Menu
Geri İrəli

Sosial media tətilə çıxsa…

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2013 • Baxış sayı: 400 dəfə • 2 şərh

cavid

Avqust ayının gəlməsinə bir neçə gün qaldı. İnsanlar şəhərdən uzaqlaşmaq və istirahət etmək barədə düşünürlər. Dövlət və özəl idarə rəhbərlərindən tutmuş adi işçilərədək hər kəs yayın kefini çıxarmaq istəyir. Elə mən də neçə gündür bu barədə düşünürdüm. Özümə deyirdim ki, telefonu da bir kənara atıb bir müddət istirahət edəcəm. Ən əsası da sosial şəbəkələrə yox deyəcəm.  Elə bu fikrlə bu gün işə gəlirdim ki, yaşı təxminən 70-dən yuxarı olan və beli bükülən bir ağbirçəyin yol kənarında nələrinsə etdiyini gördüm, əyləci basdım. İlk əvvəl düşündüm ki bu ahıl yaşlı qadın yolun kənarında itirdiyi əşyanı axtarır, düşmək və əl tutmaq istədim. Diqqətimi artırdıqca tamam başqa mənzərə aydınlaşdı. Beli ikiqat bükülən bu yaşlı ana yol kənarındakı zibilləri təmizləyirdi. İlk əvvəl fikrləşdim düşüm, ay ana, “sənə kim qıydı” deyim, sonra öz özümə dedim ki, bunu deməklə bəlkə ona bir az da pis təsir etmiş olaram. Əlqərəz, neçə gündür kənara qoymağı düşündüyüm telefonumu cibimdən çıxardıb onun iş prosesini təsvir edəcək bir neçə şəkil çəkdim və facebook sosial şəbəkəsində paylaşmaq qərarına gəldim. Fikrləşdiyim ki etdim. Bir ahıl qadının bu yaşda qulluq görmək əvəzinə qulluq etməyini dostlar da görsün istədim. Düşündüm bu şəkili paylaşmaqla, insanlarımıza belə bir mesaj verim ki, “heç də sinəmizə vurub deməyək ki, bizdə ağsaqqala, ağbirçəyə hörmət var”. İstədim öz ictimai məsuliyyətimi nümayiş etdirərək ahıl yaşında bir qadının yoxsulluq üzündən xəstə halı ilə küçə təmizləməyinin bəşərin ən bəşəri prinsiplərinə zidd olduğu haqda məlumat verim. Həm də buna görə paylaşdım ki, əhali ilə görüşlərdə ağız dolusu “Cənnət anaların ayaqları altındadır” deyən məmurlar bir az da olsa utansınlar. Utansınlar ona görə ki, bu ahıl yaşlı insan tibbi dəstək görmək əvəzinə ikiqat vəziyyətdə yol süpürür. Utansınlar ona görə ki, bu yaşlı ağbircək ana rifah içində olub qulluğ görmək əvəzinə bizim ayaqlarımızın altını təmizləyir. Həm də utansınlar ona görə ki, bu yaşlı və xəstə qadını hər gün maşından keçərək gördükləri halda buna reaksiya verib qadının əlindən tutub “qoca, sən bir ömür işlədin, indi bir az da istirahət elə” deməyiblər. Beləcə istirahət etmək fikrimdən də daşındım. Öz-özümə deyirəm nə yaxşı ki, sosial media istirahət etmir, yoxsa biz insanlarımızın acı aqibətini necə göstərərdik?! Vay o gündən ki, facebook yay tətilinə çıxa!

 Cavid İmamoğlu, xüsusi olaraq “sumqayitxeber.com” üçün

 

1004096_10201685604804828_1590724818_n

Facebook Şərhləndirmə:

“Sosial media tətilə çıxsa…” yazısına 2 cavab

  1. feride deyir:

    cox gozel yazdiqlariniz meni cox dusundurdu

  2. feride deyir:

    kaski bu heyatda sizinkimi dusunen insanlarin sayi daha cox olardi

Şərhinizi yazın