Menu
Geri İrəli

Səngərə yağış yağır

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 464 dəfə • Şərh yoxdur

12182052_10208052032202920_998555793_n

Asəf Quliyev

Günümüzün səngər adlı reallığı var. Bu reallığı dərk etmək üçün mütləq bu reallığa yaxın olmaq lazımdır. Çilçıraqlı saraylarda bu reallığın başa düşmək çox çətindir. Əslində heç mümkün də deyil.

Bu gün səngər reallığı ilə yaşayanlar da var…

Ötən həftə yolum yenə cəbhə bölgəsinə idi. Bu dəfə Tovuza. Hava çox tutqun idi və ara-sıra çiskinləyirdi.
Mənə yol yoldaşı və yardımçı olan öz el-obasının təmənnasız təəssübkeşi Tariyel Abbasovla əvvəlcə yolumuzu cəbhə xəbərlərindən sizə yaxşı tanış olan Əlibəylidən saldıq. İnsanların durumu və digər mətləblər barədə xeyli maraqlı görüşlərimiz və söhbətlərimiz oldu. (Bu barədə yazıları yaxın günlərdə Sizlərə təqdim edəcəm.)

Kənddən çıxanda çiskin başladı.

Eyni situasiya Ağdam kəndində də baş verdi. Kənddə olduğumuz müddətdə yağıntı olmadı, biz sağollaşıb ayrılanda yenə çiskin başladı.

Bu çiskin bir neçə il əvvəl yaşadığım bir hadisəni yadıma saldı…

2009-cu ilin yaz ayları idi. Yolum yenə cəbhə bölgəsinə idi. Tovuza. Amma həmin səfərdə hərbi mövqelərdə olmalı, səngərdə xidmət edən əsgərləri lentə almalı idim. Günəşli bir yaz havası vardı. İşimizi görüb qurtardıq. əsgərlərimizlə sağollaşıb yola düzəldik. Əlibəylini keçəndən sonra möhkəm yağış başladı. Bizi müşayiət edən hərbçilərdən dayanmağı xahiş elədim. Operatorumuz Mehman Abışova bildirdim ki, bu yağışı çəkmək lazımdı.

Mehman yağışı çəkdi. Özü də yaxşı çəkdi. Amma soruşmasa da sona qədər gözündə “yağış nəyinə lazım idi?” sualını oxudum.

Adətən hərbi mövzularda romantikaya yer verməyi məqbul hesab etmədiyimi Mehman da yaxşı bilirdi. Yaz yağışı, romantika… Bizlik deyil. əlbəttə onun da yeri var. Amma səngərdə yox.

Nə isə…

Materialı hazırlayan zaman Mehman montaj otağına gəldi və sakitcə bir qıraqda oturdu. O, yağış kadrlarının nəyə istifadə olunacağını gözlədi.

Həmin süjet bu sözlərlə bitirdi: “…yaz yağışı bərəkət rəmzi hesab olunur. Hamı bu yağışa sevinir. Biz də sevinirik. Amma bir həqiqəti yadınıza salmaq istəyirik ki, bu yağış indi, bir qədər əvvəl gördüyünüz, səngərə də yağır”.

Belə…

İndi payızın son ayıdır. İntensiv yağışlar yağır. Və bu yağışlar səngərlərə də yağır…

Heç yağışda səngərdə olmusunuz?

Facebook Şərhləndirmə:

Şərhinizi yazın