Menu
Geri İrəli

Səni burdan elə qovaram ki…

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Fevral 2014 • Baxış sayı: 1,135 dəfə • Şərh yoxdur

eyvaz0999

“Bu dəfə səni elə qovaram ki, heç izin burda tapılmaz” – Abel Məhərrəmov 

Dünən Bakı Dövlət Universitetinin tələbələri Nazirlər Kabinetinin alt qrupda təhsil alan tələbələrin dərs saatlarına görə əlavə pul ödəmələri haqqında qanununa etiraz etdilər. Aksiya ilə bağlı paylaşılan foto və video görüntülərdən aydın görünürdü ki, tələbələr kredit qiymətlərinin artmasına görə həqiqətən narahatdırlar.

Bu aksiya hər hansı bir siyasi aksiya deyildi, sadəcə tələbələr öz etirazlarını sivil qaydada bildirirdilər.

Universitetin rektoru Abel Məhərrəmov tələbələr qarşısına çıxdı vəs söz verdi ki, sabah narazı tələbələri akt zalında qəbul edəcək, tələbələrin fikirləri dinləniləcək.

Sözünün üstündə durdu, amma…

Görüşdə Tələbə xanımlardan biri rektora şikayət edib:

“Mən dərslərimi oxuyuram və hal hazırda 4cü kursdayam. Tarix məllimi məni imtahandan kəsib və bildirib ki, pul verməsən qiymət yazmayacağam. Bu özbaşnalığa kim cavab verəcək?”

Abel müəllim bu özbaşınalığa cavab verdi:

“Bu dəfə səni elə qovaram ki, heç izin burda tapılmaz…”

Bu da bizim ən qabaqcıl hesab etdiyimiz Bakı Dövlət Universitetinin rektoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim Abel Məhərrəmov…

Sonra da gileylənirik ki, niyə bizim universitetlərimiz dünyanın ən reytinqli universitetləri sırasına düşmür.

Bu cür təfəkkürlə biz nəinki dünyada, heç regionda da elm sahəsində söz sahibi ola bilmərik.

Abel müəllim, bu cür yanaşmalarınız nəticəsində o qədər gənc ölkədən gedib ki…Sayı hesabı yoxdur. Siz onları qovacaqsınız, onlar gedəcəklər. Bir gün iz qoyacaqlar, ancaq bizim ölkəmizdə yox, buradan çox-çox uzaqlarda. Zatən sizin kimi düşünənlərin “səyi” nəticəsində ölkəmizdə izi qalacaq gənclərimizin sayı getdikcə azalır.

Axı, bu nə təfəkkürdür!?: “Səni elə qovaram ki!”

Sizə bu hüququ kim verib ki, tələbə qovursunuz!

15 ildir ki, universitetə rəhbərlik etməyiniz görünür sizi arxayınlaşdırıb, öz şəxsi mülkiyyətiniz, təhsil ocağınız kimi baxırsınız BDU-a. Heç özəl universitetlərin rəhbərləri sizin tonda, üslubda danışmır.

Cümhuriyyətimizin qurucuları universiteti ona görə yaratmamışdılar ki, siz tələbəyə deyəsiniz ki, “Bu dəfə səni elə qovaram ki, heç izin burda tapılmaz…”

Cumhuriyyətimizin qurucuları BDU-nu ona görə qurmuşdular ki, gənclərimiz təhsil alsınlar, xaricə üz tutmasınlar, ölkəmizə yararlı vətəndaş olsunlar!

Abel müəllim, danışanda  təmkinli, diqqətli olun. Sizi elə qovarlar ki…

Facebook Şərhləndirmə:

Şərhinizi yazın