Menu
Geri İrəli

Sumqayıt hadisəsinə dair Adam Şiffi təxribatı

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2015 • Baxış sayı: 839 dəfə • Şərh yoxdur
Share Button

magerram_zulfugarly-300x225Sumqayıt  hadisəsindən 27 ildən artıq vaxt keçməsinə, hadisə haqqında bir sıra obyektiv məqalə kitablar yazılmasına baxmayaraq   yenə də bəzi xarici üzdəniraq qüvvələr bu hadisədən Azərbaycan əleyhinə istifadə etməyə cəhd edirlər. Bir neçə gün bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Şiffi növbəti belə bir təxribat xarakterli açıqlama verməsi acı təəssüf doğurur. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçusu Adam Şiffi bu açıqlamasına münasibət bildirərək göstərb ki, “Sumqayıt hadisələrinin əsl mahiyyəti araşdırılmadan və ya aparılmış araşdırılmalarla tanış olmadan məqsədyönlü şəkildə Ermənistan, erməni diasporu və onun təsiri altında olan şəxslər tərəfindən bu məsələ siyasi məqsədlər üçün istifadə edilir”. Nazirliyin rəsmi nümayəndəsinin açıqlamasında daha sonra qeyd olunur ki, “Sumqayıt hadisələri SSRİ-nin xüsusi xidmət orqanları, Ermənistan SSR-nin Dövlət Təhlükəsizlik Komitəsinin planlaşdırdığı və həyata keçirdiyi terror-təxribat əməliyyatı olub: “Əməliyyat-istintaq materialları əsasında Sumqayıt hadisələrini təşkil və icra etmək üçün Ermənistan SSR-nin DTK-ın tərkibində 34 nəfərdən ibarət “nalyotçik” adlı xüsusi qrupun yaradıldığı və hadisələr zamanı bu qrupun üzvlərinin Sumqayıtda olduqları aşkar edilib. “Nalyotçik” şərti adı altında icra edilən bu əməliyyatın üzvləri və hadisələr zamanı törətdikləri əməllər əməliyyat-istintaq yolu ilə müəyyən edilib”. (15)

Adam Şiffi təxribat xarakterli son açıqlaması digər məsələlərlə yanaşı Sumqayıt hadisəsi ilə bağlı tədqiqatların aktual olduğunu bir daha sübut edir.

Azərbaycan tarixinin ən gərgin və ziddiyyətli dövrlərindən biri  1988 – 1991 – ci illər dövlət müstəqilliyinin bərpa edilməsi dövrüdur. Bu dövrdə Azərbaycan əleyhinə baş vermiş təxribatlar içərisində erməni mərkəzlərinin törətdiyi Sumqayıt hadisəsinin öyrənilməsi mühüm aktualləq kəsb edir.

Dağliq Qarabağ  Müxtar Vilayəti (DQMV) Sovetinin 20 fevral 1988 – ci il tarixdə DQMV- nin Azərbaycan SSR – in tərkibindən çıxaraq Ermənistan SSR – in tərkibinə birləşməsi haqqında müraciət qəbul etməsi ilə əsrin əvvəllərindən qızışdırılan Ermənistan – Azərbaycan münaqişəsinin yeni mərhələsinin əsası qoyuldu.

Azərbaycana qarşı təxribatları gücləndirmək və düşmənçiliyi qızışdırmaq məqsədilə düşmən qüvvələri tərəfindən planlı surətdə 27 – 29 fevral 1988 – ci il tarixdə Sumqayıt hadisəsi törədildi. Sumqayıt hadisəsi erməni mərkəzləri tərəfindən, Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlını, sonra isə Qarabağın Dağlıq ərazilərindəki  azərbaycan əhalisini xüsusi vəhşilik və zorakılıqla öz ata – baba yurdlarından kütləvi şəkildə qovmağa əsas vermək üçün təşkil olunmuşdur.  Bu hadisə  XX əsrin əvvəllərində çar Rusiyası xəfiyyə idarəsi tərəfindən bir neçə dəfə təşkil olunmuş  erməni – müsəlman qırğınları ilə eyni senari əsasında törədilmişdir.

Qarabağ ərazisində iki azərbaycanlı gəncin qətlə yetirilməsindən sonra erməni mərkəzləri yeni cinayətkar planlarını həyata keçirmək üçün ictimai – siyasi və ekoloji problemlərin kəskin olduğu, 83 millət və xalqın nümayəndələrindən ibarət, 230 mindən artıq əhalinin yaşadığı Sumqayıt şəhərini hədəf seçdilər. Çünki bu şəhərdə mövcud olan sosial -iqtisadi problemlər başqa şəhərlərə nisbətən faciənin təşkilatçılarının planlarına daha çox uyğun gəlirdi.

Sumqayıt hadisəsi barədə 1988 – ci ildən sonra Z. Bünyadov, M. İsmayılov, Əfqan, H. Sadıxov, M. Zülfüqarov, Y. Tabasaranski, O. İslamova, R. Məmmədov, A. Mansurzadə, Ə. Veysəlli, T. Əliyev, R. Süleymanoğlu, Nurani, A. İsmayılov  və başqa  müəlliflər tərəfindən bir sıra  kitab və məqalələr yazılıb. [1,  23,27 fevral 1992, 7 oktyabr 1993,  4 mart 1994; 5, № 1 1991, s. 2 – 3; 6, № 5 1991,s. 77 – 78; 7,  2 dekabr 1988; 8,  28 fevral 1998, 28 fevral 1999; 13,  28 fevral 1997,  27 fevral 1998,  27 fevral 1999; 9; 11,  16 noyabr 1996; 14; 16, 28 may 1988, 16 fevral 1994; 18,  1 may 1993; 19,  12 mart 1993, 24 fevral 1995; 20, №2 1989 və s. ]

Bu müəlliflər içərisində Sumqayıt hadisələrinə 15 – dən artıq məqalə həsr etmiş  R. Süleymanoğlunun yazıları diqqəti cəlb edir. [ 2,  26 fevral 1993; 3,  6 iyul 1990; 8,  27 fevral 1998; 12,  28 fevral 1998; 13,  29,31 oktyabr, 14,17,21,26,28 noyabr, 3,10 dekabr 1992, 1 mart 1997 və s. ]

Akademik Z. Bünyadov “Niyə Sumqayıt?” məqaləsində baş vermiş hadisələrin əsl mahiyyətini aşkara çıxarmağa çalışıb. Müəllif  Moskvanın qızışdırıcı  rolundan bəhs edərək  SSRİ EA Afrika İnstitunun direktor müavini A.M. Vasilyevin aşağıdakı sözlərini misal gətirir: “Əgər biz jurnalın (“Narodı Azii i Afriki”) tirajını artırmaq istəsək, bunu eləmək çox asandır: azərbaycanlıların və ermənilərin etnogenezi haqqında iki məqalə çap etmək lazımdır. Digər “yağlı” kökələr də tapmaq olar”.

  1. Mansurzadənin tərtib etdiyi “Sumqayıt qurbanları” kitabı Sumqayıt hadisələrinə həsr olunmuş məqalələr toplusundan ibarətdir. Bu kitabda Sumqayıtda şəhid olmuş Vəkil Babayev, Natiq İsgəndərov, Dadaş Xudaşov, Canpolad Orucov, Surxay Əliyev haqqında məqalələrlə yanaşı, E. Məmmədovun “28-dən 29-a keçən gecə”, M. Şahbazovun “Tarix unutqanlığı bağışlamır” və s. başlıqlı yazılar dərc olunub.(10)

Bəzi dərc olunmuş məqalələri Sumqayıt hadisələrinin tarixşünaslığına aid etmək olar. Məsələn, H. Sadıxov, R. Məmmmədovun “Sumqayıt hadisəsi  ermənipərəst mətbuatın əyri güzgüsündə”  adlı məqaləsi, 1988 – 1992 – ci illərdə Sumqayıt hadisəsinə həsr olunmuş məqalələrin şərhinə həsr olunmuş məqalə və digər  yazılar hadisənin tarixşünaslıq baxımından tədqiqinə yaxından kömək edə bilər. (19,  29 fevral 1992, 24 fevral 1995)

Aslan İsmayılovun 2010 – cu ildə nəşr olunmuş 204 səhifəlik “Sumqayıt – SSRİ- nin süqutunun başlanğıcı” kitabı bu vaxta qədər hadisəyə aid yazılmiş ən geniş tədqiqat əsəridir. Müəllif kitabda “Qirqoryan  kimidi?”, “ Qara plaşlılar kimlər idi?”, “Azərbaycanlılar erməniləri necə xilas etdilər?”, “Fərqli insanlardan yekdil  rəy və yaxud  Sumqayıt hadisələri kimin vicdanında qaldı?” kimi başlıqlarla hadisənin mahiyyəti barədə öz tədqiqatlarını oxucuların diqqətinə çatdırıb.

Bu məqalə və kitablarda əsasən “Sumqayıt hadisəsi erməni mərkəzləri tərəfindən planlaşdırılmış cinayətdir”, “Bu hadisə SSRİ-nin dağılmasının və respublikaların suverenlik uğrunda mübarizəsinin qarşısının alınması üçün Moskva tərəfindən hazırlanmış qəsd idi” kimi fikirlər müdafiə olunur.

Fikrimizcə, bunlar cinayətin təşkilatçılarının bir hissəsidir. Əgər cinyətin təşkilatçılarının bir hissəsi SSRİ daxilində idisə, digər bir hissəsinin qərb ölkələrində olması haqqında kifayət qədər faktlar mövcuddur. Sumqayıt faciəsində imperiyanı qoruyub saxlamaq istəyən qüvvələrlə yanaşı, onun dağılmasını istəyən həm daxili, həm də xarici qüvvələrin də  əli var idi.

Cinayətin icraçıları isə xüsusi mərkəzlər tərəfindən hadisə ərəfəsində şəhərə göndərilmiş cəsuslar və onların təxribatına uyan  səbatsız ünsürlər olmuşdu. Belə  casuslardan biri  “Qlasnost” jurnalının müxbiri Qriqoryantsın nümayəndəsi A. Şelkov qabaqcadan Sumqayıta gələrək, hadisələri  lentə almış və artıq hadisələrin səhərisi günü qərbdəki himayədarları vasitəsi ilə müxtəlif ölkələrdə nümayiş etdirilmişdi.

Hadisənin qabaqcadan xüsusi təxribatçı mərkəzlər tərəfindən təşkil olunduğunu sübut edən çoxlu sayda faktlar mövcuddur. Məsələn, Stepanakertdə Sumqayıt hadisəsinə aid abidənin  qabaqcadan hazırlanması, hadisədən qabaq şəhərdə nömrəsiz maşınlarda qara gödəkçəli adamların peyda olması və hadisədən sonra onların yoxa çıxması, hadisə ərəfəsi şəhər hüquq – mühafizə orqanlarının fəaliyyətinin dayandırılması, tabel silahlarının alınması, erməni millətindən olan imkanlı şəxslərin əksəriyyətinin əmanət banklarında olan pullarını götürərək,  hadisədən iki gün əvvəl şəhərdən çıxması və s. faktlar bunu sübut edir.

Faciənin əsas təşkilatçılarının hadisə baş verdiyi vaxt müəyyən edilməməsində şəhər və respublika rəhbərliyi arasında hadisə ərəfəsində münasibətlərin kəskinləşərək, düşmənçilik həddinə çatmasının da müəyyən rolu olmuşdu. Məhz bunun nəticəsində, hadisələrin əsl səbəblərini araşdırıb, düzgün nəticə çıxarmaq əvəzinə, Az.KP MK “Sumqayıt şəhər Partiya Komitəsi Bürosunun əhali arasında təşkilatçılıq işində böyük nöqsanları, siyasi naşılığı və şəhərdə faciəli hadisələrin qarşısını almaqda fəaliyyətsizliyi haqqında”(16 mart 1988-ci il) qərar qəbul etməklə öz səbatsızlığını nümayiş etdirdi. Bu qərarla Azərbaycan KP rəhbərliyi faciənin  əsas təşkilatçılarını deyil, şəhər rəhbərliyini  günahkar hesab etməsi həmin dövrdə   əsil cinayətkarların  ifşa edilməsinə mane oldu.

Sumqayıt hadisəsi haqqında məqalə və kitab yazan bəzi müəlliflər bu hadisənin əsas səbəblərindən biri kimi şəhərdə əvvəlki illərdə millətlərarası münasibətlərin kəskin olduğunu qeyd edirlər. Lakin faktlar bunun əksini göstərir. Millətlərarası münasibətlər sahəsində şəhərdə əvvəlki illərdə nöqsanlar, formalizm halları olsa da,  bu münasibətlər düşmənçilik həddində deyildi. Məsələn, Sumqayıtda nəşr olunan şəhər qəzetlərində 1987- ci ilin noyabrında Oktyabr inqilabının 70 illiyi ilə əlaqədar, yəni hadisələrdən 3 ay qabaq 70 – ci illərdən Sumqayıtla qardaşlaşmış Kirovakan nümayəndə heyətinin şəhər əhalisi tərəfindən hörmətlə qarşılanması haqqında yazılar, erməni artistlərinin çıxışlarından geniş foto – reportajlar verilmiş və bütün bunlara da sumqayıtlılar təbii yanaşmışlar. Bu kimi faktlar bir daha sübut edir ki, hadisənin əsl təşkilatçıları və icraçıları şəhər əhalisi deyil, kənar qüvvələr olmuşdur.

Sumqayıt hadisəsi isə qısa olaraq belə baş vermişdi: Xüsusi hazırlanmış bir qrup təxribatçı Ermənistanda azərbaycanlılara qarşı törədilən vəhşiliklər barədə şayiələr yayaraq,  Qafandan yaralıların gətirildiyini bildirmiş, onların başına toplaşmış məlumatsız və səbatsız ünsürlərdə qisasçılıq hissələrini qızışdıraraq, qabaqcadan əldə etdlikləri ünvanlara basqınlar təşkil edərək qətllər, qarətlər  və yanğınlar törətmişlər. Moskva rəhbərliyi 2 gün gecikdikdən sonra şəhərə qoşun yeritmişdir. Burada 6 – 9 fevral 1905 – ci il tarixində Bakıda törədilmiş erməni – müsəlman qırğını ilə müəyyən bir oxşarlıq özünü büruzə verir.

Ordunun şəhərə işğalçı kimi girərək özbaşınalıq etməsi, milli təəssüb hissini boğa bilməyən şəxslərin etirazına və müqavimətinə səbəb olmuş, nəticədə, hərbçilər bir neçə texnika itirmişlər. Bu qeyri – bərabər, kortəbii müqavimətdə 6 nəfər azərbaycanlı həlak olmuş, general Krayevin  əmri ilə yüzlərlə şəhər sakini həbs olunmuş, 94 nəfər haqqında cinayət işi qaldırılmışdı. Bunların arasında Ermənistan qaçqınlarından bir nəfərin də olmaması bir daha sübut edir ki, onların adlarının bu hadisələrdə hallandırılması məqsədli xarakter daşımışdı.

Moskvadan  Sumqayıta  ezam edilmiş müstəntiqlər ordusu şəhər sakinləri haqqında uydurma ittihamlar hazırlayıb Rusiyanın müxtəlif şəhərlərinin məhkəmələrinə göndərmişlər. İstintaq nəticəsində məlum olmuşdur ki, ilk cinayəti özünü azərbaycanlı kimi qələmə vermiş E.Qriqoryan törədərək, 5 nəfəri qətlə yetirib. Azərbaycanlılar müxtəlif müddətlərə azadlıqdan məhrum edilsələr də, məhkəmədə E. Qriqoryanın üzərindən ittihamın götürülməsi bir çox qaranlıq məqamların üzərinə işıq salır.

Ən ağır cəzanı 1988 – ci ilin noyabrında  SSRİ Ali Məhkəməsi çıxardı. Məhkəmə Ə.Əhmədovu güllələnməyə məhkum etdi və minlərlə Azərbaycan vətəndaşının etirazına baxmayaraq 1990 – cı ilin aprelində hökm icra olundu. 15 il  iş almış T.İsmayılovun Tbilisidə, E. Gəncəliyevin isə Bakıda müəmmalı şəkildə öldürülməsi Moskvanın  ermənipərəst siyasətinin nəticəsi idi.

Moskva o zaman hadisələrə bu cür qiymət verdi.  Moskvadan asılı olan Azərbaycanın o zamankı rəhbərliyi isə Sumqayıt hadisəsinin Azərbaycan KP  MK – nın 16 mart 1988 – ci il qərarı ilə subyektiv qiymətləndirdi.

Fikrimizcə Sumqayıt hadisəsinin obyektiv tədqiqi üçün tarixçilər hələ çox işlər görməlidirlər. Bu kimi hadisələrin obyektiv tədqiqi gələcək təxribatların qarşısının alınmasına və Azərbaycan dövlətçiliyinin inkişafına yaxından kömək göstərə bilər.

Istifadə olunmuş ədəbiyyat

—————————————————–

  1. Acı həqiqətlər. Bakı, Azərnəşr, 1991.
  2. “Aydınlıq ” qəz., Bakı ( azərb. dilində)
  3. “Azərbaycan “ qəz. Bakı ( azərb. dilində)
  4. “Azərbaycan” , Bakı ( azərb. dilində)
  5. “Azərbaycan qadını”  , Bakı (azərb. dilində)
  6. “Azərbaycan Kommunisti “ ” jur., Bakı ( azərb. dilində)
  7. “Ədəbiyyat və incəsənət “ qəz., Bakı, ( azərb. dilində)
  8. “ Xalq ”  qəz., Bakı ( azərb. dilində)
  9. İslamova O. Sumqayıt … danışan tariximizdir. Bakı, 1999.
  10. Mansurzadə A. Sumqayıt qurbanları. Sumqayıt, 1996.
  11. “ Millət ”  qəz., Bakı ( azərb. dilində)
  12. “ Respublika ” qəz., Bakı ( azərb. dilində).
  13. “ Sumqayıt ” qəz., ( azərb. dilində)
  14. Veysəlli Ə, Əliyev T. Sumqayıtın qan yaddaşı.Sumqayıt, 1998 .
  15. XİN: Adam Şiff və onun kimilər Sumqayıt hadisələri ilə əlaqədar müraciət ünvanlarını dəyişməlidirlər . APA. 02 Mart 2015
  16. “ Бакинский рабочий” газ., Баку ( на рус. языке)
  17. “ Бакинец ” газ., Баку ( на рус. языке)
  18. “Вышка”газ., Баку ( на рус.языке)
  19. “ Эхо Сумгаита” газ., Сумгаит ( на рус. языке).
  20. “Известия АН Азербайджанской ССР.” Серия истории, философии и права, Баку ( на рус. языке)
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın