Menu
Geri İrəli

Vadidəki qurdların çaqqallaşması

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Fevral 2014 • Baxış sayı: 446 dəfə • Şərh yoxdur

Aqil Abbas
aqil abbas

Kurtlar Vadisi Pusu»! Qardaşlarımızın çəkdiyi bu serial çoxdan Türkiyənin sərhədlərini aşıb. Baxımlı filmdi, gözəl də musiqisi var. Aktyor oyunlarına da söz ola bilməz. Və bu film Azərbaycanda da sevilir. Cümə axşamları rəhmətə getmiş əzizlərinə «Quran» oxutmağı yaddan çıxarsalar da, bu filmi izləməyi yaddan çıxarmırlar.

 Bu film əvvəllər bir qəhrəmanlıq dastanı olsa da, sonradan bəzi siyasi dairələrin təsiri ilə tam siyasiləşdi. Hətta gündəmi bəlirləməyə başladı. Olsun, sözümüz yox. Bu film haqqında ötənlərdə silsilə məqalələr yazmışdım, filmdəki bəzi nüanslara toxunmuşdum. Bir azərbaycanlı kimi heysiyyatıma dəyən yerlər olduğuna görə umu-küsümü bildirmişdim, amma nədənsə məni qınayanlar çox oldu. Olsun. Yazı yazanda ürəyimdəkiləri yazıram, kimlərin bu yazını necə qarşılayacağı məni maraqlandırmır.

 Məsələ nədi? Filmin son iki seriyasında Azərbaycana çox ciddi sataşmalar var. Özü də siyasi sataşmalar. Bir qardaşın başqa bir qardaşı aşağılamasına nə ad vermək olar?

 Ümumiyyətlə, son zamanlar türk seriallarında Azərbaycana sataşmalar diqqət çəkir. Məsələn, «Möhtəşəm yüzyıl» filmində xalqımızın az qala inanclarından birinə çevrilmiş Şah İsmayıl aşağılanır, Səfəvi dövləti fars dövləti kimi təqdim olunur və sair və ilaxır.

 Qayıdaq «Kurtlar Vadisi»nin son iki seriyasına. Bəli, qurdlar Türkiyənin Başbakanının İrana səfəri ərəfəsində (səfər bu günlərdə gerçəkləşmişdi) Azərbaycana gəlirlər. Özləri demişkən, burda böyük «operasyon» həyata keçirirlər. Məlum olur ki, ruslar Başbakanın İrana səfəri zamanı ona sui-qəsd eləmək və bununla da Türkiyə-İran münasibətlərinə zərbə vurmaq və eləcə də Türkiyəni qarışdırmaq istəyirlər. Və bu işdə də ruslara bizlər dəstək veririk. Və qardaşlarımız çəkinmədən bizləri «rus uşağı» adlandırırlar. Biz uşağa «uşaq» deyirik, türklər «nökərə».

 Məntiqsizlik çoxdu, Karanın bura gəlməsi, burdakı «igidlikləri», İrana getməsi, ordakı «igidlikləri», sərhəddən keçmək istərkən Bəxtiyar adlı birisini xilas etmək üçün geri dönməsi. Bu Bəxtiyar kimdi, hardan hop eləyib düşüb bura? Hansısa özəl şirkətin həyətinə girib bizləri sərçə kimi qırması və burda da özbəklərin onlara dayaq durması. Və çox maraqlıdır ki, Özbəkistan Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlər Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdən bir az fərqlidi, yəni daha pisdi.

 Türkiyə bizim qardaşımızdı. Türkiyənin Başbakanına atılan gülləyə Azərbaycan sinəsini verər. Eləcə də Türkiyəyə atılan gülləyə Azərbaycan sinəsini verər. Buna onlarla misal çəkə bilərəm. İnanıram və eləcə də bilirəm ki, Türkiyə də Azərbaycana atılan gülləyə sinəsini verər. Elə isə bu filmi yapanların məqsədi nə? Bu hansı siyasi dairənin sifarişidi? Bu filmə dedim ki, dünyada baxırlar. Bizim nüfuzumuza dünyada xələl gətirmək Türkiyənin hansı siyasi dairəsinin marağındadı? Azərbaycan xalqını Türkiyədən incik salmaq kimə sərf edir? Özü də Türkiyənin indiki vəziyyətində. Türkiyənin Suriyaya dönə biləcəyinin 10-15 addımlığında olan bir vaxtda.

 Mənim «Dolu» romanımda bir yer var. 1990-92-ci illərdir. Bir ana həsrətlə gözləyir ki, türklər gələcək və bizə dəstək olacaq. Hər gün döyüşçü oğlundan soruşur ki, türklər gəlmədi, bəs harda qaldılar? Oğlu da cavab vermir. Axırda bir gün yenə soruşanda ki, türklər gəlmədi?

 - Gəliblər, ay ana, gəliblər.

 - Allaha şükür. Bəs hardadılar?

 - Bakıdadılar, ay ana.

 - Nə edirlər?

 - Dönərxana tikirlər.

 - Dönərxana nədi, ay oğul?

 - Avtomat zavodu.

 - Buy, onlara qurban olum, buy, onların başına dönüm. Allah, sən özün onlara kömək ol.

 «Dolu» filmi çəkilərkən montaj zamanı rejissor Elxan Cəfərovla belə qərara gəldik ki, bu epizodu başqa cür verək, çünki burda türklər aşağılanır. Niyə qardaşlarımızı aşağılayaq, çünki buna dünyada baxacaqlar, qardaşlarımızı dünyada gözdən salmayaq. Və epizodu belə təqdim elədik.

 - Bəs, bu türklər niyə gəlmədi?

 - Gəliblər, ay ana, gəliblər.

 - Buy, onlara qurban, Allah, sənə şükür.

 Biz buyuq.

 Türkiyə Ermənistanla sərhədləri açmaq istəyən zaman da filmdə Azərbaycan aşağılanmışdı, azərbaycanlılar aşağılanmışdı. Silsilə yazıda bunu qeyd etmişdim, təkrar yazmıram, dərc edərəm oxuyarsız.

 Və sonda. Məşhur futbolçumuz Ələkbər Məmmədov SSRİ yığma komandasında oynayanda Türkiyənin qapısına, yadımdan çıxıb, üçmü-dördmü top vurmuşdu.

 Türk şərhçi bir azərbaycanlının Sovet komandasında oynamasını fəxarətlə dinləyicilərə çatdırırmış.

 - Əti-ətimizdən, qanı-qanımızdan müsəlman qardaşımız topladı.

 Hər dəfə belə təqdim edərmiş. Sonra Ələkbər Məmmədov bir top vurdu. Şərhçi bunu da gözəl təqdim edir ki, əti-ətimizdən, qanı-qanımızdan müsəlman qardaşımız gözəl bir top vurdu. Sonra ikincisini vurur, şərhçi dilxor olmağa başlayır. Bundan sonra top Ələkbər Məmmədovda olanda deyir:

 - Əti-ətimizdən, qanı-qanımızdan olan gavurlara satılmış müsəlman qardaşımız yenə topladı.

 Üçüncü topu vuranda şərhçi deyir:

 - Əti-ətimizdən, qanı-qanımızdan olan müsəlman qardaşımız bokladı!

 «Kurtlar Vadisi» bu dəfə bokladı.

 adalet.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın