Menu
Geri İrəli

Səfərin ailəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyun 2015 • Baxış sayı: 829 dəfə • Şərh yoxdur

lale orucluAd sizi çaşdırmasın, sizə ATV-nin əttökən serialından danışmaq fikrim yoxdu. Kəndimizdəki real bir əhvalatı nağıl edəcəm. Hardasa 7-8 ilin söhbətidi. Məktəbdə təzə işə başladığım illərdə 5-ci sinifdə şagirdlərimin “Mənim ailəm” mövzusunda inşa yazılarını yoxlayırdım. Dəftərin birini açdım. “Mən atama nifrət edirəm.” Bəli, məhz belə başlayırdı yazı. Sonra belə idi: “Atam bizi çox istəmir. Araq içir, bacımı, anamı hər gün əzişdirir. Anam isə bazarda göyərti satır. Bizə yemək alır. Anam olmasa hamımız acından ölərik. Mən böyüyəndə atamı öldürəcəm”

İlahi, necə dəhşətli səslənirdi. Dəftərin üzünü çevirdim. Böyüyüb atasını öldürmək arzusunda olan 5-cidə oxuyan bir qız uşağı idi. Tükürpədicidi. Bu qızcığaz bizdən bir məhəllə o yanda yaşayan, arvadının qabarlı əli hesabına yeyib yan yatan Səfərin qızı idi. O Səfər ki, əlini bir işə vurmadan bütün gün evdə oturar, arvadı Şahsənəm həmin bu xırda qız uşaqları ilə bazara göy-göyərti dəstələri daşıyıb satar, axşama da qazandığı 5-10 manatdan Səfərə də mütləq bir butulka ya bir çubuş araq, bir qutu siqaret almağa məcbur olardı. Ağzı nədi almasın. Bir də gördün Səfər həyətdə arvad-uşağı qabağına qatıb basıb çırpır.  Yazıq Şahsənəm də başı alovlu qonşulardan üzü tutan, ərki çatan birinin həyətinə özünü salardı. Bir yanda büzüşüb sabahın açılmağını gözləyərdi ki, yenə uşaqları arxasına salıb getsin bazara. Uşaqlar da dərsə düz-əməlli gəlməzdilər. Çünki anaları ilə birgə bir parça çörəyin hayında idilər.

Keçən gün böyüyəndə atasını öldürmək arzusunda olan qızı gördüm. Böyümüşdü. İki əlində dolu sumkalarla gedən anasının arxasınca əyninə güclə keçirdiyi dar şalvarda yanlarını bura-bura, qulağına yekə telefonlardan tutub gedirdi. Onun da arxasınca yekə qara maşında bir gədə bunları müşayiət edirdi. Çox güman telefonu həmin gədə əlaqə saxlamaq üçün verib. Qətiyyən təəccüblənmədim. Axı bu Səfərin ailəsidi. Sonra bir gün də Şahsənəmi ovcunun içində “ştuçnı” aldığı siqaretləri tutub tələsik dükandan çıxan gördüm. Yəqin Səfərin qəzəbinə gəlməmək, qapaz, təpik yeməmək üçün tez siqaretləri ona çatdırmalı idi.

Səfər elə bir “kişidir” ki, hətta siqareti almağa da özü gəlmir, arvadı göndərir.Bəlkə arvadın qazandığı pulla siqaret almağa üzü yoxdu? Yox eşşi, Səfər elə utancaq oğullardan deyil.

Nə başınızı ağrıdım, dünən eşitdim ki, Səfər ölüb. Yox, yox, qızı öldürməyib, öz əcəli ilə ölüb. Bəlkə də müftə yeyib yatmaqdan. Nəisə, bilmirəm. Ölməyinə ölüb, amma  köçünü çəkib öz gücünə bu dünyadan gedə bilmir. Çünki dar gün üçün cibindən 5-10 manat çıxmayıb ki, kəfən alıb, mollaya yasin oxudub, qəbir qazdırıb bunu yola salsınlar o dünyaya. Səfərin cəsədi də beləcə qalıb arvadın ümidinə. Yaxşı ki qonşuların Şahsənəmə yazığı gəldi. Sabah yığışıb pul toplayıb Səfəri dəfn edərik deyib dağılışdılar. Müftəxor oldun belədi də. Bax indi Səfər üzü qibləyə ayaqlarını uzadıb özü üçün səhərin açılmağını və qonşuların pulu ilə o dünyaya gedəcəyini gözləyir. Görəsən, Səfərin səfəri haradı, cənnətə ya cəhənnəmə?

Facebook Şərhləndirmə:

Şərhinizi yazın