Menu
Geri İrəli

Salam verdim…

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2011 • Baxış sayı: 608 dəfə • 1 şərh
Share Button

Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imtiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

“Kimlərsə gecə yatıb səhər ayılaraq fikirləşir ki, görəsən nədən pul çıxara bilər? Sonra da qanuna özü istədiyi formada düzəlişlər edir, nəticədə də kimlərsə, oturduğu yerdə korrupsiya yolu ilə milyonlarla manat pul qazanır, kimlərinsə isə hüquqları pozulur. İnsan övladı halla pulla qurulan daxmanın, haram pulla qurulmuş və üstəlik hasara alınmış imarətdən fəlakətlərə qarşı daha davamlı olduğunu düşünürmü?”

Korrupsiya rüşvətlə həll edilən inzibatı maneələrin nəticəsində əmələ gəlir.

Tarixdə korrupsiyaya qarşı mübarizə kimi yazılı abidədə xatırlanan ilk hökmdar bizim eradan əvvəl IV əsrin ikinci yarısında yaşamış Laqaş şəhər-dövlətinin şumer çarı Urukaqinadır. Korrupsiyanı müzakirə edən birinci elmi əsər Bharatanın (Hindistan) nazirlərindən biri tərəfindən Kautilya təxəllüsü ilə dərc edilmiş “Arthaşastra”dır. Bu əsərdə o belə bir bədbin nəticəyə gəlir ki, “hökmdarın əmlakı, bir az da olsa belə, həmin əmlakı idarə edənlər tərəfindən mənimsənilir”.

Vavilyon çarı Hammurapi qanunlarında da korrupsiyayla mübarizə məsələlərinə toxunulur: “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”.

Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar.  Korrupsiya həyatımızın dərin qatlarınadək elə daxil olub ki, Azərbaycanın təhlükəsizliyini bu gün ağır zərbə altına qoyur. Lakin onu aradan qaldırmaq olar və bunu etmək vacibdir. Bu məqsədlə dövlət cinayət təqibindən tutmuş KİV vasitəsilə korrupsioner məmurların ifşa olunmasına qədər bütün vasitələrdən istifadə etməlidir. Korrupsiyaya qarşı mübarizə milli proqrama çevrilməlidir. Əgər hakimiyyət özünü tənzimləmək iqtidarında deyilsə, onda o heç bir ictimai dəstək ala bilməyəcək. Ictimai dəstək yalnız iş qabiliyyəti və müvəffəqiyyəti olan hakimiyyətlə təmin edilir. Siyasi islahatların iqtisadi islahatlardan geri qalması məmurlara dövlət əmlakı və təbii ehtiyatları ictimai nəzarətdən gizlətməyə imkan verir. Korrupsiyanı “xəstəlik” hesab etmək, demək ki, bəraəta layiq olmayana bəraət uydurmaq deməkdir. Korrupsiya güclü müqavimət tələb edən bir cinayətdir. Böyük sosial partlayışlar zülm altında olan sinfin ehtiyacı və fəlakəti kəskinləşdikdə deyil, insanların hakimlərə və elitaya olan hörməti itdikdə, müsbət dəyişiklər mənbəyi kimi hakimiyyətə ümid olmadıqda baş verir. Avtoritar rejimlər hakimiyyətdən sui-istifadə hallarının böyük əksəriyyətini ictimaiyyətdən uğurla gizlətmək iqtidarındadır. Əksinə, demokratik rejimlərdə korrupsiya halları hamıya tez məlum olur və ciddi zərər vurmadan əvvəl aradan qaldırılır. Keçmişdə, imperator I Pyotrun dövründə Sibirin general –qubernatoru olan knyaz Gagarin imperatriçə üçün Çində alınmış brilyantları mənimsəmişdi. O buna görə də tutulmuş və I Pyotrun əmri ilə asılmışdı. Başqalarına ibrət olmaq üçün knyaz dar ağacında bir il asılmış vəziyyətdə qalmışdı. Qaqarin o zaman məşhur məmur Nekrasov tərəfindən ifşa edilmişdi, hansı ki özü bir neçə ildən sonra korrupsiyada ittiham edilərək, asılmış və o da bir il dar ağacında qalmışdı. Amma belə tədbirlər də korrupsiyaya son qoymamışdı. Bu bəlaya qarşı mübarizədə Pyotr uduzmuşdu.

Müqəddəs peyğəmbərimiz deyib: “Vaxt gələcək cəmiyyəti zalım hökmdarlar idarə edəcək, onun alimləri tamahkar olacaq, dini unudacaqlar və dindarlar riyakarlığı qəbul edəcəklər, tacirlər sələmçilklə məşğul olacaqlar və yararsız məhsulları satmağa başlayacaqlar,

Nə zamanki onlar belə olacaqlar, Allah onlara üç bədbəxtlik göndərəcək. Birincisi, Allah onları özünün xeyir-duasından məhrum edəcək, ikincisi, Allah onlara zalım hökmdar göndərəcək və üçüncüsü isə, onlar qəlblərində inam olmadan bu dünyanı tərk edəcəklər”.

Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır.

Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir. Korrupsiyanın bütün növlərindən ilk növbədə hakimlərin rüşvətlə ələ alınması aparıcı dinlər tərəfindən töhmətləndirilir: “Hədiyyələri qəbul etməyin, çünki hədiyyələr hakimləri kor və ədalətsiz edir”  “Bir-birinizdən əmlakı mənimsəməyin, başqa adamların mülkiyyətini əldə etmək üçün hakimləri rüşvətlə almayın” (Quran 2:188-i).

Rüşvətxorluğa görə məsuliyyət alınan məbləğin həcmindən asılı deyil. Çünki bu halda qayda-qanuna qəsd təhlükəsi yaranır və ictimai təhlükə hakimiyyətin və idarəçiliyin nüfuzunu aşağı salır

Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahat keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

Korrupsiya iqtisadi inkişafı sarsıdır, demokratik institutları və qanunun alilik prinsipini zəiflədir, ictimai intizamı pozur , cəmiyyətin inamını məhv edir. Bu yolla mütəşəkkil cinayətin, terrorizmin və insan təhlükəsizliyini digər təhlükə altına qoyaraq çiçəkləməyə imkan yaradır.

Korrupsiyaya qarşı mübarizə kompleks şəkildə, daimi olarsa və əgər hakimiyyətin bütün sahələri, həmçinin vətəndaş cəmiyyəti institutları bu mübarizəyə cəlb olunarlarsa, bu mübarizə səmərə verəcək. Korrupsiyanın səbəbləri cəmiyyətin siyasi təşkilatlarında və iqtisadiyyatdadır. İqtisadiyyat nə qədər açıq olarsa, korrupsiya boşluqları bir o qədər az olar, hakimiyyət daha şəffaf və ictimaiyyətin nəzarəti altında olarsa, korrupsiyaya qarşı mübarizə bir o qədər səmərəli olar.

Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizmi yaradan amillərdən biri də  korrupsiyanın olmasıdır.

Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

Korrupsiya ciddi problemdir və onu kompleks şəkildə həll etmək lazımdır. Elə sistem qurulmalıdır ki, dövlətdən oğurlamaq təhlükəli və əlverişsiz olsun. Korrupsiyaya qarşı mühafizəkar üsullarla mübarizəyə ehtiyac vardır. Cərrahiyyə həddini aşmış bəzi rüşvətxorları özünə gətirtmək üçün zəruridir.

Korrupsiyaya qarşı mübarizədə əsas tədbirlərdən biri elektron vasitələrinin inkişafıdır ki, o da məmurun sənədə toxunmasının qarşısını almalıdır.

Biznes və cəmiyyətin fəal iştirakı ilə korrupsiya problemini həll etmək mümkündür. Siyasi iradənin çatışmazlığı kimi bir mif var. Siyasi iradə yalnız bir şeyə istiqamətlənib – hakimiyyəti əldə etmək, saxlamaq və gücləndirmək. Başqa siyasi iradələr mövcud deyildir. Hər şey cəmiyyətin hansı şərtlərlə siyasətçilərin hakimiyyəti əldə etməsi və saxlaması imkanını təşkil etməsindən asılıdır. Bu isə yalnız cəmiyyətin əlindədir. (“İndem” fondunun rəhbəri Georqi Satarov)

Azərbaycanda korrupsiya – yalnız rüşvətxor məmur demək deyil, bu həm də əhalinin rüşvət verməyə maraqlı olmasıdır. Vətəndaşlarımızı öz problemlərini yerindəcə rüşvətlə həll etmək o qədər də narahat etmir.

Korrupsiya xərçəngin oxşarı deyil. Əgər onu müalicə etmək mümkün deyilsə, o zaman onu cəmiyyət üçün təhlükəsiz olan yerə göndərmək olar.

Digər ölkələrin təcrübəsi göstərir ki, korrupsiya siyasi rəqabətin və müstəqil KİV-in, hakimiyyət orqanlarında şəffaflığın, vətəndaş cəmiyyətinin mövcud olduğu yerlərdə aşağıdır. Bizdə isə siyasi rəqabət yaranmır, məmurlar istədikləri kimi tenderlər keçirirlər, bütün biznes məmurların əlindədir, vətəndaş cəmiyyəti isə korrupsiyaya qarşı mübarizə aparmaq gücündə deyil.

Korrupsiyaya qarşı mübarizəni yalnız icra hakimiyyətllərinə həvalə etmək olmaz. Korrupsiyaya qarşı mübarizə bürokratiya tərəfindən aparıla bilməz, onun ictimai dəstəyi olmalıdır, bu sahədə qayda-qanunun yaradılması üçün lazımi tədbirlərin müzakirəsinə ictimaiyyət cəlb olunmalıdır.

Korrupsiyaya qarşı mübarizə tədbirləri mərkəzi hakimiyyət tərəfindən həyata keçirilməlidir. Bu tədbirlər həmçinin vətəndaş cəmiyyəti tərəfindən də dəstək almalıdır. Siyasi liderlərin iradəsi fəal ictimai dəstəyə əsaslanarsa qısa zaman ərzində ciddi dəyişikliklər əldə etmək mümkün olar. Əksinə, əgər vətəndaşlar bütün ümidlərini “müdrik hakimlərə” həvalə edib, özləri isə passiv olaraq nəticələr gözləyərlərsə, o zaman korrupsiyaya qarşı hay-küylü mübarizə kampaniyası korrupsiyanın səviyyəsini daha da artıra bilər.

Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

Rüşvət alan və verən şəxs ciddi cəzalandırılmalıdır ki, o cinayət törətdiyini dərk etsin. Və hər bir işçi polisdən tutmuş hakimə qədər başa düşməlidir ki, korrupsiya onun karyerasına son qoyacaq.

P.S. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir.

RAMİL ZEYNALLI

Facebook Şərhləndirmə:
Share Button

“Salam verdim…” yazısına bir cavab

  1. Tərxan Paşazadə deyir:

    Eşq olsun Ramin müəllimə. Əla yazıdır!

Şərhinizi yazın