Menu
Geri İrəli

Sumqayıtın millət vəkili ordu quruculuğundan yazdı

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyun 2014 • Baxış sayı: 1,202 dəfə • 1 şərh

Muxtar_BabayevZəngin təbii sərvətlərə, əlverişli coğrafi iqlimə, strateji siyasi mövqeyə malik olduğuna görə əsrlər boyu Azərbaycan davamlı olaraq güclü dövlətlərin təzyiqinə, hərbi müdaxiləsinə məruz qalıb. Ancaq öz azadlığını və dövlətçiliyini hər şeydən üstün tutan xalqımız ən güclü düşmənə qarşı mübarizədə hünər və qəhrəmanlıq nümunələri göstərərək öz mövcudluğunu qoruyub saxlaya bilmişdir. Mərd sərkərdələrin, uzaqgörən dövlət başçılarının şərəfli ömür və fəaliyyət yolu ötən qərinələr ərzində insanlarda vətən sevgisini, azadlıq hissini daha da gücləndirmiş, vətənini sevən hər bir vətəndaşın həyatının ən vacib, ən ali məqsədinə çevrilmişdir. Bu baxımdan 26 iyun – respub¬lika¬mı-zın və xalqımızın həyatında ən önəmli günlərdən biri olan Silahlı Qüvvələr günü ərə¬fə-sində Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər və orduya ümumxalq münasibəti haqqında bəzi fikirlərimi, mülahizələrimi oxucularla bölüşmək istərdim.

Azərbaycanda Milli ordunun yaranma tarixi 96 il bundan öncəyə təsadüf edir. Həm ermənilərin, həm də bolşeviklərin təcavüzünə və işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 19-da mövcud gərgin vəziyyəti nəzərə alaraq Azərbaycanda hərbi vəziyyət elan etdi, iyunun 26-da isə diviziya statusuna malik hərbi korpusun yaradılması ilə bağlı qərar qəbul olundu, beləliklə də Azərbaycanda Milli ordunun təməli qoyuldu.

Təəssüflər olsun ki, Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra müstəqilliyimizin digər atributları kimi milli ordu hissələri də ləğv edildi. Ancaq Sovet dönəmindəki bütün maneələr Azərbaycan xalqının döyüş ruhunu sarsıda bilmədi. 1939-1945-ci illərdə İkinci dünya müharibəsinin gedişi və nəticələri bu həqiqəti bir daha təs-diqlədi. Xalqımız öz zəngin hərb tarixi ənənələrinə sadiq qalaraq bu müharibədə də əsl şücaət, əzmkarlıq nümunəsi göstərdi və Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. Bu müharibədə Azərbaycandan 130-dək hərbçi Sovet İttifaqı Qəhrəmanı adına, 30 döyüşçü isə «Şöhrət» ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.

Qürurverici haldır ki, Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi ilk dövrlərdən ordu quruculuğu ön plana çəkilməyə başladı və ulu öndərin böyük səyi nəticəsində 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəb – C.Nax¬çı-vanski adına hərbi lisey yaradıldı. Bu gün Azərbaycanda ordu quruculuğundan danı¬şarkən Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonrakı mərhələyə xüsusi diqqət çəkilməlidir. Bu o dövr idi ki, cəbhədə vəziyyət çox gərgin idi. Torpaqlarımız bir-bir erməni işğalçıları tərəfindən zəbt olunurdu. Torpaqların müdafiəsi pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin və müəyyən adamların xüsusi maraqlarına xidmət edən nizamsız silahlı qruplaşmaların ümidinə qalmışdı. Vahid idarəetmə sistemi yox idi. Yalnız Heydər Əliyevin möhkəm iradəsi sayəsində 1994-cü il mayın 12-də  atəşkəsə nail olduqdan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlanıldı. Qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı problemlər öz həllini tapdı. Dövlətçiliyi və hərbi andı hər şeydən yüksək tutan, hərbçi olmağı özünə şərəf sayan, savadlı və təcrübəli zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundu. Zabit və əsgər heyətinin mənəvi və psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə, hərbi vətənpərvərlik işinin gücləndirilməsinə diqqət artırıldı. Silahlı qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan asılı olmasının əhəmiyyəti nəzərə alınaraq beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılmasına diqqət artırıldı.

İnkarolunmaz bir faktdır ki, güclü ordunun təməlində güclü iqtisadiyyat dayanır. Ulu öndər Heydər Əliyev bunu gözəl bilirdi və “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyirdi. Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsi üçün zəmin yaranmış, respublikamızın dünya miqyasında nüfuzu xeyli artmışdır. Bu müqavilə digər sahələr kimi ordu quruculuğunun da yüksələn xətlə inkişafına təkan vermişdir. 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələri NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq etməyə başlamışdır. Hər il NATO-Azərbaycan Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində silahlı qüvvələrimizin 1000-dən çox şəxsi heyəti müxtəlif hərbi tədris kurslarında və müəyyən təlimlərdə iştirak edir. Eyni zamanda Silahlı Qüvvələrimizin sülhməramlı bölmələri 1999-cu ilin sentyabrından başlayaraq Kosovada, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Qüvvələr tərkibində xidmət edirlər.

Bu gün dövlətin diqqət və qayğısı sayəsində hərbi hissələr üçün yetərincə yeni binalar – əsgəri-məişət-yaşayış kompleksləri, müxtəlif təyinatlı obyektlər tikilmiş, bu hissələrin silah-sursatla təminatı qat-qat yaxşılaşdırılmışdır. Artıq Azərbaycan əsgərinə və zabitinə ictimai münasibət də köklü surətdə dəyişilmişdir.

Bu bir həqiqətdir ki, Azərbaycan əsgərinin cəsur bir döyüşçü kimi formalaşması üçün hər bir gənc ordu sıralarına böyük inamla getməlidir. Övladını yola salan hər bir valideyn onun sağ-salamat qayıtmasına əmin olmalıdır. Ordu hər bir xalqın qürur mənbəyi, ümid yeridir. Hər bir valideyn öz övladını orduya, dövlətə əmanət edir. Dövlətin də vəzifəsi bu övladlara sahib çıxaraq onları hərbi taktikaya yiyələndirmək, xidmət dövrü başa çatdıqdan sonra isə hazır döyüşçü kimi ehtiyata – sağ-salamat ailəsinə dönməsini təmin etməkdir. Aydın məsələdir ki, vətənini, torpağını, xalqını, millətini, ailəsini sevən hər bir gənc – hərbi xidmətdə və ya ehtiyatda olmasından asılı olmayaraq, lazım gəldiyi anda vətən uğrunda canını belə əsirgəməməyə hazır olmalıdır.

Təqdirəlayiq haldır ki, son illərdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də  çox işlər görülüb. Hərbi xərclər, eyni zamanda, orduya ayrılmış vəsait son 5-6 il ərzində bir necə dəfə artmışdır. Çoxlu müasir hərbi texnika, silah-sursat alınmışdır. Bu proses bu gün də davam etdirilir. Bununla bərabər, son dövrlərdə Azərbaycanda Hərbi Sənaye Kompleksi, Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır ki, bu nazirliyin nəzdində onlarla zavod fəaliyyət göstərir və yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir. Yeni hərbi istehsal sahələrinin yaradılması xarici silah bazar¬larından asılılığımızı azaldır. Bütün bunlar dünya birliyinə Azərbaycanın hər an işğal altında olan torpaqlarını azad etmək imkanına malik olduğunu etiraf etdirir. Ancaq xalqın mənafeyini əks etdirərək daim sülh, həmrəylik və əmin-amanlıq tərəfdarı olan möhtərəm Prezidentimiz İlham Əliyev çalışır ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli, Azərbaycanın ərazi bütövlüyü qorunmaqla və danışıqlar yolu ilə həll olunsun ki, qan tökülməsin.

Bir məsələni də unutmaq olmaz ki, gənclərə hərbi vətənpərvərlik tərbiyəsi, hərbin sirlərinə yiyələnmək, silah-sursatla davranış qaydaları yalnız hərbi xidmət yerlərində öyrədilməli deyil. Müharibə şəraitində olan bir ölkədə gənclərin hərbi xidmətə hazırlanması, vətənpərvərlik ruhunun aşılanması ilk öncə məktəbdən, ailədən, həm də yaşadığı həyətdən başlanmalıdır. Hər bir ailə qarşısına müqəddəs bir vəzifə qoymalıdır: orduya həm zehni, həm də fiziki cəhətdən sağlam əsgər hazırlamaq. Və bunu özünə fəxr bilməli, vətəndaşlıq qayəsi saymalıdır.

Məktəblərdə və digər təlim-tədris müəssisələrində hərbi hazırlıq dərsləri günün tələbləri səviyyəsində qurulmalı, hər bir dərs və məşğələ yüksək keyfiyyət kəsb etməlidir. Hərbi hazırlıq müəllimləri şagirdlərə təkcə avtomatı söküb yığmağı öyrətməklə işlərini bitmiş hesab etməli deyillər.

Unutmaq olmaz ki, xalq öz ordusundan hansı tələbdə bulunursa, birinci növbədə özünə qarşı da o dərəcədə tələbkar olmalıdır. Çünki əsgərlərin həm zehni, həm də fiziki cəhətdən necə hazırlıqlı olmaları vərəndaşların övladlarını orduya hansı səviyyədə göndərmələrindən çox asılıdır. Elə olmalıdır ki, orduya xidmətə çağrılan hər bir gənc bu xidməti özünün şərəf işi, namus, qeyrət məsələsi, kişilik borcu və vətəndaşlıq qayəsi saysın ki, sabah məqamı gələndə düşmən qarşısında mərdliklə, dəyanətlə duruş gətirə bilsin.

Orduya gedəcək gənclərin hərtərəfli hazırlığı üçün Azərbaycanda dövlət tərəfindən bütün lazımı işlər görülür. Bunun üçün kompleks şəkildə müasir dünya standartlarına cavab verən baza sistemi qurulur. Unutmaq olmaz ki, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi prosesi həm də  bu və ya digər dərəcədə təhsil prosesi ilə bağlıdır. Belə məsuliyyətli işin yüksək səviyyədə təşkilinin əsas vəzifələrindən biri də orta məktəblərdə, ali təhsil müəssisələrində hərbi-vətənpərvərlik tərbiyəsinin rolunu yüksəltməkdən ibarətdir. Dövlət rəmzləri sadəcə nümayiş xarakteri daşımır. Müxtəlif tədbirlər vasitəsilə gənclər dövlət rəmzlərinin əhəmiyyəti barədə məlumat¬lan-dırılmalı, onların mənşəyi və kəsb etdiyi məna məktəblilərə, tələbələrə izah edilməlidir.

Ordu ilə xalqın sıx birliyinin təmin edilməsi istiqamətində birmənalı şəkildə ailənin, məktəbin və gənclərin məskunlaşdığı mikrorayonların, məhəllələrin, qəsəbələrin ziyalılarının, ağsaqqallarının vahid bir sistem ətrafında birləşərək, təlim-tərbiyə, təbliğat və təşviqat işini bərabər şəkildə həyata keçirmələri mütləqdir. Bu birgə iş eyni zamanda sosial şəbəkələr vasitəsilə də aparıla bilər. Məqsəd isə odur ki, gənclər həm hərbi xidmətə mənəvi, hərbi-texniki və fiziki cəhətdən hazır olsunlar, həm də hərbi qulluğun bütün çətinliklərinə sinə gərən, müstəqilliyimizin qorunması, ərazi bütövlü¬yümüzün bərpa olunması  istiqamətində üzərinə düşən bütün vəzifələrinin öhdəsindən layiqincə gəlməyə qadir olan möhkəm əqidəli vətənpərvərlər kimi yetişsinlər.

 

Muxtar Babayev,

 «Azərikimya» İstehsalat Birliyinin  Müşahidə Şurasının sədri,

Milli Məclisin deputatı

Facebook Şərhləndirmə:

“Sumqayıtın millət vəkili ordu quruculuğundan yazdı” yazısına bir cavab

  1. Rza deyir:

    Onun vaxtı hardandır ki, bunu yazsın. Çox guman ki, yazdirıb kiməsə

Şərhinizi yazın