Menu
Geri İrəli

Şaxta Baba cavab verir

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Yanvar 2012 • Baxış sayı: 969 dəfə • 5 şərh
Share Button

“Qiraət zalı” rubrikasından 

Şaxta Babaya arzu məktubum

 

Salam! Şaxta Baba,

Mənə dedilər ki, sən ildə bir dəfə gəlirsən. Özü də sən gələndə Yeni İl də gəlir. Amma hələ də bilmirəm ki, Yeni İli sən gətirirsən, yoxsa Yeni İl səni gətirir. Bəlkə də bunun heç bir fərqi yoxdur. Bu, ola bilsin ki, təsadüfdür: ikiniz də eyni vaxtda gəlirsiniz. Hər dəfə də gələndə uşaqların arzularını yerinə yetirirsən. Sənə məktub yazıb arzularımı yerinə yetirməyi mənə hələ indi dedilər. Mən birinci dəfədir, bunu eşidirəm. Bu günə kimi elə bilirdim ki, Şaxta Baba ancaq şəkil çəkdirməyə yarayan Telepuzikdən fərqlənmir. Sadəcə geyimləri fərqlidir.

Söhbəti çox uzatmaq istəmirəm. Onsuz da oxuyacağın arzu məktubları hələ çoxdur. Bəlkə də uşaq deyiləm. Amma nəzərə al ki, uşaq olanda sənə məktub yazmağın mümkün olduğunu bilmirdim. Keçim arzularıma:

1. Şaxta Baba, bizə yol gətir. Zarafat eləmirəm, ciddi deyirəm. Keyfiyyətli, qalın asfaltlı yollar gətir. Bezdik daha bu kələ-kötür yollardan. İstiliyi təzə soyuyan asfalt yolu səhər görürsən ki, yenə qazıblar. Sən demə, hansısa xətti çəkmək yadlarından çıxıb.

2. Şaxta Baba, bizə siqnal səsini boğan aparat gətir. Beyini çalxalayan, yolların himni olan siqnalların səsini kəssin.

3. Şaxta Baba, bizə oxucu gətir. Çap etdiyimiz qəzetlərin, kitabların, jurnalların hamısını qatıq bankasının ağzını bağlamağa, mağazadan alınan araqları gizlətməyə, üstündəki adam şəkillərinə bığ-saqqal çəkməyə işlədirlər.

4. Şaxta Baba, bizə Ramili gətir. Biz neçə dəfə dalınca getdik, adam göndərdik, gətirə bilmədik. Heç olmasa, sən gətir!

P.S. Axırda bir sualım var sənə, Baba. Mən bu məktubu hansı poçt qutusuna atım?

 

 31 dekabr 2011 23:47

Nurlan Baba-zadə


 Şaxta Babadan cavab

 Baxın indi deyəcəm heç kim inanmayacaq, hamı mənə güləcək. Mən Şaxta Bababdan dünənki məktubuma cavab aldım. Əvvəlcə gözlərimə inanmadım. Elə bildim dostlarımdan birinin zarafatıdır. Amma sonra yavaş-yavaş inanmağa başladım. İndi cavab məktbunu olduğu kimi, redaktəsiz sizə də göstərim:

Salam, Nurlan!

 Mənim niyə ildə bir dəfə gəlməyimi izah etməyə çalışmısan. Bilirsən, mən bütün planetləri, ulduzları gəzib dolaşıram. Hər birində bir neçə gün qalanda Yerə ancaq dekabrın sonu, yanvarın əvvəli çata bilirəm. Bilirsən, o biri planetlərin sakinləri ilə Yer sakinləri arasında nə fərq var? Orada hamı mənə inanır və məktub yazırlar. Amma yerdə hamı uşaqların mənə inandığını düşünür. Uşaqlar da bacarmadıqlarına görə mənə məktub yazmırlar. Yazan böyüklər olur. Onlar da lağ-lağı üçün yazırlar və heç kim də inanmır, düşünmür ki, yazdıqları mənə gəlib çatacaq. Bax, heç sən də inanmırdın. Məktubunun Post Scriptiumu bunu göstərir. Sənin göstərdiyin o Telepuzikdən fərqlənməyən saxta Şaxta Babaların ucbatından mənə inanan yoxdu. Günah yenə də siz insanlardadır. İlboyu övladını döyən, ona göz verib işıq verməyən ata elə bilir ki, Yeni İl şənliyinə aparmaqla uşağını xoşbəxt edir. Keçək arzularına:

1. Yol istəmisən. Özün bilirsən ki, mənim marallarım havada da qaça bilirlər. Ona görə mənim üçün asfalt yol anlayışı yoxdur. Amma sən gərək məndən vicdanlı məmur istəyərdin. Asfaltın qalınlığını azaldıb, cibinin qalınlığını artıran məmur olanda əlbəttə ki, o yollar təzə çıxan cins şalvarlar kimi yamaq-yamaq olacaq.

 2. Maşın siqnalının səsini boğan cihaz istəmisən. Sən gərək mədəniyyət istəyərdin. Verilən birinci siqnal xəbərdarlıqdır, ikincisi isə artıq söyüşdür, özü də uzadılırsa, lap böyük yerdən söyür demək ki. İnsanlar siqnalı televiziya verilişində eşidəndə söyüş olduğunu anlayır, amma maşında eşidəndə anlamır. Bəlkə də bilmirsən, bu, Azərbaycanda belədir. Guya Londonda tıxac olmur? Olur. Amma ordakılar tıxac olanda siqnal verib vaxtlarını itirmək, sinirlərini tarım çəkmək əvəzinə qəzet oxuyurlar.

 3. Oxucu istəmisən. Onda dəyərli kitab çıxar, dürüst qəzet və maraqlı jurnal çap et, mütləq oxucusu olacaq. Ya da məndən sənə məsləhət: kitablarının mövzusu 18+ olsun, qəzetlərindən krossvord, jurnallarından şou-biznes mövsuzu əskik olmasın.

 4. Ramili istəmisən. Ramil özü qayıtmır. Deyir, Qarabağda erməni qanı axıdan müharibə veteranları, əlillər necə qiymətləndirilirlər ki, məni də yaxşı qiymətləndirsinlər?! Nurlan, sənə söz verirəm, nə vaxt ki, ölkəndə gənclər “Qarabağ yolunda qoy qarabağlı vuruşsun, mən niyə döyüşürəm?!” düşüncəsini beyinlərindən siləcəklər, bax onda Ramil də qayıdacaq, Qarabağ da. Hələ istəsən, Təbriz, Dərbənd, Borçalı və İrəvan da qayıdar.

P.S. Bundan sonra yazacağın məktubları Mirzə Cəlilin “Poçt qutusu”na at. Nə də olsa, onun keşiyini çəkən Novruzəli var.

 Şaxta Baba

1 yanvar 2012, 09:31

Facebook Şərhləndirmə:
Share Button

“Şaxta Baba cavab verir” yazısına 5 cavab

  1. Shabnam deyir:

    Uğurlar, balaca qardaşım! Belə də davam et!

  2. Eşqin Hüseynov deyir:

    Mən bu yazını çox bəyəndim.Yazarımız aktual problemlərə çox gözəl yanaşıb.İfadə etmə bacarığı sadəcə olaraq əladır.Gənc yazarımıza gələcək işlərində uğurlar arzu edirəm.Yeni-yeni yazılar gözləyirəm…

  3. İlğım deyir:

    Super. Əllərinə sağlıq Nurlan.

  4. Şahin deyir:

    Uğurlar Nurlana …

  5. Esmer deyir:

    Cox gozel.Allah qeleminizi her zaman bele iti etsin.Dogrunu yazin ki,heyatimizda dogru,durust ve heqiqetlerle dolu olsun.

Şərhinizi yazın