Menu
Geri İrəli

Vəzifədən yapışmaq…

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2015 • Baxış sayı: 765 dəfə • Şərh yoxdur

raminee

Raminə Eyvazqızı

Bir həftə qabaq Rumıniyada gecə klublarından birindəki faciədən sonra ölkənin baş nazirinin istefa verməsi təəccüb yaradır. Bir qrup gənc konsertdə kef çəkəcək, coşqunun dozasını qaçırıb bağlı məkanda fişəng atacaq, çanaq da baş nazir başında çatlayacaq. Atılan fişəngdən yaranan yanğında ölən və yaralanların olması faciədir. Sözsüz. Sual çıxır, dəlisov gənclərin məsuliyyətsizliyi və məkanın təhlükəsizlik xidmətinin zəif olmasının baş nazirə nə dəxli? Küçələrə çıxan minlərlə insanın nazirləri günahlandırması insafdandırmı? Ən azı şəhərin bir qədər aşağı vəzəfəlilərini təqsirləndirmək olmazdımı?

Bütün dövrlərdə baş verən etiraz hərəkatları beləcə xırda səbəb, qığılcım üzündən partlayıb. Bu da o qəbildən olandandır ki, nəticədə baş nazir Viktor Ponta ədəb- ərkanla istefasını verdi. Etirazçılar hələ də dincəlmədi. İstefa –bir mədəniyyətdir. İstefa mədəniyyətli vəzifə sahibi lazım gələrsə getməyi ilə də barışıq olmalıdır. İstefa –məsuliyyətini qandığından xəbər verir. “Qələtini etmisən”, “peşmansan” siqnalını ötürür. Onsuzda peşimançılığın rentgeni yoxdur ki.

Buxarestdə gecə klubunda baş verən yanğın bizə tanış olan tezalışan penoplasdan meydana gəlmişdi. Hadisənin məlum Binəqədi faciəsi ilə tək bənzərliyi qurbanların olmasıdır. Bu gün vaxtiylə istefasını dördgözlə arzuladığımız Binəqədi icra hakimi Xaləddin İsgəndərovun kefi yaxşıdır. Bu dəfə o intihara cəhd edəni “uşaq başı aldatmaq”priyomu ilə saxlamağa çalışır. Buna supermənlik də demək olar.

Hansı vəzifədə olursan ol, istəyirsən lap iyirmi il deputat ol (necə ki varımızdı) vaxt çatanda qanacaq çərçivəsində şələ-küləni götürüb getmək də böyüklükdür. Bizlər üçün bu nəhəng jest olardı. Yəni, olardı. Hətta vəzifəliyə bu halda mərhəmət də edə bilərik. Lap ötən ay istefa verən (israfçılıq qalmaqalı səbəbindən) Roma meri İqnatsyo Marinonu yenidən işinə qaytarmaq istəyən camaat kimi. Əslində, bu situasiyanın bizim merimizə heç bir halda dəxli yoxdur. Çünki belə bir istefanın olmayacağına adımız kimi əminik. Muştuluq vermək və almaq arzusunda olanlarımız var. Pusqumuzu tor basıb.

Nəhayət, bu günün eks naziri Eldar Mahmudovun arxada buraxdıqları. Günün hansı saatındasa onun növbəti “adamı”nın həbsini gözləmək vəzrdişimiz yaranıb. Adamın da bu qədər adamı olarmış və adam da atasının (Əhməd Mahmudov) büstünü yıxdıracaq qədər “iş” görərmiş. Mərhum akademik Əhməd Mahmudovun adını daşıyan gəmi də bir gün bata bilər. “Özün batınca, adın batsın” ağır qarğışdı, vallah.

Ədəb -ərkanla vəzifədən getmək gözəldi. Ölkə diplomatiyasında belə xoşbəxtlər olub. İstər istefa, istər azad olma. Misal üçün, vəzifədən azad olan eks xarici işlər nazirləri Tofiq Zülfüqarov, Vilayət Quliyev. Birincisi Latviyada, ikincisi Macarıstanda ölkəmizin səfiri adını daşıyır. Necə də bəxtəvərdirlər…

Facebook Şərhləndirmə:

Şərhinizi yazın