dəfə bu paltarımı geyinib, çantamı taxıb dərsə gedərdim. Sonra nənəmin, babamın, atamın, anamın səni nə qədər çox sevməsini görüb səni bağışlayırdım.

Sənə bir söz də deyim? Nənəm səndən elə yana-yana danışırdı ki, mən o odun səsin eşidirdim. Hərdən də uşaq ağlımla sənə acıyırdım da. Bir gecə də yuxudan hıçqırıqlar içində oyanmışdım. Babamın qucağına girib, qulağına demişdim ki, yuxuda Qubadlını görürdüm. Döyürdülər onu, əzirdilər. Ağlamağını eşitdim Qubadlının, eynən nənəm kimi ağlayırdı e, ay baba. Babam da məni qucaqlayıb ağlamışdı.

Böyüdükcə ha yaddaşımı yenilədim, səninlə bağlı yaxşı heç nə xatırlaya bilmədim. Bax, “sən” deyəndə dağın döşündəki evimiz, gecələr güllə səsi, sənin üzündən mərmiylə vurub aşırtdıqları tut ağacımız, itimiz Vazgen, bacımın pişiyi, həmişə xəyalını qurduğum, amma heç vaxt qapısından ayağımı içəri qoya bilmədiyim məktəb, Suya nənə, Qiyas baba, bir də uşaqlıq dostum Minəbəyim gəlir, vəssalam.

Bilirsən, Qubadlı, sənin üzündən başımıza gəlməyən qalmadı. Eh, sən haradan biləsən ki, mən 1 il sonra 7 yaşımda 1-ci sinfə gedəndə o qədər böyümüşdüm, 5-ci, 6-cı sinfə gedirmiş kimi adi gəlirdi o gün mənə. Adam da 1 ilə 5-6 yaş böyüyərmiş?

Kaş ki, canlı biri olsaydın da, qarşına keçib hesab sora bilsəydim sənə. Səndən gələn çoxuna Sumqayıt qucaq açdı. Bilirsən, əslində, məndən soruşsalar, o, daha mehribandı səndən. Vallah.

Hə, yazmışkən bir şey də danışım sənə. Bu yaxınlarda məni Sumqayıtda yerləşən Qubadlı İcra Hakimiyyətinə çağırmışdılar. İlk dəfə idi orda olurdum. Düzü, soruşsan, heç bilmirəm icra hakimimiz kimdi. O da məni tanımır, təbii ki. Amma nənəm deyirdi ki, Qubadlı sağ olsaydı, o, mütləq məni tanıyardı. Nəysə, onsuz da bizimki səninlə əvvəldən düz gəlməyib, ta əlimdən ilk dərs günü həyəcanımı alıb, məni onsuz böyüməyə məcbur etdiyin gündən.

Hə, yazdığım bir yazıyla bağlı çağırmışdılar Qubadlı İcra Hakimiyyətinə. İlk dəfə binanın həyətinə girəndə nə üçünsə çox kövrəldim. Bilirsən, elə kədərli idi o bina! Nənəmin səsindəki kədər də, babamın baxışlarındakı qüssə də hamısı o binada toplaşmışdı. Çantası çiynində qaçqın düşən, arzularından barıt qoxusu gələn 6 yaşlı qız uşağı kimi kədərli idi o bina. O bina sən idin… Bəlkə o çanta yanğısıdı ki, mən bu yaşımda hələ də çiyin çantamı az qala yatanda da çıxarmıram…

Xəbərin var, nənələrim, babam sənin adını deyə-deyə canlarını tapşırdılar. Bunu izlədikcə sənə daha çox qəzəblənirdim.

Bu gün sənin işğalından düz 24 il keçir. Sənin üçün ağı deyib ağlayanların hamısı dünyasını dəyişib. Səndə doğulan son körpənin 24 yaşı var. Onu da Sumqayıt böyüdüb. Hərdən Sumqayıta “yetimlər atası” deməyim gəlir. Bilirsən, onda neçə rayonun kədərli “icra nümayəndəliyinin binaları” yerləşir?

Düz 24 il! Amma bu gün sənin üçün nənəmgil kimi içdən, tüstülənə-tüstülənə ağlayan bəlkə də 24 nəfər ancaq taparsan. Bilirsən, nə düşünürəm? Sənin azad olunacağın günü. Kaş biləsən, həmin gün neçə nəvən çiynində məzardan çıxarılmış baba-nənə nəşi gələcək səndə gömülməyə. Səndə doğulanlar səndə nə görübsə, hamısı son nəfəsində alındığın gün məzarlarından çıxarılıb səndə gömülməyi vəsiyyət ediblər.

Mənə məhv etdiyin 24 ilimi borclusan, Qubadlı! Mən də borcunu qaytarmağa gələcəyəm sənə…

Facebook Şərhləndirmə:

Şərhinizi yazın